Məhkəmə qərarları › İş №2(105)-2200/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2200/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2200/2020 24.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-720/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-720/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh 1000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 1300 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə, yaşadığıevdə, 1 ton fındığı 5312 manat pula satmışdır. Cavabdeh ona 4012 manat versədə, 1300 manat borclu qalmış, lakin uzun müddət keçməsinə baxmayaraq borcunu qaytarmamış, müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Bu səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Bununla bağlı o, Xaçmaz rayon Polis şöbəsinə müraciət etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanuni və əsaslı deyildir.Belə ki, iddiaçının ona qarşı qaldırdığı pul tələbi barədə iddiasını əsassız sayır.O, iddiaçını, ümumiyyətlə, tanımamış, iddiaçı ilə heçbir alış-verişiolmamışdır. Onun iddiaçının həyat yoldaşı ilə söhbətiolmuş,iddiaçının həyat yoldaşı özünə məxsus fındığı satmaq fikrində olduğunu ona bildirmişdir. O, fındıq alışı və satışı ilə məşğul olduğundan bu məqsədlə cavabdehin həyat yoldaşının yanına qetmiş və satdığı fındığı almışdır. O və şahidlərifındıq kisələrini tərəzidə çəkmiş, fındığın çəkisi 757 kiloqram qəlmiş və kiloqram hesabı ilə o, 4012 manat pul ödəmişdir. O, uzun müddətdir fındıq alışı və satışı ilə məşğul olur, Xaçmaz rayonunda hamı onu halal adam kimi tanıyır, belə bir hala rast qəlməmişdir. Məhkəmə təkcə iddiaçının izahatını qətnamədə göstərməklə ondan1000 manat pul tutmuşdur. Məhkəmə 1000 manat məbləğində iddianı təmin edərkən yalnız bir nəfər şahidin, iddiaçının həyat yoldaşı Vəcihi Vəcihiyevin izahatına istinad etmişdir, işdə başqa sübut yoxdur. Məhkəmə onun təqdim etdiyi şahidlərin ifadəsinə hüquqi qiymət verməmişdir. O, aldığımalın pulunu tam ödəmiş, iddiaçıya heç bir borcuyoxdur. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və Cavabdehməhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Xaçmaz rayon Polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısının xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçıərizəsi ilə əlaqədar toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qətnamədən görünür ki, birinci instansiya məhkəməsihazırki mübahisəyə Azərbaycan Respublikası MM-nin 739, 740, 743, 567, 1091-ci maddələrini tətbiq edərək iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına və iş üzrə araşdırılmış sübutlara uyğun deyildir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamədə ancaq Azərbaycan Respublikası MM-nin 739, 740, 743, 567, 1091-ci maddələrini sadalamaqla kifayətlənmiş, sübutları qiymətləndirməmiş, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini əsaslandırmamış, tərəflərin hansı hüquqi münasibətində olmalarını konkret göstərməmiş, bununla da Azərbaycan Respublikası MPM-nin 218, 220-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. İddia ərizəsindən, iş materiallarından görünür ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuş, iddiaçı cavabdehə 1 ton fındığı 5312 manat satdığını, cavabdehin ona 4012 manat versə də, 1300 manat borclu qaldığını bildirir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsində əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Həmin Məcəllənin 577.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. Həmin Məcəllənin 597.1 və 597.2-ci maddələrinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Qiymət əşyanın çəkisindən asılı olaraq müəyyənləşdirildikdə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, xalis çəkiyə görə təyin edilir. Xaçmaz rayon Polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısının xx xxxxxx 2020-ci il tarixli qərarında olan izahatında İddiaçı cavabdehə satdığı fındığı 2019-cu ilin sentyabrında çəkərkən 1 ton olduğunu, bundan 3 ay sonra cavabdeh tərəfindən elektron tərəzidə çəkilərkən 757 kiloqram olduğunu, bu çəkidə fındığın qiymətinin 4012 manat təşkil etdiyini, həmin vaxt cavabdehin onun ərinə 12 manat verdiyini, qalan 4000 manat pulu gətirib verəcəyini dediyini bildirmişdir. Qeyd edilən qərardan da göründüyü kimi, cavabdeh sonradan 4000 manat pulu iddiaçının ərinə vermiş, o da pulu qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdehə satdığı fındığın 1 ton olması və buna müvafiq olaraq cavabdehin iddiaçıdan aldığı findığın dəyərinin 1300 manatını ödəməməsi iş materialları ilə sübuta yetirilmir. Həmçinin işdən görünür ki, iddiaçının əri X3 təhqiqat zamanı izahatı alınarkən fındıq çəkilən vaxt orada olduğunu, çəkinin qeydiyyatını apardığını, ümumi çəkisinin 757 kiloqram olduğunu göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, İddiaçı cavabdehdən 1300 manat tələb edir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-720/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar