Məhkəmə qərarları › İş №2(105)-2181/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2181/2022

01.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2181/2022 01.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-3185/2022 nömrəli, 01 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin e-2(012)-3185/2022 nömrəli, 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 492 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat pul tutularaq İddiaçı hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin e-2(012)-3185/2022 nömrəli, 01 iyul 2022-ci il tarixli qətnaməsinin qismən, təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərtib olunmuş akt üzrə 2952 manat, təbii qazdan istifadəyə görə 8.8 manat, dövlət rüsumunun əvəzi kimi 54 manat və vəkil xərci 400 manat olmaqla, cəmi 3414.8 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə tərəfindən qanunsuz qoşulma faktı müəyyən edilsə də, aktlarda göstərilən məbləğ təmin edilməyib, aşağı məbləğdə ziyan təmin edilib. Həmçinin 400 manat vəkil xərcinə dair hissədə iddianı təmin etməmişdir. Qətnamənin qeyd edilən hissələrində ləğv edilməsi, iddia tələbinin təmin edilməyən hissələrində də təmin edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı təşkilatın apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3185/2022 nömrəli, 01 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” İddiaçı ilə “istehlakçı” Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə xx.xx.2019-cu il tarixli AB-566 saylı müqaviləyə əsasən sonuncunun Abşeron rayonu, Qobu qəsəbəsi, Natəvan küçəsindəki fərdi həyət evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********10000 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. İddiaçı əməkdaşları tərəfindən abonent kodu **********10000 olan Cavabdeh Abşeron rayonu Qobu qəsəbəsi, Natəvan küçəsindəki fərdi həyət evinə xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə baxış keçirilərkən həmin ünvanda qeydiyyatsız təbii qazdan istifadə olunduğu müəyyən edilərək, ******* saylı və ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş və həmin akt əsasında təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərər olaraq cəmi 2952 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının tərtib etdiyi xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli tələbnamələrdə abonentin gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir ki, məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 8-10 saat istifadə etməsi qəbul olunarsa, Cavabdeh Birliyə 90 gün üçün xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 369 manat (4,1x10x90=3690 kub.metr), 30 gün üçün xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 123 manat (4,1x10x30=1230 kub.metr), cəmi 492 manat ziyan vurması məlum olur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, akt əsasında abonetin qaz işlədicilərdən PQ4 radiatoru, QSSQ, dəmir sobanın gün ərzində 24 saat istifadə etməsi məntiqə uyğun deyildir. Həmçinin cavabdehin hansı müddət ərzində qanunsuz qoşulmasına dair sübut təqdim edilmədiyindən qanunsuz qoşulmanın 270 gün müddətinə hesablanması da qanunsuzdur. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 8-10 saat istifadə etməsi nəzərə alınmaqla cavabdehin aktlar üzrə 30 gün müddətinə istifadə etdiyi qazın miqdarını ******* saylı akt üzrə 369 manat, ******* saylı akt üzrə 123 manat müəyyən etmişdir. Həmçinin iddia tələbi qismən təmin edildiyindən MPM-nin 119.1-ci maddəsinə əsasən 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını müəyyən etmişdir. Bundan başqa təbii qazdan istifadəyə görə 8.8 manat pul tələb edilsə də, buna dair sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində 400 manat hüquqi xidmət haqqının tutulmasını da xahiş etsə də, buna dair hər hansı sübutu təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublmkası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3185/2022 nömrəli, 01 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin e-2(012)-3185/2022 nömrəli, 01 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar