Məhkəmə qərarları › İş №2(105)-219/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-219/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-219/2024 22.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarş mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3180/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2020-ci il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixdə 650 manat borc pulu almış və həmin pulu 2 ay müddətində İddiaçı qaytarmağı barədə söz verərək sənədə imza etmişdir.

2. xx.xx.2020-ci il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixdə 1155 manat borc pulu almış və həmin pulu 6 ay müddətinə, xx.xx.2021-ci il tarixədək İddiaçı qaytarmağı barədə söz verərək sənədə imza etmişdir.

3. xx.xx.2020-ci il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixdə 3400 manat borc pulu almış və həmin pulu xx.xx.2020-ci il tarixədək İddiaçı qaytarmağı barədə söz verərək sənədə imza etmişdir.

4. "xxxx" ASC-nin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda pulları çıxarmış çəxsin foto və videosunu əks etdirən görüntülərin təqdim olunması ilə bağlı bildirilmişdir ki, Bankda müşahidə kameralarının görüntüləri qeydə alınan tarixdən yalnız 6 ay ərzində mövcud olur. Hazırda tələb olunan tarix aralığının üzərindən 6 aydan çox müddətin keçdiyini nəzərə alaraq həmin görüntülərin təqdim edilməsi mümkün deyildir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/62 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 2(105)-2187/2024 nömrəli mülki işin 23-cü vərəqinin üz hissəsində xx.xx.2020-ci il tarixli İltizamda olan yazılar və yazıların aşağı hissəsində “Рəhимов Рəсмир” yazılarının qarşısındakı imza, 24-cü vərəqinin üz hissəsində xx.xx.2020-ci il tarixli İltizamda olan yazılar və vərəqin arxa hissəsində olan yazılar, yazıların aşağı hissəsində “Рəhимовa” yazısının qarşısındakı imza, 25-ci vərəqin üz hissəsində xx.xx.2020-ci il tarixli iltizamda olan yazılar - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş 2(105)-2187/2024 nömərli mülki işin 25-ci vərəqinin üz hissəsində xx.xx.2020-ci il tarixli iltizamda olan yazıların aşağı hissəsində “Рəhимов” yazısının qarşısındakı imzanın – Cavabdeh tərəfindən ica olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 110 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5205 manat məbləğində pulun və ödənilmiş 72.50 manat dövlət rüsumun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun tanışıdır, ona xx.xx.2020-ci ildə müraciət edərək təcili 3400 manat məbləğində pul lazım olduğunu bildirmiş və söz vermişdir ki, xx.xx.2020-ci il tarixə kimi həmin pulu qaytaracaqdır. Daha sonra cavabdeh xx.xx.2020-ci ildə 1155 manat və xx.xx.2020-ci ildə 650 manat məbləğində də pul almış və həmin pulları da ona qaytarmamışdır. Ümumilikdə cavabdehin ona 5205 manat borcu vardır. Həmin pulları ondan alması cavabdeh tərəfindən həmin tarixlərdə yazılmış iltizamlarla da təsdiq olunur.

8. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, o, cavabdeh ilə iş yoldaşı olmuşdur. Cavabdeh yanvar ayında evini satmışdır. Cavabdeh pulu işə gətirmiş və onlar pulu saymışlar. Onlar birlikdə iddiaçının evinə getmişdirlər. O, çöldə cavabdehi gözləmiş, cavabdeh isə iddiaçının evinə girərək pulu ona vermişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3180/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 5205 manat borcun və ödənilmiş 72.50 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov).

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739.1, 739.2, 329.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri

11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3180/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o, öhdəliyini icra etdiyi təqdirdə iddiaçı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öhdəliyinin ziddinə hərəkət edərək vicdanlılıq prinsipini pozaraq məhkəməni yanlış məlumatlandırmışdır. Birinci instansiya məhkəməsi öhdəliyin icra edilib-edilməməsi məsələsini düzgün araşdırmamışdır. O öz öhdəliyini tam şəkildə icra edərək borcunu ödəsə də, məhkəmə bunu nəzərə almamışdır. Bunu şahid ifadələri də təsdiq etmişdir. İddiaçı ilə aralarında bağlanmış müqaviləyə və bu müddəaya tam olaraq riayət edərək götürdüyü borcu iddiaçıya tam ödəmişdir. Bu barədə sübutların olmasına rəğmən məhkəmə nəzərə almamışdır. Bununla da tamamilə qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə borcun ödənilib-ödənilməməsi məsələsini tam araşdırmamış və bu məsələni aydınlaşdırmamışdır. Halbuki ilkin olaraq diqqət yetirilməli olan məsələ məhz bu idi. Məhkəmə bu halı aydınlaşdırmadan, yalnız iddiaçının ifadələri əsasında qətnamə qəbul etmişdir. Onun təqdim etdiyi sübutlar isə məhkəmə tərəfindən nəzərə alınmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

18. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

19. Maddə 442. icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

20. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

25. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

26. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3180/2023 nömrəli qətnaməsinin tam ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. İddianı təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçı qarşısında borc pulu qaytarmaq öhdəliyi daşıyır və həmin öhdəliyin əmələ gəlməsi əsası onların bağladıqları sadə yazılı formada iltizamlardır. Odur ki, cavabdeh iddiaçıya ondan aldığı pulun borc verənə qaytarmaq öhdəliyinin daşıyıcısı olduğuna baxmayaraq, bunu yerinə yetirmədiyindən iddia əsaslıdır. Belə ki, cavabdeh tərəfindən borcun qaytarılması məhkəmə araşdırılması zamanı sübuta yetirilmədi və bu halla bağlı mötəbər dəlillər məhkəməyə təqdim edilmədi. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıdan faiz dərəcəsi 10% olmaqla 3350 manat borc alması və həmin məbləği tam ödəməsi barədə dəlili, bu hal iş materialları və sübutlarla təsdiqlənmədiyindən əsassızdır.

37. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıdan aldığı borcu qaytardığını bildirsə də buna dair sübutu nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiyası məhkəməsində təqdim etməmişdir. İşin obyektiv və hərtərəfli araşdırılması üçün kollegiya tərəfindən təyin edilmiş müvafiq ekspertizanın aparılmasına dair qərardad əsasında əldə edilmiş rəylə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli İltizamda olan yazılar və imza, xx.xx.2020-ci il tarixli iltizamda olan yazılar - Cavabdeh tərəfindən icra olunmuşdur. Kollegiya hesab edir ki, xx.xx.2020-ci il tarixli iltizamda olan imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmasa da, həmin iltizamın mətnini Cavabdeh tərəfindən yazılması cavabdehin həmin pulun götürməsini təsdiq edir.

38. Bu məqamda məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

39. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında izah edilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

40. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh öz apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmiş, məhkəməyə heç bir mötəbər və legitim, əsaslı şübhələrdən kənar sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

41. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır.

42. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 110 (bir yüz on) manat pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3180/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar