Məhkəmə qərarları › İş №2(105)-2200/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2200/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2200/2021 13.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, İddiaçının vəkili: X3, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh 52.032 (əlli iki min otuz iki) manat 64 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 52.032,64 manat pul vəsaitinin, həmçinin ödənilmiş 30 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən balıq istehsalat sexini cavabdehlə aralarında 28 yanvar 2016-cı il tarixdə aralarında bağlanmış icarə müqaviləsinə əsasən ona 28 yanvar 2021-ci ilə qədər icarəyə vermişdir. Müqavilədə hər ay 100 manat olmaqla icarə haqqı nəzərdə tutulmuş və Cavabdeh həmin pulu ona ödəməli olmuşdur. Bir qədər işlədikdən sonra yaxşı qazanc əldə etmək məqsədilə Zaur ondan müxtəlif çeşiddə balıq məhsullarının verilməsini xahiş etmiş, o da 05 iyul 2017-ci il tarixdə 8.231,1 manat, 01 avqust 2017-ci il tarixdə 15.669,04 manat və 06 sentyabr 2017-ci il tarixdə 26.050,5 manat dəyərində müxtəlif çeşiddə balıq məhsullarını satması üçün vermiş, lakin qeyd etdiyi balıq məhsullarını almasına baxmayaraq ona nəinki gəlir, satışdan əldə etdiyi pulları və icarə haqqını da verməmişdir. O, bir müddət yenə Cavabdeh sözügedən balıq sexində işləyərək vermiş oldugu balıq məhsullarından sataraq əldə etdiyi pulları və yıgılmış icarə baqlarıqı ona verilməsi, eyni zamanda yıgılmış vergi borclarını da ödəməsi üçün şərait yaratmışdır. Lakin uzun müddət gözləsə də Zaur ona ziyan vurmaqla davam etmiş, o da sonuncudan pullarını geri istəmişdir. Lakin Cavabdeh pulunu qaytarmaqdan yayındığı üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə təqdim etdiyi maddi sübutlara heç bir hüquqi qiymət vermədən sadəcə iddiaçının fərziyələrinə əsasən hal-hazırda mübahisələndirilən qətnamə qəbul etmişdir. İddiaçının təqdim etdiyi icarə müqaviləsi ksero surətinə əsasən məhkəmə qərar qəbul edib. İddiaçı tərəfdən müqavilənin tarixinə qələmlə dəyişiklik edilmiş, 2015-ci il 2016 kimi və 2020-ci il 2021-ci il kimi qeyd olunmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi satınalma faktularından da göründüyü kimi həmin fakturalar şirkətin Xırdalan anbarından Quba anbarına istehsal məqsədi üçün verilmiş malların qaimə fakturasıdır sadəcə iddiaçı görünür öncədən bu qanunsuz əməlini planlaşdırıb qanunsuz yolla varlanmaq niyyətini güddüyü üçün həmin qaimə fakturaların üzərində satınalma fakturası kimi qeydiyyat aparmışdır. İddiaçı qeyd edir ki, o bu fakturalarla ona qeyd olunan malları satmışdır. Belə olan təqdirdə öncə tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmalı və daha sonra satın alınan malların nagd yaxud da nisyə şəklində verilməsi barədə qaimə fakturada qeydiyyat aparılmalıdır. Birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan, etirazını heç bir hüquqi qiymət vermədən iddiaçının formal mülahizələri əsasında iddianı təmin etmişdir. Quba Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli 2(027)-448/2020 saylı qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının vəkili M.N.Bədəlov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdehin iddiaçıya pul borclu olmasının faktura ilə sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 28 yanvar 2016-cı il tarixli müqaviləsindən görünür ki, İddiaçı Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən balıq istehsalat sexini hər ay 100 manat icarə haqqı ödəmək şərtilə Cavabdeh icarəyə vermişdir. İşdə olan satınalma fakturalardan görünür ki, Xırdalan ambarı tərəfindən 05 iyul 2017-ci il tarixdə 8.231,1 manat, 01 avqust 2017-ci il tarixdə 15.669,04 manat və 06 sentyabr 2017-ci il tarixdə 26.050,5 manat dəyərində müxtəlif növ balıqlar Cavabdeh verilmişdir. «İnsan Hüquqları və X2 Haqqında Konvensiya»nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, aglabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarına qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlıgın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş qaimə fakturalarının əslindən görünür ki, Xırdalan ambarı tərəfindən 05 iyul 2017-ci il tarixdə 8.231,1 manat, 01 avqust 2017-ci il tarixdə 15.669,04 manat və 06 sentyabr 2017-ci il tarixdə 26.050,5 manat dəyərində müxtəlif növ balıqlar Cavabdeh verilmişdir. Cavabdehin həmin pulun iddiaçıya verilməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bundan əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş satılma fakturalarda Cavabdeh anbardar kimi deyil, müştəri kimi həmin malı aldığı qeyd edilmiş və sonuncu tərəfindən şəxsən imza edilmişdir. Həmin fakturalarda olan imzanın Cavabdeh onun tərəfindən imza edilməsini məhkəmə kollegiyası iclası zamanı etiraf etmişdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə 13 fevral 2020-ci il tarixli 2(027)-448/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar