Məhkəmə qərarları › İş №2(105)-2186/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2186/2022

26.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2186/2022 26.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(060)-2098/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(060)-2098/2022 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 194,4 manat, debitor borca görə 493,67 manat və dövlət rüsumu üçün ödənilmiş 31 manat pulun tutularaq İddiaçı hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(060)-2098/2022 nömrəli qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək iddia ərizəsinin tam təmin olunmasını xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 583,20 manat dəymiş ziyan, 493,67 manat debitor borc və 31 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1107,87 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 14/1602 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00401 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 40013670 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 583,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Eyni zamanda saldo məlumatına əsasən cavabdehin sayğac üzrə 493,67 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda 1076,87 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYAŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSESİŞTİRAKÇİLARİNİNİZAHATİ: İddiaçı verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 22 iyun 2022-ci il tarixli qətnaməni qəbul edərkən Mülki Məcəllənin 386.1, 1096.1, 1096.2, 1097-ci maddələri, MPM-nin 77.1, 77.2, 88, 217.1, 218.1-ci maddələrinin və «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanunun 6.2, 6.5, 20, 22-ci bəndlərinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək iddia ərizəsinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” İddiaçı və “istehlakçı” Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2020-ci il tarixində 14/1602 saylı müqaviləyə əsasən sonuncunun Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən fərdi həyət evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00401 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. İddiaçı əməkdaşları tərəfindən abonent kodu **********00401 olan Cavabdeh Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən fərdi həyət evinə xx.xx.2020-ci il tarixdə baxış keçirilərkən həmin ünvanda qeydiyyatsız təbii qazdan istifadə olunduğu müəyyən edilərək, ******* saylı “Təbii X2nın pozulması haqqında” akt tərtib edilmiş və həmin akt əsasında təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərər olaraq cəmi 583,20 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X2”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələr). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 385.1, 386.1-ci maddələr). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi iddia ərizəsini qismən təmin etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, Cavabdeh yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən fərdi həyət evində (abonent kodu: **********00401) sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “X2”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə İddiaçı tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq iddiaçı tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən əsaslı hesab edilməli, məlum akt əsasında hesablanmış 194,4 manat pul Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Bununla belə, abonent tərəfindən istehlak edilmiş və sayğacla qeydiyyata alınmış təbii qazın dəyərini ödəməsi tərəflər arasında bağlanmış müqavilə üzrə onun vəzifəsi olduğundan məhkəmə hesab etmişdir ki, 493,67 manat debitor borcunun ödənilməsi hissəsində iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qismən təmin olunması nəticəsinə gələrkən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinin 419,80 manat hissəsində apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnanaməsinin mübahisələndirilən hissəsində apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 419,80 manat təşkil etdiyinə görə hazırkı iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(060)-2098/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar