Məhkəmə qərarları › İş №2(105)-2189/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2189/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2189/2021 17.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, İddiaçı hüquqi varisi X2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(067)-449/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(067)-449/2021 saylı qətnaməsi ilə (hakim X.İ.Quliyev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh 105.780 (bir yüz beş min yeddi yüz səksən) manat əsas məbləğ, iddiaçı tərəfindən hüquqi yardımla əlaqədar Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun hesabına ödənilmiş 350 (üç yüz əlli) manat və iddianın verilməsi ilə əlaqədar dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat olmaqla, ümumilikdə 106.160 (bir yüz altı min bir yüz altmış) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(067)-449/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin mart ayında tanışı Samir Göyçəyevin vasitəsilə Cavabdeh ilə tanış olmuş, həmin vaxt Samir cavabdehin işgüzar bir şəxs olduğunu ona bildirmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh ferma yaradıb quşçuluq işi ilə məşğul olmaq istəyir və bunun üçün onun pula ehtiyacı var. Cavabdeh də Samirin dediklərini təsdiq edərək Xaçmaz rayonunun Xudat şəhərində ferma yaradıb quşçuluq işi (ev quşlarının saxlanılması) ilə məşğul olması üçün ona 60.000 manat məbləğində pulu verməsini xahiş etmiş və bildirmişdir ki, həmin pulu quşçuluq işinə yönəldib həm əldə ediləcək gəliri özünə 50 faiz, Samirə 25 faiz və ona 25 faiz olmaqla böləcək, həm də verdiyi pul vəsaitini ona qaytaracaq və əgər ferma yaradıb quşçuluq işi ilə məşğul ola bilməsə və ya həmin iş gəlir gətirməsə o, yalnız ona verdiyi məbləği qaytaracaqdır. İlkin olaraq o, cavabdehə bank vasitəsilə hissə-hissə 60.000 manat pul göndərmiş, lakin sonradan cavabdeh ona zəng vuraraq işləri tamamlamaq üçün yenidən ona pul lazım olduğunu bildirmiş və razılaşdıqları şərtlər qüvvədə olmaqla ona əlavə pul göndərməsini xahiş etmişdir. Ona görə də o, cavabdehə müxtəlif vaxtlarda onun istəyi ilə əlavə olaraq 64.000 manat məbləğində pul göndərmiş və bununla da o, ümumilikdə cavabdehə 124.000 manat pul vermişdir. Sonradan o, cavabdehin vəd etdiyi quşçuluq işi ilə bağlı gördüyü işlərlə maraqlandıqda cavabdeh ona onun işinə qarışmamasını, ona verdiyi pullara özü zamin olduğunu, verdiyi pullarla bağlı ona hesabat vərəqəsi təqdim edəcəyini və yaxın zamanda gördüyü işin nəticəsini görəcəyini bildirmişdir. Bir müddət sonra 2019-cu ilin sentyabr ayında o, tanışı Samir Göyçəyevlə birlikdə Xudat şəhərinə gələrək fermada xeyli sayda ev quşlarının olduğunu görmüş və cavabdeh bildirmişdir ki, həmin quşların satışından yaxşı gəlir əldə ediləcək və həmin gəliri razılaşdıqları şərtlərlə aralarında böləcəklər. Lakin, təxminən 2 ay sonra 2019-cu ilin noyabr ayında təkrar Xudat şəhərinə gedib cavabdehlə görüşdükdə və quşların satışı barədə maraqlandıqda, o, quşları satsa da guya ki, xərclər çox olduğundan heç bir gəlir əldə edilmədiyini bildirmiş və ona verdiyi pul vəsaiti, xərclər və gəlirlər barədə özünün tərtib etdiyi hesabat xarakterli əlyazma olan vərəqləri vermişdir. Hesabat vərəqlərində göstərilmiş rəqəmlərə, məlumatlara diqqət yetirdikdə cavabdehin quşların satışından 126.487 manat əldə etdiyi və həmin gəliri tam olaraq özünə götürdüyü ona məlum olmuşdur. Belə olan halda cavabdehdən razılaşdıqları kimi, verdiyi 124.000 manat məbləğində pul vəsaitinin və gəlirin razıalşmalarına uyğun olaraq 25 faizini dərhal ona qaytarmasını tələb etmiş, lakin o, əldə edilmiş gəliri tam götürməklə yanaşı, ona verdiyi 124.000 manat məbləğində pul vəsaitini geri qaytarmaqdan imtina etmiş və bu günədək də müxtəlif bəhanələrlə həmin pul vəsaitinin qaytarılmasından boyun qaçırır. Halbuki, cavabdehlə olan razılaşmaya əsasən əldə edilmiş gəlir cavabdehə 50 faiz, Samirə 25 faiz və ona 25 faiz olmaqla bölünməli və cavabdeh ona verdiyi 124.000 manat məbləğində olan pul vəsaitini geri qaytarmalı idi. Cavabdeh və onunla, eləcə də daha 4 nəfərin iştirakı ilə 04 noyabr 2018- ci il tarixdə əlyazma tərtib edərək Samirin vasitəsilə ondan 105.780 manat aldığını və onu qaytaracağına zəmanət verdiyini göstərmişdir. Həmin əlyazma bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bununla yanaşı, Xaçmaz Rayon Polis Şöbəsinin 14 mart 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən cavabdeh məndən 109.000 manat aldığını öz izahatında göstərmişdir. Digər tərəfdən, cavabdehin öz imzası ilə təsdiq etdiyi digər əlyazmasında isə həmin işdən (ev quşlarının satışından) 126.487 manat gəlir əldə etdiyi göstərilmişdir. Beləliklə, cavabdeh ondan cəmi 109.000 manat aldığını etiraf etsə də, əslində onun cavabdehə verdiyi məbləğ 124.000 manatdır və bunu Samir Göyçəyev təsdiq edə bilər. Çünki həmin məbləğin demək olar ki, əksəriyyəti Samirin vasitəsilə cavabdehə verilmişdir. Odur ki, cavabdehə verdiyi 124.000 manat pul vəsaiti və ev quşlarının satışından əldə edilmiş 126.487 manat gəlirin 25 faizi, yəni 31.622 manat pul vəsaiti, cəmi 155.622 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Digər tərəfdən isə, cavabdeh ona verdiyi 124.000 manat pul vəsaitini və gəlirin 25 faizi olan 31.622 manat pul vəsaitini, cəmi 155.622 manat məbləğində pul vəsaitini ona ödəməkdən boyun qaçırmaqla ondan faydalandığına görə o, qanunvericiliyin tələbinə uyğun olaraq həmin məbləğdən bank uçot dərəcəsinə uyğun faizlər ödəməlidir. Nəzərə alaraq ki, qanunvericiliyə əsasən faizlər iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında hesablanır, borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər və sonuncu dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 18.09.2020-ci il tarixdən müəyyən edilmiş bank uçot dərəcəsi 6.5 faizdir, onda sonuncu bank uçot dərəcəsinə 2 faiz bəndi əlavə edilməklə, yəni 8,5 faiz dərəcəsi ilə cavabdeh tərəfindən ona ödənilməli olan 155.622 manat pul vəsaitinə 01.09.2019-cu il tarixdən 01.09.2020-ci il tarixədək müddət üçün hesablanmış faiz 13.227 manat təşkil edir. Odur ki, 155.622 manat məbləğinə bank uçot dərəcəsinə görə hesablanmış 13.227 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Bununla yanaşı, hazırki iddia üzrə ona hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 350 manat məbləğində hüquqi müdafiə xərci və 30 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq ona ödənilməlidir. Ona görə də, Cavabdeh 155.622 manat pul məbləğində pul vəsaitinin, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 18.09.2020-ci il tarixdən müəyyən edilmiş 6,5% bank uçot dərəcəsinə 2 faiz bəndi əlavə edilməklə həmin pul vəsaitinə hesablanmış 13227 manat məbləğində faizin, 350 manat məbləğində hüquqi müdafiə xərclərinin, 30 manat məbləğində məhkəməyə ödənilmiş dövlət rüsumunun, cəmi 169.229 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 14 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1, 740.2-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 54.1, 54.2, 77.1, 78.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı hüquqi varisi X2 nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia ərizəsinin təmin olunmuş hissəsindən Cavabdeh apelyasiya şikayəti vermişdir. Ona görə də, birinci instansiya məhkəmənin qətnaməsi mübahisələndirilən hissədə araşdırılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 04 noyabr 2018-ci il tarixli pul öhdəliyinə dair yazılı qeyddən görünür ki, Cavabdeh qeyd olunan tarixdə İddiaçı, Samir Göyçəyevin, İbad Məcidovun, Mülküm Əmrahovun və Aydın Əmircanovun iştirakı ilə qəbz yazaraq 105780 (bir yüz beş min yeddi yüz səksən) manat pulu Samir Göyçəyevdən aldığını, Samirin də həmin pulu İddiaçı Əbduləli oğlundan aldığını, həmin pulun qaytarılmasına o, zəmanət verdiyini qeyd edərək həmin pul öhdəliyinə dair sənədə özü və iştirak edən şəxslər imza etmişlər. Xaçmaz Rayon Polis X3 14 mart 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarından görünür ki, İddiaçı Xaçmaz rayon Polis Şöbəsinə etdiyi şikayəti əsasında araşdırma aparılarkən Cavabdeh izahatı alınmış, həmin izahatında cavabdeh Ehtiram Əmircanov İddiaçı ona WhatsApp sosial şəbəkəsi vasitəsilə göndərdiyi hesabatda göstərilən məbləğin 124.000 manat deyil 109.000 manat olduğunu, həmin puldan 2.000 manatını Samirin kənddə mağaza yeri alması ilə əlaqədar İbad adlı şəxsə verdiyini, Samirin Azaddan alaraq ona verdiyi puldan 105.000 manat ziyan etdiyindən borclu qaldığını və həmin pulu Azada qaytaracağına söz verdiyini göstərmişdir. Həmin qərar ilə toplanmış materiallar əsasında cavabdeh X1 İddiaçı aldığı puldan 105.000 manat pul borclu qaldığı və həmin pulu İddiaçı qaytaracağına söz verdiyi müəyyən edilmişdir. Cavabdeh tərəf apelyasiya şikayətinin dəlillərində və məhkəmədə vermiş olduğu izahatında onun İddiaçıla deyil, sonuncunun tanışı Samir Göyçəyevlə iş birliyi olmuş, onlar Xaçmaz rayonu ərazisində cavabdehə məxsus fermada cücə saxlamışlar. İşlədikləri dövrdə X8 Göyçəyevdən ümumilikdə 105.700 manat məbləğində pul almış, digər iştirakçıların iştirakı ilə qəbz yazaraq Samirin İddiaçı alaraq ona verdiyi 105.700 manat pulu qaytarmasına zəmanət vermişdir. Yəni, cavabdeh Samir Göyçəyevə borclu olduğunu etiraf edir, belə olduğu halda cavabdehə qarşı iddiaçı şəxs Samir Göyçəyev olmalıdır. Sonuncu isə cavabdehə qarşı iddia qaldırmamışdır. Bu hal cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda qeyd olunan tərəflərin izahatları ilə də öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, İddiaçı tanımır, Cavabdeh uzun müddət və S.Göyçəyevi isə müəssisədə işləyəndən tanıyır. Adlarını qeyd etdiyi şəxslərin ferması vardı və o həmin fermada iki-üç il işləmişdir. Birinci il ona 10.000 manat, ikinci il 15.000 manat verilsə də sonuncu məbləğ yadında deyil. Samir Göyçəyev 36.000 manat pulu İddiaçı verməli idi. Fermanın işlədilməsi ilə bağlı ümumilikdə 105.000 manat ziyan hesablanmışdır. Cavabdeh İddiaçı pul aldığını görməmişdir. qeyd olunan 105.000 manat ziyan pulunu Cavabdeh əlavə işləyib qaytarmalı idi. Bir dəfə şəhərdə bu barədə söhbət edib və kağıza imza etməklə məbləğin mövcudluğu barədə iltizam tərtib etmişlər. həmin vaxt Samir Göyçəyev orada olmamışdır. İddia ərizəsini qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi göstərmişdir ki, İddiaçı iddia tələbində Cavabdeh 2 dəfəyə ümumilikdə 124.000 manat məbləğində pul göndərdiyini, cavabdehin həmin pulun dövriyyəsindən 126.487 manat gəlir əldə edildiyini, razılaşmalarına əsasən cavabdehin ona həmin məbləğin 25 faizini, yəni 31.622 manatını verməli olduğunu, ümumilikdə isə cavabdehin ona 155.622 manat pul ödəməli olduğunu, cavabdeh həmin məbləği ona ödəməkdən boyun qaçırmaqla ondan faydalandığından bank uçot dərəcəsinə müvafiq olaraq cavabdehin ona əlavə olaraq 13.227 manat pul ödəməli olduğunu göstərsə də məhkəmə araşdırması zamanı yalnız 105.780 manat məbləğə münasibətdə iddia tələbi əsaslı olduğu öz təsdiqini tapmış, iddianın digər məbləğlərə münasibətdə əsaslı olduğunu sübut edən sənədi və sübutu iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1 və 740.2-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh 105.780 (bir yüz beş min yeddi yüz səksən) manat əsas məbləğ, iddiaçı tərəfindən hüquqi yardımla əlaqədar Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun hesabına ödənilmiş 350 (üç yüz əlli) manat və iddianın verilməsi ilə əlaqədar dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat olmaqla, ümumilikdə 106.160 (bir yüz altı min bir yüz altmış) manat məbləğində pulun alınaraq İddiaçı xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən və apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(067)-449/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar