Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2201/2022 31.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, Cavabdehin nümayəndəsi: Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim B.R.Ələkbərov) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 2855 (iki min səkkiz yüz əlli beş) manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumunun 97%i, yəni 48,50 (qırx səkkiz manat 50 qəpik) manatın tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manatın 3 %, yəni 3 (üç) manatının İddiaçı, 97 %, yəni 97 (doxsan yeddi) manatın isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 2955 manat məbləğində pulun və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 dekabr 2021-ci il tarixdə, saat 08:50 radələrində o, atası İddiaçı mülkiyyətində olan “Mercedes Benz E270 CDİ” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Siyəzən rayonunun Beşdam kəndi ərazisində hərəkətdə olarkən Cavabdeh özünə məxsus qoyunları hürküdərək asfalt yola çıxarmış, nəticədə qoyunlar avtomobilin üzərinə gəlmişdir. Onun tərəfindən bütün ehtiyat tədbirləri görülsə də, qəflətən qarşısına çıxan qoyunlar sonuncuya məxsus avtomobilə dəymiş və nəqliyyat vasitəsinə külli miqdarda ziyan vurulmuşdur. Hadisə yerinə gələn polis əməkdaşı cavabdehin bu qanunsuz hərəkətlərini sənədləşdirərək, 16 dekabr 2021-ci il tarixli, İXP ******* nömrəli protokol və 17 dekabr 2021-ci il tarixli, TP ******* nömrəli qərar qəbul edərək, cavabdehi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə etmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində atasının avtomobilinə külli miqdarda zərər dəymiş, o cümlədən avtomobilin qabaq kapotu tamamilə, qabaq sağ qanadı, qabaq radiator barmaqlığı, qabaq bamperi tamamilə, qabaq sağ farası, su pompası, AU baçok radiatoru, antifrizi, mühərrikin alt paddonu, kapot üçün kilid, su radiatoru, kondisioner radiatoru, inter kuller radiatoru və nömrə nişanı əzilərək sıradan çıxmışdır. Beləliklə, cavabdehin təqsirli hərəkətləri nəticəsində ona məxsus avtomobilə 2955 manat zərər vurulmuşdur ki, həmin zərəri cavabdeh ödəməlidir. Mütəxəssis tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli, 81 nömrəli rəydə o atasının avtomobilinə dəymiş zərərin məbləği 2955 manat göstərilmişdir. Hadisə vaxtı özü orada olmasa da, atası telefonla ona xəbər verdikdən sonra hadisə yerinə getmişdir. Sözügedən avtomobil sığortalı olsa da, qarşı tərəfin xırdabuynuzlu heyvanları sığortalı olmadığı üçün sığorta pulu almamışlar. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. 16 dekabr 2021-ci il tarixdə, saat 08:50 radələrində ona məxsus olan xırdabuynuzlu heyvanlar sonradan adını öyrəndiyi İddiaçı məxsus “Mercedes Benz E270 CDİ” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və nəticədə avtomobil sürətlə həmin heyvanlara dəymişdir. Belə ki, ona məxsus ev yol kənarında yerləşir və həmin vaxt o, heyvanlardan 5- 10 metr kənarda olmuşdur. Bundan əlavə, ona məxsus cəmi 12 baş qoyundan 5-i hadisə yerində, 3-cü isə evə apararkən ölmüş, qoyunların 4-ü isə sağ qalmışdır. Eyni zamanda, Siyəzən RPŞ-nin X6 Bölməsinə əməkdaşı İlkin İlyasov hadisə yerinə gələrək, protokol tərtib etdikdən sonra onu həmin Bölməyə göndərmişlər. Lakin, tərtib edilmiş sözügedən inzibati xəta haqqında protokolla və qərarla razı deyil, çünki həmin vaxt qarşı tərəfin idarə etdiyi avtomobilin sürət həddi yüksək olmuş, hadisənin baş verməsinə və avtomaşına ziyan dəyməsinə bunun təsiri nəzərə alınmamışdır. Həmçinin, qeyd edilən hadisə nəticəsində 40 manat cərimə edilsə də, o, bu cəriməni ödəməmişdir. İddiaçının iddia tələbində yazdıqları yalan və böhtanlar bütün bunlar polis leytenantı saxtakar İ.İlyasovun öz şəxsi maraqlarına xidmət edən həqiqəti əks etdirməyən tərtib etdiyi saxta protokola söykənmir. Apellyasiya şikayətinin dəlilləri ilə sübut olunur ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uygun əsaslandırmamışdır. Məhkəmə tərəfindən bir çox maddi və prosessual hüquq normaları pozulmuşdur. İş üzrə düzgün ekspertiza keçirilməmişdir. Siyəzən Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli 2(059)-222/2022 saylı qətnaməsinin ləğv edib, iddianın rədd olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya məxsus olan avtomobilin vurulmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, 2000-ci il buraxılışlı, gümüşü metallik rəngli, “Mercedes Benz E270 CDİ” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi İddiaçıdur. İşdə olan mötəbər sübutlardan, o cümlədən 17 dekabr 2021-ci il tarixdə tərtib olunmuş TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 16 dekabr 2021-ci il tarixdə, saat 08:50-də malqaranı Siyəzən rayonunun Beşdam kəndinin ərazisində asfalt yola ötürdüyünə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsinə əsasən təqsirli bilinərək, 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə kollegiyası Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza keçirilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2022-ci il tarixli, 9/2701 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “X4” tərəfindən 07 yanvar 2022-ci il tarixdə tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2000-ci il buraxılışlı, “Mercedes Benz E270 CDİ” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2855 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və eyni saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, 16 dekabr 2021-ci il tarixdə, saat 08:50-də İddiaçı Siyəzən rayonunun Beşdam kəndinin ərazisində mülkiyyətindəki “Mercedes Benz E270 CDİ” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Cavabdeh özünə məxsus heyvanları asfalt yola ötürmüş, nəticədə bu heyvanlar iddiaçıya məxsus avtomaşına dəyərək, ona zərər vurmuşlar. Qeyd olunan bu hal cavabdehin özü tərəfindən də etiraf olunmaqla, ona aid heyvanların asfalt yola çıxması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Bundan əlavə, G. Gəncəliyevin əməli inzibati xəta kimi qiymətləndirilməklə, o, 17 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati qaydada 40 manat məbləğində cərimə edilmişdir. Sözügedən bu qərar hazırda da qüvvədə olmaqla, ləğv edilməmiş, o cümlədən tərəflər tərəfindən bu və ya digər formada mübahisələndirilməmişdir. Eyni zamanda, ekspert rəyi əsasında yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E270 CDİ” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın məbləği 2855 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh, məhz onun təqsirli hərəkətləri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Mercedes Benz E270 CDİ” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş 2855 manat zərəri iddiaçıya ödəməkdən imtina etmişdir. Həmin zərər cavabdeh tərəfindən iddiaçıya ödənilmədiyi üçün sonuncunun cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 402-1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin iş üzrə 01 avqust 2022-ci il tarixli 2(059)-222/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2201/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2201/2022
31.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver