Məhkəmə qərarları › İş №2(105)-2175/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2175/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2175/2023 21.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(029)-853/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc qalmış 6500 manat və 95 manat dövlət rüsumunun cəmi 6595 manatın alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(029)-853/2023 nömrəli qərardadı ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Bu qərardaddan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə mövqeyi tamamilə əsassızdır. Belə ki, məhkəmə bu nəticəyə gələrkən işin faktiki hallarını tam araşdırmamışdır. İddia ərizəsində cavabdehin soyadı ata adı və adı, ünvanı və telefon nömrəsi qeyd edilmişdir. İddia ərizəsi isə iddiaçının nümayəndəsi tərəfindən imzalanmışdır. Belə olan halda məhkəmənin qeyd edilən əsasla iddia ərizəsini geri qaytarması əsassız hesab edilməlidir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Qusar Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-853/2023 nömrəli qərardadı ləğv edilməli, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinin yoxlanılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gələrkən iş üzrə tərəflərin eyniləşdirmə məlumatlarının məhkəməyə təqdim edilməməsinə istinad etmişdir. Qərardadda tərəflərin şəxsiyyət vəsiqəsinin surətlərinin işə əlavə edilməməsi, habelə Elektron Məhkəmə İnformasiya Sistemində axtarışdan tərəflərə aid anket məlumatlarının əldə edilməməsi qeyd edilmişdir. Halbuki işin tədqiq olunan faktiki hallarından müəyyən edilir ki, İddiaçı Qazaxıstan Respublikası vətəndaşı olmaqla Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi olan şəxsdir. Onu hazırkı iş üzrə məhkəmədə xx.xx.2023cü il tarixli etibarnamə və xx.xx.2023-cü il tarixli order əsasında vəkil və nümayəndə qismində Nümayəndə təmsil edir. Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan isə görünür ki, Cavabdeh xx.xx.1957-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş Qusar Rayon İcra Hakimiyəti Başçısının Qalacuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 362 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda müvəqqəti olaraq Qusar rayonu, Qalacuq kəndində yaşayır. Sadalananlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini yuxarıda qeyd edilən əsasla geri qaytarmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Bu Məcəllənin 149.2-ci maddəsinə əsasən iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Bu Məcəllənin 152.1.1-ci maddəyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda sadalananlara əsasən kollegiya qeyd edir ki, iddia ərizəsinin qeyd olunan əsasla (tərəflərin eyniləşdirmə məlumatlarının olmaması, anket məlumatlarında yetərsizlik) geri qaytarılması barədə mövqeyi işin faktiki halına uyğun olmadığı kimi, tərəfin qanunla müəyyən edilmiş məhkəmə müdafiəsi hüququnun da məhdudlaşdırılmasına səbəb olmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(029)-853/2023 nömrəli qərardadı ləğv edilməli və mülki iş iddianın icraata qəbul edilib-edilməməsi məsələsinə qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün Qusar Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(029)-853/2023 nömrəli qərardadı ləğv edilsin. Mülki iş iddianın icraata qəbul edilib-edilməməsi məsələsinə qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün Qusar Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar