Məhkəmə qərarları › İş №2(105)-220/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-220/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-220/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı Mustafa oğlu və vəkili X7, Cavabdeh2 və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh4 nümayəndəsi və vəkili X8, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumayıt bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(060)-35/2017 saylı qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(060)-35/2017 saylı qətnaməsi ilə (hakim İ.M.Mahmudov) İddiaçı Mustafa oğlunun Cavabdeh1 və digərlərinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və tərtib edilmiş plan və ölçü sənədinin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, ünvan 1 ünvanı üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmin bağ torpaq sahəsinə dair bağlanmış 15 iyul 1978-ci il tarixli, 1684 saylı bağ icarə müqaviləsinin və həmin müqavilə əsasında verilmiş 10 fevral 2016-cı il və 19 fevral 2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, tərtib edilmiş plan və ölçü sənədlərinin etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh4 qətnamədən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli, 2(105)-409/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi rədd olunmuşdur. İddiaçı Mustafa oğlu və üçüncü şəxs Sumqayıt bələdiyyəsi ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 2(102)-4128/2019 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli, 2(105)-3458/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iddia ərizəsi təmin edilərək, Sumqayıt şəhəri, Corat bağlar massivi, 2282 saylı bağ sahəsinə dair X3 adına aparılmış qeydiyyatın ləğv edilməsi, həmin bağ torpaq sahəsinə dair onunla bağlanmış 15 iyul 1978-ci il tarixli, 1684 saylı bağ icarə müqaviləsinin, həmin bağ sahəsinə dair Eldar Quliyevin adına verilmiş 10 fevral 2016-cı il tarixli, Müşfiq Quliyevin adına verilmiş 19 fevral 2016-cı il tarixli Çıxarışların və tərtib edilmiş plan və ölçü sənədinin etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh4 qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2020-cu il tarixli, 2(102)-2901/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilib, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli, 2(105)-3458/2019 saylı qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı Mustafa oğlu iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Corat bağlar massivində yerləşən 2265 saylı, sahəsi 1200 kv.metr olan bağ sahəsinə görə Cavabdeh1 Fərhad qızının, Cavabdeh2 və X4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahis etmiş və tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat bağlar massivi ünvanında yerləşən 2265 saylı, sahəsi 1200,0 kv.metr olan bağ torpaq sahəsi Sumqayıt bələdiyyəsinin 28.12.2004-cü il tarixli qərarı ilə onun adına rəsmiləşmişdir. Həmin torpaq sahəsi üçün 19.10.2004-cü ildə EQG 017059 saylı kassa mədaxic orderi ilə Sumqayıt bələdiyyəsinə 3 milyon AZM (əvvəlki kursla) pul köçürmüşdür. Artıq 12 ildir həmin torpaq sahəsi onun istifadəsindədir. Bağ torpaq sahəsinin ona məxsus olması barədə qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin 24.05.2011-ci il tarixli, 2(060)-2287/2011 saylı, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 04.11.2011-ci il tarixli, 2(105)- 1062/2011 saylı qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.03.2012-ci tarixli, 2(102)-850/2012 saylı qərarı mövcuddur. Həmin məhkəmə aktları ilə təsdiq edilmişdir ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2265 saylı, sahəsi 1200 kv.m olan bağ sahəsi ona məxsusdur. Bu məhkəmə aktlarına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi həmin torpaq sahəsinin plan və ölçüsünü təsdiq etməlidir. Sumqayıt şəhəri, Corat bağlar massivi ünvanında yerləşən 2265 saylı, sahəsi 1200,0 kv.metr olan bağ torpaq sahəsinin sxeminin verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh əsassız bəhanə gətirərək 01 mart 2016-cı il tarixli məktubla bildirmişdir ki, həmin bağ sahəsi hər birinin payı 1/3 hissə olmaqla Cavabdeh1, Cavabdeh2 və X5 adına qeydiyyata alınmışdır. Cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdehin üzərinə ona məxsus bağ sahəsinə görə plan və ölçülərin verilməsi öhdəliyi qoyulmuşdur. İddiaçı Mustafa oğlu Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Fərhad qızının, Cavabdeh2 və X4 cavabdehlər və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üçüncü şəxs qismində işə cəlb olunması, Sumqayıt şəhəri, Corat bağlar massivində yerləşən 2265 saylı, sahəsi 0,12 ha olan bağ sahəsinə dair 19 fevral 2016-cı il tarixli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Mustafa oğlu Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Corat bağlar massivi, 2282 saylı bağ sahəsi ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmin bağ sahəsinə dair verilmiş 10.02.2016-cı il tarixli və 19.02.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və tərtib edilmiş plan və ölçünün etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mustafa oğlu Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Corat bağlar massivi, 2282 saylı bağ sahəsi ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmin bağ sahəsinə dair 15 iyul 1978-ci il tarixli, 1684 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin və həmin müqavilə əsasında verilmiş 10.02.2016-cı il tarixli və 19.02.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və tərtib edilmiş plan və ölçünün etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh4 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 məxsus Sumqayıt şəhəri, Corat bağlar ərazisi, 2282 ünvanında yerləşən ümumi sahəsi 0,1823 ha olan torpaq sahəsinə **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 1/3 paylı mülkiyyət üzrə bağ sahəsindən 0,10 ha torpaq sahəsini 20000 manat ödəməklə 19 fevral 2016-cı il tarixdə almışdır və torpağa dair çıxarış əldə etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmişdir, dövlət rüsumu ödənildikdən sonra torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən adına qeydiyyat aparılmış, müəyyən problemlərə görə çıxarış ala bilməmişdir. Torpaq sahəsini yararlı vəziyyətə gətirmək üçün əziyyət çəkmiş, vəsait xərcləmişdir. Lakin bütün bunlara baxmayaraq məhkəmə hazırkı iddia üzrə işə baxarkən onu işə cəlb etməmiş, nəticədə hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh1, Cavabdeh2 və X6 məxsus Sumqayıt şəhəri, Corat bağlar ərazisi, 2282 ünvanında yerləşən ümumi sahəsi 0,1823 ha olan torpaq sahəsinin 0,10 ha torpaq sahəsini 20000 manat ödəməklə 19 fevral 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında almışdır, müqavilə Sumqayıt şəhər 3 saylı notariat kontorunda təsdiq edilmişdir. Qanunvericiliyin tələbinə əsasən o, Cavabdeh1, Cavabdeh2 və X6 məxsus Sumqayıt şəhəri, Corat bağlar ərazisi, 2282 ünvanında yerləşən ümumi sahəsi 0,1823 ha olan torpaq sahəsinə dair **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindəki qeydiyyata etibar etmişdir, çünki həmin qeydiyyatın aparılması bilavasitə dövlət tərəfindən həyata keçirilmişdir. Bundan başqa məhkəmə həmin bağ sahəsinə 15.07.1978-ci il tarixli bağ sahəsinin icarəyə verilməsinə dair müqaviləni və müqavilə əsasında verilmiş 10.02.2016-cı il tarixli və 19.02.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları etibarsız hesab edərkən bu qənaətə gəlmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə olunmalı, sübutlar, sübut edilən faktla birmənalı bağlı olmalı, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki işə baxılarkən Sumqayıt bələdiyyəsi üçüncü şəxs qismində işə cəlb edilərək fikri öyrənilmişdir, halbuki mübahisəli torpaq sahəsi heç vaxt bələdiyyənin mülkiyyətində olmamışdır. O, isə mülkiyyətçi olmağına baxmayaraq işə cəlb edilməmişdir. İşə baxan məhkəmə tərəfindən torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməsi üçün müvafiq sorğular verilməmiş, mübahisəli torpaq sahəsinə yerli baxış keçirilməmiş, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti cəlb edilməklə məhkəmə ekspertiza mərkəzində müvafiq ekspertiza keçirilməmiş, işin obyektiv həlli üçün lazımi nəticələr əldə edilməmişdir. Lakin torpaq sahəsinin hüquqi statusu müəyyən edilmədən, Sumqayıt şəhəri, Corat bağlar massivi, 2282 saylı bağ sahəsi ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmiş, həmin bağ sahəsinə dair 15.07.1978-ci il tarixli bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə və həmin müqavilə əsasında verilmiş 10.02.2016-cı il tarixli və 19.02.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və tərtib edilmiş plan ölçülər etibarsız hesab edilmişdir. Bundan əlavə məhkəmə qətnaməsini əsaslandırarkən qanunsuz olaraq yalnız iddiaçının nümayəndəsinin izahatını əsas götürərək 15.07.1978-ci il tarixli bağ sahəsinin icarəyə verilməsinə dair müqavilədə göstərilən 2282 saylı torpaq sahəsini 2265 saylı torpaq sahəsi kimi göstərmişdir. Halbuki bu xüsusat qanunvericiliyə uyğun olaraq işin hərtərəfli araşdırılması prinsipi çərçivəsində ekspert və mütəxəssislərin iştirakı ilə müəyyən edilməli idi. Mübahisəli torpaq sahəsi 15 iyul 1978-ci il tarixdə X3 icarəsinə verilmiş, daha sonra onun qanuni vərəsələri Cavabdeh1, Cavabdeh2 və X4 adlarına **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 3 hissədə paylı mülkiyyət kimi rəsmiləşdirilmişdir. Məhkəmə işə baxarkən Sumqayıt bələdiyyəsinin nümayəndəsinin məlumatını rəhbər tutaraq, Sumqayıt Bələdiyyəsinin İddiaçı Mustafa oğluna torpaq sahəsinin ayrılması barədə 22.12.2004-cü il tarixli qərarının qüvvədə olduğunu, ləğv olunmadığını, Cavabdeh1, Cavabdeh2 və X9 tərəfndən DƏDRX 2 saylı Ərazi İdarəsinə təqdim edilmiş icarə müqaviləsi barədə məlumatların Sumqayıt bələdiyyəsində mövcud olmadığına istinad etmişdir, Sumqayıt bələdiyyəsinin 15 iyul 1978-ci il tarixdə X3 icarəsinə verilmiş torpaq sahəsinin İddiaçı Mustafa oğlunun mülkiyyətinə verilməsinə dair 28.12.2004-cü il tarixli qərarı da əsassızdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsini rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh4, onların nümayəndəsi və vəkili X8 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı Mustafa oğlu, vəkili X7 apelyasiya şikayətinin dəlillərinə etiraz edib birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumayıt bələdiyyəsinin nümayəndəsi X10 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Sumqayıt şəhəri, “Corat” qəsəbəsi 0,25 ha torpaq sahəsində yerləşən 2282 saylı bağ sahəsi Sumqayıt Bağlar İdarəsi tərəfindən 15 iyul 1978-ci il tarixli, 1684 saylı icarə müqaviləsinə əsasən 10 il müddətinə Eldar Quliyevin icarəsinə verilib və 18 avqust 2015-ci il tarixdə sonuncu ölüb. Bundan sonra, Eldar Quliyevin vərəsələri Reyestr Xidmətinə müraciət edərək, Sumqayıt şəhəri, “Corat” bağları ərazisində 0,1823 ha torpaq sahəsində yerləşən 2282 saylı bağ sahəsini özəlləşdirərək onun adına 10 fevral 2016- cı il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış almışlar. 19 fevral 2016-cı il tarixdə notariat orqanı tərəfindən sözügedən bağ torpaq sahəsində hər birinin payı 1/3 hissədə olmaqla Cavabdeh1, Cavabdeh2 və Müşfiq Quliyevin adlarına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verilib və hər birinin payı 1/3 hissədə olmaqla həmin bağ torpaq sahəsi mülkiyyət hüququ üzrə onların adlarına qeydə alınıb və bu barədə 19 fevral 2016-cı il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış verilmişdir. 19 fevral 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2 və Müşfiq Quliyev ümumi birgə mülkiyyətlərində olan Sumqayıt şəhəri, “Corat” bağları ərazisində 0,1823 ha torpaq sahəsində yerləşən 2282 saylı bağ sahəsinin 0,10 ha hissəsini 20.000 manata Cavabdeh4 satmışlar, lakin həmin torpaq sahəsi hazırki vaxtadək daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmayıb. Hazırda iddiaçı, cavabdehlərə və üçüncü şəxslərə qarşı məhkəmədə iddia qaldıraraq, Sumqayıt şəhəri, Corat bağlar massivi, 2282 saylı bağ sahəsi ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini, həmin bağ torpaq sahəsinin icarəyə verilməsinə dair 15 iyul 1978-ci il tarixli, 1684 saylı bağ icarə müqaviləsinin və həmin müqavilə əsasında verilmiş 10 fevral 2016-cı il və 19 fevral 2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, tərtib edilmiş plan və ölçü sənədlərinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş, məhkəmə aidiyyət qaydalarını pozmaqla səlahiyyətinə aid olmayan iddia tələbinə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. Belə ki, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 13.17-ci bəndinə əsasən reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Həmçinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iş üzrə icraata xitam verilməli və iddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1, 263-264, 365, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(060)-35/2017 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Mustafa oğlunun Cavabdeh1 və digərlərinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və tərtib edilmiş plan və ölçü sənədinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar