Məhkəmə qərarları › İş №2(105)-2173/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2173/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2173/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, cavabdeh Əlizadə (Quliyeva) Nərmin Qalib qızının iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-960/2021 saylı qətnaməsindən cavabdeh N.Q.Əlizadə (Quliyeva) tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-960/2021 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilib, cavabdehlər Əlizadə (Quliyeva) Nərmin Qalib qızı və Cavabdeh2 əsas borc olaraq 14460 (on dörd min dörd yüz altmış) manat və məhkəmə xərci olaraq 30 (otuz) manat olmaqla, ümumilikdə 14490 (on dörd min dörd yüz doxsan) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh N.Q.Əlizadə (Quliyeva) apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-960/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdeh Nərmin Əlizadə (Quliyeva) ilə 24 iyun 2016-cı il tarixdə 28600 (iyirmi səkkiz min altı yüz) manat məbləğində notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən cavabdeh almış olduğu məbləği 24 oktyabr 2018-ci il tarixinə kimi qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, həmin borcun 13440 manat məbləği cavabdeh tərəfindən ödənilmiş, qalan 15160 manat məbləğində ödəniş isə müqavilədə nəzərdə tutulmuş müddətdə geri qaytarılmamışdır. Öhdəliyin icrası üçün müqavilədə müəyyən edilmiş müddətin bitməsindən 2 aya yaxın vaxtdan sonra, 12 dekabr 2018-ci il tarixdə Cavabdeh2 tərəfindən Quliyev Nurunun şahidliyi ilə ərizə verilmişdir. Cavabdeh2 X3 əridir. Cavabdeh2 kredit müqaviləsindən qalan 15160 manat məbləği ödəməyi öhdəsinə götürmüş, N.Ə.Quliyeva ilə birgə məsuliyyət daşıdığını bildirmişdir. Ərizədə məbləğin hissə-hissə 01.06.2020 tarixinə qədər bütövlükdə ödəniləcəyi qeyd olunmasına baxmayaraq, ödəniş 01.02.2019 tarixindən sonra dayandırılmışdır. Beləliklə, Z.Ə,Quliyev ərizə əsasında üzərinə götürdüyü öhdəlikdən yayınmış, ödənilməli olan məbləğin cəmi 700 manatını ödəməklə ona xeyli miqdarda zərər vurmuşdur. Zərərin ödənilməsi haqqında Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, cavabdehlər əsas borc kimi müqaviləyə uyğun olaraq ödənilməmiş 14460 (on dörd min dörd yüz altmış) manat həcmində məsuliyyət daşıyırlar. Eyni zamanda, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Öhdəliyin icrası üçün Müqavilədə nəzərdə tutulmuş müddətdən 16 ay keçdiyinə görə ödənilməmiş məbləğin illik 5 faizi hesablanır və 960 (doqquz yüz altmış) manat cərimə borcu kimi əlavə olunur. Gecikdirilmə müddətində ödənilməli olan məbləğdən əldə oluna biləcək gəlirdən məhrum olduğuna görə minimum depozit faizi ilə əldən çıxmış fayda olaraq illik 9 faizlə 1735 (min yeddi yüz otuz beş) manat cavabdehlərdən tələb edir. Ona görə də, cavabdehlər Əlizadə (Quliyeva) Nərmin Qalib qızından və Cavabdeh2 əsas borc olaraq 14460 (on dörd min dörd yüz altmış) manat, cərimə borcu olaraq 960 (doqquz yüz altmış) manat, əldən çıxmış fayda olaraq 1735 (min yeddi yüz otuz beş) manat, məhkəmə xərci olaraq 30 (otuz) manat olmaqla, ümumilikdə,17185 (on yeddi min yüz səksən bes) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh N.Q.Əlizadə (Quliyeva) verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 08 fevral 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin və Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh N.Q.Əlizadə (Quliyeva) apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən cavabdehin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh N.Q.Əlizadə (Quliyeva) tərəfindən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materillarında olan 24 iyun 2016-cı il tarixli notarial qaydada təsdiq olunmuş kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı borcalan Əlizadə (Quliyeva) Nərmin Qalib qızına 28600 (iyirmi səkkiz min altı yüz) manat məbləğində borc vermiş, cavabdeh almış olduğu məbləği 24 oktyabr 2018-ci il tarixinə kimi qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh2 12 dekabr 2018-ci il tarixdə, Xırdalan şəhərində yazmış olduğu ərizədən görünür ki, Cavabdeh2, 24.06.2016-cı il tarixli kredit müqaviləsi üzrə yaranmış 15160 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüş, həmin müqavilə üzrə Cavabdeh1 ilə birlikdə o da İddiaçı qarşısında birgə məsuliyyət daşımağı, həmin məbləği 01.01.2019-cu il tarixdən 01.06.2020-ci iil tarixinədək hər ay 350 manat (sonuncu ay 9210 manat) ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin ərizədə 2 ay, hər dəfə 350 manat olmaqla, cəmi 700 manat ödəniş edildiyi sadə əl yazısı ilə «verdi +» yazılmaqla qeyd edilmiş və həmin ərizə Cavabdeh2 və Quliyev Nuru adlı şəxslərin imzaları ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1 və 740.2-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Əlizadə (Quliyeva) Nərmin Qalib qızından əsas borc olaraq 14460 (on dörd min dörd yüz altmış) manat və məhkəmə xərci olaraq 30 (otuz) manat olmaqla, ümumilikdə 14490 (on dörd min dörd yüz doxsan) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh N.Q.Əlizadə (Quliyeva) apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin cavabdeh N.Q.Əlizadəyə (Quliyevaya) aid hissədə apelyasiya qaydasında dəyişdirilmədən və apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh N.Q.Əlizadə (Quliyeva) tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-960/2021 saylı qətnaməsi cavabdeh N.Q.Əlizadəyə (Quliyevaya) aid hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar