Məhkəmə qərarları › İş №2(105)-2171/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2171/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2171/2020 05.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun və vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-8210/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın təmin edilməsi, Cavabdeh 22000 manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 361.3. maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.4.1. maddəsinin məzmununa görə apellyasiya və kassasiya şikayətləri verilməsi üçün həmin qanunun 8.1ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş mədaxil qəbzinə əsasən 10 manat ödəniş edilmişdir. Qanunvericiliyin tələbinə əsasən apellyasiya şikayətinin verilməsi üçün birinci instansiya məhkəməsində ödənilmiş dövlət rüsumunun 50 faizi məbləğində ödənilməlidir. Birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayəti verərkən dövlət rüsumunun məbləğinə diqqət yetirməmiş, apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.1.2. maddəsinə əsasənapellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə qaytarılır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği az olduğundan, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, Sumqayıtşəhərməhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinə Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt şəhər məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar