Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2185/2021 01.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(012)-1398/2014 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(012)-1398/2014 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlham Kərimli) İddiaçı Cavabdeh qarşı pul tələbinə mülki iş üzrə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin tikintisinə sərf olunmuş 13.041 manat məbləğində pul vəsaitinin 2/3 hissəsinin, yəni 8694 manat pulun Cavabdeh alınaraq iddiaçı X2 verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Bəşirova X5 Şakir Zakir oğluna qarşı iddia ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə inşa etdirdikləri ünvan 1-də yerləşən iki mərtəbəli fərdi yaşayış evinin dəyərinin 2/3 hissəsinin, yəni 24000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, 19 iyul 1997-ci il tarixdə Qəbələ rayon Mıxlıqovaq kənd ərazi nümayəndəliyində rəsmi nikaha daxil olaraq Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahlarından 01 noyabr 1998-ci il tarixdə Rəhimə adlı qızları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri dözülməz həddə çatmış və bu səbəbdən nikahın pozulması tələbinə dair iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdi. Abşeron Rayon Məhkəməsinin 12 aprel 2011-ci il tarixli, 2(012)-68/2012 saylı qətnaməsi ilə 19 iyul 1997-ci il tarixli, 21 saylı nikahları ləğv edilmiş və qızı Rəhimə Abdullayevanın onun yanında qalması qət edilmişdi. Cavabdehlə nikaha daxil olduqdan sonra Abşeron rayonu, Xırdalan şəhəri, Mirqasımov küçəsi, 5 saylı evə gəlin köçmüşdü. Sonra həmin həyətdə atasının pulu ilə 2 mərtəbəli, 3 otaqlı ev tikilmişdi. Atasının ona ayrı ev tikmək səbəbi qayınatası Zakir Abdullayevin onu gəlin köçdüyü evdən qovaraq özlərinə ayrı ev tikmək tələbi olmuşdu. O, atasının köməyi ilə həmin evi tikmişdi. 2010-cu ilin yay aylarında cavabdehlə münasibətləri kəskinləşmiş və həmin evdə yaşaması mümkün olmadığından evdən çıxmışdır. Cavabdehdən evə qoyduğu xərci tələb etsə də, cavabdeh evin özünün olduğunu bildirir. Hazırda həmin fərdi yaşayış evinin orta bazar qiyməti 36000 manat təşkil edir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı məhkəmə iclasında verdiyi izahatında gəlin gəldiyi evdən qayınatasının onu qovduğunu, həmin həyətdə atasının pulu ilə iki mərtəbəli, üç otaqlı ev tikildiyini, atasının ona ayrıca ev tikdirməsinin səbəbinin isə qayınatası Zakir Abdullayevin onu gəlin köçdüyü evdən qovaraq özlərinə ayrı ev tikmək tələbi olduğunu bildirmişdir. İddiaçı evdən qayınatası qovmamış, iddiaçı özü evdən çıxıb getmişdir. İddiaçı məhkəməyə verdiyi izahat həqiqətə uyğun deyildir. İddiaçı evdən gedənə qədər ailə münasibətləri normal olmuşdur. İddiaçı onun məhkəmə prosesində iştirak etmədiyindən istifadə edərək məhkəməyə öz xeyrinə həqiqətə uyğun olmayan izahatlar vermişdir. İddiaçı məhkəməyə verdiyi izahatında evin kim tərəfindən tikdirilməsini birmənalı olaraq deyə bilməmiş, evi birlikdə inşa etdirdikləri, atasının ev tikməsi sözləri ilə məhkəməni inandırmağa çalışmışdır. Məhkəmə iddiaçının həqiqətə uyğun olmayan tələbi ilə iddianı qanunsuz və əsassız olaraq təmin etmişdir. Məhkəmə işi tam və obyektiv araşdırmadan qərəzli olaraq əsassız qətnamə qəbul etmişdir. İddiaçı heç bir mülkü olmadığı, birgə nikah dövründə onlar heç bir əmlak, mülk əldə etmədiyi, evi onun atası özünün tam şəxsi hesabına tikdirdiyi halda, iddiaçı keçmiş ərindən hansı mülkdən pay tələb etdiyi aydın deyidir. İddiaçı məqsədi ona zərər vurmaqdır. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, övladı İddiaçı üçün ünvan 1 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evi tikmiş, evin tikintisi üçün lazım olan materialları Qəbələ rayonundan öz vəsaiti hesabına gətirmişdir. Evin tikintisi zamanı iddiaçının atası tanımadığı iki nəfərlə müxtəlif vaxtlarda gəlib evin tikintisinə tamaşa edirdi. İddiaçının iddiası əsassız olduğu üçün o, məhkəməyə getməmişdir. Evin tikintisində əmiləri Famil və Tamil onunla birlikdə fəhləlik edərək usta Malikə və Mülkədara köməklik etmişlər. Bu faktları qonşusu Yaqub Əsədov da təsdiq edə bilər. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 12 aprel 2011-ci il tarixli, 2(012)-68/2012 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, X4 ilə Cavabdeh arasında bağlanmış, Qəbələ rayon Mıxlıqovaq kənd ərazi nümayəndəliyində qeydə alınmış, 19 iyul 1997-ci il tarixli, 21 saylı nikah qeydinin ləğv edilməsi, 01 noyabr 1998-ci il tarixdə anadan olmuş X6 anası X1 yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikahın pozulması 05 mart 2014-cü il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində 39 nömrə ilə qeydə edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 19 noyabr 2014-cü il tarixli, 17183 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin tikintisinə ümumilikdə yerinə yetirilmiş tikinti və tikinti daxili təmir quraşdırma işlərinin görülməsinə sərf olunan vəsaitin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 13041 manat olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Mirqasımov küçəsində yerləşən 5 saylı evin tikintisində o, usta kimi işləmişdir. Həmin evin tikintisi üçün lazım olan tikinti materiallarının pulu və ustaların əmək haqları İddiaçı atası tərəfindən ödənilmiş və ona 780 manat məbləğində əmək haqqı ödənilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, övladı İddiaçı üçün ünvan 2 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evi tikmişdir. Həmin evin tikintisi üçün lazım olan materialları Qəbələ rayonundan öz vəsaiti hesabına gətirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinəonların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası MM-nin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən isə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası MM-nin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İşin mübahisə edilməyən hallarından görünür ki, tərəflər 19.07.1997-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuş, birgə nikahlarından 01 noyabr 1998-ci il tarixdə X8 anadan olmuş, onların aralarında olan nikah Abşeron Rayon Məhkəməsinin 12 aprel 2011-ci il tarixli, 2(012)-68/2012 saylı qətnaməsi ilə pozulmuşdur. İşdə iştirak edən şəxsin izahatı və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahı dövründə ünvan 1 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Həmin ev tərəflərin birgə nikahları dövründə tikilmişdir, evin tikintisinə və tikinti daxili təmir quraşdırma işlərinin görülməsinə sərf olunan vəsait tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində mübahisəli evin ümumi gəlirləri hesabına əldə edilmədiyini, evin onun atasının vəsaiti hesabına tikildiyini göstərsə də, məhkəmə kollegiyasına bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, Cavabdeh apellyasiya şikayətində İddiaçı iddiasını əsassız hesab etdiyi üçün məhkəməyə getmədiyini göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(012)- 1398/2014 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2185/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2185/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver