Məhkəmə qərarları › İş №2(105)-219/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-219/2023

10.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-219/2023 10.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2068/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 2(012)-2068/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh 1000 ABŞ dolları və ya həmin məbləğin ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla pul və 300 manat pul, həmçinin 40 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim E.Məmmədov) Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİ N H A L L A R İ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 ABŞ dolları və 300 manat pulun, həmçinin məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 40 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2021-ci ildə Cavabdeh məxsus Sumqayıt şəhəri avtovağzal ərazisində yerləşən evin alınması ilə bağlı aralarında razılığa gəlmişlər. Cavabdeh ona bildirmişdir ki, evin bütün sənədləri qaydasındadır. Evin alqı-satqısı ilə bağlı iddiaçı cavabdehə ilk öncə 1000 ABŞ dolları, sonra isə 300 manat məbləğində beh vermişdir. Həmin behi yazılı şəkildə öz aralarında rəsmiləşdirmişlər. Sonradan cavabdehə məxsus olan evin alqı-satqısını rəsmiləşdirmək üçün notariusa getməyi təklif etdiyi zaman məlum olmuşdur ki, evin ümumiyyətlə sənədi yoxdur. Cavabdehdən verdiyi 1000 ABŞ dollarını və 300 manatı tələb etsə də, cavabdeh həmin pulu ona geri qaytarmaqdan imtina etmişdir. Hazırda cavabdeh həmin pulu könüllü surətdə pulu qaytarmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, məhkəmə qətnaməsi ilə razı deyildir. Məhkəmə işin bütün faktiki hallarını araşdırmamışdır. Belə ki, iddiaçı ilə aralarında ona məxsus mənzilin iddiaçıya satılması barədə razılaşma olmuş və o həmin razılaşmanının tələblərini pozmamışdır. Aralarındakı razılaşmaya əsasən iddiaçı cavabdehə məxsus mənzili almaq məqsədi ilə sonuncuya iddia tələbində qeyd olunan məbləğdə beh vermiş, lakin razılaşmada nəzərdə tutulan alqı-satqı gününə beş gün qalmış iddiaçı evi almaqdan imtina etmişdir. Cavabdeh bu müddət ərzində evin digər real alıcılarını da məhz iddiaçıya görə itirmişdir. Göründüyü kimi tərəflər arasında razılaşma məhz iddiaçı tərəfindən pozulduğundan, qeyd olunan beh məbləğini iddiaçının tələb etməsi qeyri-qanunidir. Belə olan halda məhkəmə həmin pulun ondan tutulmalı olmasını heç bir hüquqi əsaslandırma aparmadan təmin etmişdir. Hesab edir ki, bu hal onun hüququnun pozulmasına və əsassız yerə əlavə ödəniş etməsinə səbəb olur ki, buna qanun yol vermir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilməlidir. Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, o iddia tələbində qeyd olunan məbləğdə pulun ona verilməsini etiraf edir, lakin bu pul məlum olan razılaşma əsasında beh olaraq ona ödənmişdir, onun tərəfindən beh müqaviləsinin tələbləri pozulmadığı üçün iddiaçı hazırkı iddia tələbində haqlı deyildir. Mübahisəli evin dövlət reyestrindən çıxarışı olmasa da, bələdiyyə sənədi mövcuddur. İddiaçı evi almaqdan onlar arasındakı razılaşmaya beş gün qalmış imtina etmişdir ki, cavabdeh bu halda evin real alıcılarını itirmiş, başqa sözlə ona ziyan etmişdir. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı şikayətlə razılaşmadı, əlavə olaraq bildirdi ki, şikayət tam formal xarakter daşımaqla, qətnamənin icrasının gecikdirilməsinə xidmət edir. Bu səbəbdən şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, mübahisəli evə dair razılaşma əsasında puıl cavabdehə verildikdən sonra evin sənədlərinin olmamasını öyrənmiş, buna görə də evin alqı-satqısından imtina etmiş və cavabdehə verdiyi behin ona qaytarılmasını tələb etmişdir. Cavabdeh isə bundan imtina etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan xx.xx.2021-ci il tarixində Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, o, İddiaçı 1000 (min) ABŞ dolları və 300 (üç yüz) manat beh almışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2068/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında cavabdehə məxsus Sumqayıt şəhəri avtovağzal ərazisində yerləşən evin alınmasına dair şifahi razılaşmanın olması, bunun davamı olaraq iddiaçının cavabdehə beh qismində 1000 (min) ABŞ dolları və 300 (üç yüz) manat pul verməsi işin mübahisəsiz halıdır. Başqa sözlə iddia tələbində qeyd olunan məbləğdə pulun iddiaçı tərəfindən cavabdehə ödənilməsini cavabdeh etiraf edir. Hazırda cavabdehin apellyasiya şikayətinin, iddiaya etirazının əsas dəlili, onun tərəfindən daha öncə qeyd olunan mübahisəli evə dair tərəflər arasında razılaşmanın cavabdeh tərəfindən deyil, məhz iddiaçı tərəfindən pozulmasıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqaviləsinin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Eyni Məcəllənin 492.1-ci maddəsinə görə öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Bu Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Mülki Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. İş materiallarından aydın olur ki, tərəflər arasında yazılı beh müqaviləsi olmamışdır. Bundan başqa yuxarıda qeyd olunan normalardan aydın olduğu kimi, mübahisə predmeti olan ev daşınmaz əmlak olduğundan və həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, məhz gələcəkdə həmin əmlaka dair tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanacağı mövcud qanunvericliyin tələbləri baxımından istisna edildiyindən, bu əmlak barəsində tərəflər arasında razılaşdırılan beh müqaviləsinin hər hansı hüquqi qüvvəsi yoxdur. Belə olan halda yəni tərəflər üçün hər hansı hüquq və vəzifələr yaratmayan “beh müqaviləsinə” istinad edərək cavabdehin müqavilənin icrasından məhz iddiaçının imtina etməsi, bu səbəbdən onun beh ödənişini iddiaçıya qaytarmaqdan azad olması barədə dəlili əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə apellyasiya kollegiyası sadalanan maddi hüquq normlarının məzmunundan çıxış edərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticə işin faktiki hallarına uyğundur. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini məhkəmə iclasında əsaslı şübhələrdən kənar sübutlarla sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavbadehin özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2068/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar