Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2188/2020 28.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respubikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1319/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1319/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)-292/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə birgə nikahdan anadan olmuş xx xxxxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay tutulan 80 manat sabit pul məbləğində aliment miqdarının dəyişdirilməsi, xx xxxxxxx 2010cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması, alimentin tutulmasının əvvəlinin bu iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, cavabdehdən 20 manatın dövlət rüsumunun dövlət nəfinə tutulması qət edilmişdir.(hakim C.Səfiyeva) Qətnamədən cavabdeh apelyasiya şikayəti verərəkAbşeron Rayon Məhkəməsinin 2(012)-1319/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsininləğv edilməsini və Göyçay Rayon Məhkəməsinin 2(046)-292/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsinin qüvvədə saxlanması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 2(046)-292/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən xx xxxxxxx 2010-cu il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay tutulan 80 manat aliment məbləğinin dəyişdirilərək 170 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 292/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən xx xxxxxxx 2010-cu il təvəllüdlü X1 üçün hər ay 80 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Lakin, qeyd edilən qətnamə üzrə təyin edilən hər ay ödənilməli olan 80 manat aliment uşağın saxlanması üçün kifayət etmir. Ona görə də, həmin məbləğ artırılaraq cavabdehdən xx xxxxxxx 2010-cu il təvəllüdlü X1 üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyri-obyektivdir. Belə ki, o, 80 manat alimenti çətinliklə ödəyirdi. Məhkəmə müəyyən etdiyi 170 manat məbləğini ödəməyə maddi imkanı yoxdur. O, işsizdir. Məhkəmə onun madddi vəziyyətində dəyişiklik olmadığını, imkanının həmin həcmdə aliment ödəmək üçün yetərli olmadığını, iddiaçının onun hazırkı gəliri barədə heç bir sübut təqdim etmədiyini nəzərə almamışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verib təmin edilməsini, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx xxxxxxx 2010-cu ildə X3 anadan olmuşdur. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, bu haqda akt xx.xx.2019-cu ildə qeydə alınmışdır. Yenə işdə olan Göyçay Rayon Məhkəməsinin 2(046)-292/2015 saylı 06 fevral 2015-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Cavabdeh xx xxxxxxx 2010-cu il təvəllüdlü X1 üçün hər ay 80 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətitəmin edilməməli,Abşeron Rayon Məhkəməsinin 2(012)-1319/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdr. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olmuş, birgə nikahdan bir övladları var. Onların nikahları məhkəmə qaydasında pozulmuşdur. Göyçay Rayon Məhkəməsinin 2(046)-292/2015 saylı 06 fevral 2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx xxxxxxx 2010-cu il təvəllüdlü X1 üçün hər ay 80 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir.Hazırda iddiaçı alimentin məbləğinin artırılmasını tələb edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlının əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi işə baxan məhkəmə aidiyyatı maddi hüquq normalarına düzgün istinad edərək, hər iki tərəfə münasibətdə, uşağın da mənafeyini nəzərə almaqla balanslaşdırılmış, ədalətli və ağlabatan qətnamə çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, alimentin miqdarı müəyyən olunarkən əsas diqqət yetkinlik yaşına çatmayan uşağın mənafeyinə, onun maddi cəhətdən yüksək təmin olunmasına yönəlməli olduğundan, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən,apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1319/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2188/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2188/2020
28.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver