Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2177/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(012)-1536/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(012)- 1536/2021 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilib, «BOSCH» markalı kombi üçün 425 (dörd yüz iyirmi beş) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə olmaqla, cəmi 430 (dörd yüz otuz) manat, «X4 10+» markalı telefon üçün 2640 (iki min altı yüz qırx) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə olmaqla, cəmi 2650 (iki min altı yüz əlli) manat borc olmaqla, ümumilikdə 3080 (üç min səksən) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3110 (üç min yüz on) manat borcun Cavabdeh “xxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(012)- 1536/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC ilə bağladığı 23.01.2019cu il və 05.11.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən «BOSCH» markalı kombi və İMEİ kodu **********16502 olan «X4 10+» markalı mobil telefon almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 23.01.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1530 (min beş yüz otuz) manat (18 ay x 85 manat + 0 manat ilkin ödəniş) «BOSCH» markalı kombi üçün ümumilikdə 552 (beş yüz əlli iki) manat olmaqla ondan, 425 (dörd yüz iyirmi beş) manat ödənilməmiş hissə, 127 (yüz iyirmi yeddi) manat dəbbə və 05.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3099 (üç min doxsan doqquz) manat (12 ay x 240 manat + 219 manat ilkin ödəniş) İMEİ kodu **********16502 olan «X4 10+» markalı mobil telefon üçün ümumilikdə 3432 (üç min üç yüz otuz iki) manat olmaqla ondan 2640 (iki min altı yüz qırx) manat ödənilməmiş hissə, 792 (yeddiyüz doxsan iki) manat dəbbə pulu hesablanmışdır. Cavabdeh ümumilikdə 1564 manat pul ödənişi etmişdir. Ona görə də, 23.01.2019-cu il tarixli müqaviləyə əsasən «BOSCH» markalı kombi üçün 425 (dörd yüz iyirmi beş) manat ödənilməmiş hissə, 127 (yüz iyirmi yeddi) manat dəbbə və 05.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********16502 olan «X4 10+» markalı mobil telefon üçün 2640 (iki min altı yüz qırx) manat ödənilməmiş hissə, 792 (yeddi yüz doxsan iki) manat dəbbə pulu olmaqla, ümumilikdə 3984 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4014 manat pulun Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 08 aprel 2021-ci il tarixli qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçıya olan borcunu ödəməkdən yayınmır. Lakin birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş mövcud borcla bağlı məbləği həqiqəti əks etdirmir və borc məbləği şişirdilmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Y.M.Məmmədov apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” MMC və Cavabdeh arasında bağlanmış 23.01.2019-cu il tarixli, 00481976 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 18 aya 85 manat aylıq icarə haqqı ödəniş ödəmək şərti ilə «BOSCH» markalı kombi almışdır. “xxxx” MMC və Cavabdeh arasında bağlanmış 05.11.2019-cu il tarixli, 01029166 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 18 aya 128 manat aylıq kredit haqqı + 219 manat ilkin ödəniş ilə «X4 10+» markalı mobil telefon almışdır. 20 noyabr 2020-ci il tarixli maliyyə arayışı və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilməmiş, cavabdeh 20 noyabr 2020-ci il tarixə 1564 manat ödəniş etmiş, nəticədə onun aldığı BOSCH» markalı kombi və «X4 10+» markalı mobil telefon üçün 3065 manat ödənilməmiş hissə, 919 manat dəbbə olmaqla ümumilikdə 3984 manat borcu vardır. 12 noyabr 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, “xxxx”MMC pretenziya qaydasına riayət edərək Cavabdeh borcu qısa bir zamanda ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər arasında 23.01.2019-cu il və 05.11.2019-cu il tarixli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin Müqavilə hüququ adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən «BOSCH» markalı kombi üçün 425 (dörd yüz iyirmi beş) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 430 (dörd yüz otuz) manat, «X4 10+» markalı telefon üçün 2640 (iki min altı yüz qırx) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 2650 (iki min altı yüz əlli) manat borc olmaqla, ümumilikdə 3080 (üç min səksən) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası işin hüquqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirmədən və apelyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(012)- 1536/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2177/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2177/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver