Məhkəmə qərarları › İş №2(105)-2175/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2175/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2175/2021 14.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(012)-83/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(012)-83/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı X5 açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında Cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayətinin mümkünlük məsələsinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdı. İddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında cavabdehin qətnamədən verdiyi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 cavabdehin qətnamədən verdiyi apellyasiya şikayətinin mümkünlük məsələsinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdı. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin fikirlərini dinləyib, Cavabdeh1 apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. İşdən görünür ki, Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(012)-83/2021 saylı qətnaməsindən apellyasiya şikayəti versə də, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin ksero surətini əlavə etmişdir. Azərbaycan Respublikası MPM-nin 108.1.4-cü maddəsinə görə apellyasiya şikayətləri verildikdə, dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” qanunun 8.4.1-ci maddəsində göstərilir ki, apellyasiya və kassasiya şikayətlərinə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu tutulur. Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(012)-83/2021 saylı qətnaməsindən apellyasiya şikayəti versə də, apellyasiya şikayətinə birinci instansiya məhkəməsinə müraciət edilərkən müəyyən edilmiş məbləğin 50 faizi miqdarında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əslini əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən, yuxarıda qeyd edilən hala əhəmiyyət verməmiş, Cavabdeh1 apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin ksero surətinin əlavə edilməsini araşdırmayaraq apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Qeyd edilən hal müzakirə edilmədən apellyasiya şikayətinin apellyasiya instansiyasına göndərilməsi apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 363.4-cü maddəsinin mənasına görə Cavabdeh1 göstərilən nöqsanı aradan qaldırdıqdan sonra yenidən məhkəmə qətnaməsindən ümumi qaydada apellyasiya şikayəti vermək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, cavabdehin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(012)-83/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar