Məhkəmə qərarları › İş №2(105)-218/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-218/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-218/2025 15.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-277/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6663,85 manat əsas borcun, 694,6 manat faiz, cəmi 7358,45 manat borcun və 93,58 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGTK4675046B226 saylı kredit müqaviləsinə əsasən ona illik 21 % dərəcəsi ilə 59 ay müddətinə geri qaytarılması şərti ilə 6663,85 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 6663,85 manat əsas, 694,6 manat faiz, cəmi 7358,45 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-277/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi təmin edilmiş, Cavabdeh 6663,85 manat əsas borc, 694,6 manat faiz borcu olmaqla, cəmi 7358,45 manat borc və 93,58 manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

5. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 446.1, 445, 739-cu çaddələrinə istinad edərək istinad edərək iddianı təmin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər

7. Cavabdeh apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-277/2024 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə xx.xx.2023-cü il tarixli RGTK4675046B226 saylı Kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən ona illik 21 % olmaqla, 59 ay müddətinə 6663,85 manat məbləğində kredit verilmişdir. Müəyyən müddət ödənişləri həyata keçirtsə də sonradan maddi durumunda yaranmış çətinlik ucbatından ödənişlərdə gecikmələr olmuşdur. Dəfələrlə bankın əməkdaşlarını məlumatlandırsa da razılığa gələ bilməmişlər. Hətta kredit müqaviləsinin müddəti bitmədən bu iddia ilə məhkəməyə müraciət etmişlər. Düzdür müəyyən maddi çətinliklərlə, problemlərlə əlaqədar olaraq müqavilə üzrə öhdəliklərin icrasında problem yaranıb və onun həqiqətən də gecikdirilmiş borcu vardır. Lakin bu borc bank tərəfindən şişirdilmişdir. Məhkəmənin gəlmiş olduğu nəticə tamamilə qanunsuz və əsassızdır. Məhkəmə yalnız iddia verilən günədək gecikdirilmiş əsas borcu və faiz borcu tuta bilərdi. Hərçənd ki, heç buna da gərək yoxdur. O, dəfələrlə banka müraciət edərək gecikdirilmiş borcu ödəmək istədiyini bildirsə də ona real rəqəm deyilməyib, şişirdilmiş rəqəmləri ödəmək tələb olunmuşdur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Tez-tələsik qərar verməklə onun qanunla qorunan hüququnu pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, krediti götürəndə işləyirdi, işdən çıxdıqdan sonra ödəniş edə bilməmişdir. Borcun hissə-hissə, ayda 50-100 manat ödəyə bilər. Əsas borcu qəbul edir, faiz borcunu qəbul etmir. Çünki faiz borcunu ödəyə bilməyəcəkdir.

11. İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, apellyasiya şikayəti qətnamənin ləğvi üçün əsas deyil. Belə ki, müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğundan iddiaçı tərəfin haqlı iddiasına səbəb olmuşdur. Hesab edir ki, cavabdeh bu cür şikayətin verməklə işin müəyyən müddət uzatmaq məqsədi daşıyır. Müqavilənin şərtlərini hər iki tərəf vaxtında icra etməlidir. Apellyasiya şikayətində qeyd edilənlər qətnamənin ləğvi üçün əsas ola bilməz. İşə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin rədd olunması və qətnamənin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. RGTK4675046B226 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh müəyyən müddətə məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq, illik 21% olmaq şərti ilə 59 ay müddətinə 6663,85 manat kredit verir. Borcalan krediti və kredit üzrə hesablanacaq faizləri müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür.

13. 2024/104/11087 saylı, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 6663,85 manat əsas, 694,6 manat faiz, cəmi 7358,45 manat borcu yaranmışdır.

14. 7-308-16MH/9217 saylı, xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən banka borcu olması barədə məlumatlandırılmışdır. Bildirilmişdir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

16. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

18. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-277/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-277/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, İddiaçı ASC Cavabdeh illik 21% olmaq şərti ilə 59 ay müddətinə 6663,85 manat kredit verilmiş, İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra edərək müəyyən edilmiş məbləği cavabdehə versə də müqavilə şərtləri borcalan tərəfindən lazımı qaydada icra edilməmiş və nəticədə borcalanın banka 6663,85 manat əsas, 694,6 manat faiz, cəmi 7358,45 manat borcu yaranmışdır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır.

21. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən verilmiş borc məbləğinə illik 21 faiz həcmində faiz hesablanması nəzərdə tutulduğundan iddiaçı cavabdehdən əsas borca görə faiz borcu tələb etməkdə də haqlı olmuşdur.

22. Məhkəmə kollegiyası borc məbləğinin şişirdilməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, cavabdeh kredit müqaviləsi bağlandıqdan sonra ümumiyyətlə hər hansı bir ödəniş etməmişdir ki, əsas borc üzrə hər hansı bir vəsaitin ödənilməməsi və ödəniş cədvəlinə əsasən 6663,85 manatlıq əsas borc məbləğin aylıq hesablanmalı olan faiz məbləğinin 116,92 manat olması nəzərə alındıqda, altı aylıq müddət üçün hesablanmış 694,6 manatlıq faiz məbləğinin əsaslı olması müəyyən edilir. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan şikayətinin dəlilini əsassız hesab etmişdir.

23. Məhkəmə kollegiyası yalnız iddia verilən günədək gecikdirilmiş əsas borcun və faiz məbləğinin tutula bilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, yuxarıda istinad oluan Mülki Məcəllənin 742.5.2-ci maddəsinin tələbinə əsasən borc müqaviləsi üzrə vaxtı çatmış borcun 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi borcverənə müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ vardır. İddiaçı tərəfindən isə verilmiş borc məbləği tam, faiz məbləği isə borcun vaxtından əvvəl tələb edildiyi günədək hesablanaraq tələb edilmişdir. Buna görə də cavabdehin qeyd olunan dəlili də əsassız olmuşdur.

24. Məhkəmə kollegiyası borcun hissə-hissə ödənilməsi barədə cavabdehin izahatına münasibətdə isə qeyd edir ki, həmin məsələ ilə bağlı cavabdeh məhkəmə qətnaməsinin icrası zamanı Mülki Prosessual Məcəllənin 231-ci maddəsinin tələbinə müvafiq olaraq, birinci instansiya məhkəməsinə ərizə ilə müraciət etmək hüququna malikdir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-277/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-277/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar