Məhkəmə qərarları › İş №2(105)-2203/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2203/2020

02.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2203/2020 02.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı Bəhlul qızının iştirakı ilə, İddiaçı Bəhlul qızının cavabdeh Mürşüdov Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Qusar rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(029)-422/2020 saylı qətnaməsindən İddiaçı Bəhlul qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Kazımov) İddiaçı Bəhlul qızının cavabdeh Mürşüdov Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı Bəhlul qızı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Bəhlul qızı cavabdeh Mürşüdov Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2460/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılaraq, xx xxxxxxxx 2008-ci il təvəllüdlü Mürşüdov Mürşüd Cavabdeh oğlu, xx xxxxxxx 2010-cu il təvəllüdlü Mürşüdov Rövşən Cavabdeh oğlu və xx xxxxxx 2013-cü il təvəllüdlü Mürşüdova Riana Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin cavabdeh Mürşüdov Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 2012-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdeh Mürşüdov Cavabdeh ilə evlənmişdir. Birgə nikahlarından xx xxxxxxxx 2008ci il tarixdə Mürşüd, xx xxxxxxx 2010-cü il tarixdə Rövşən və xx xxxxxx 2013-cü il tarixdə Riana adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Qusar rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(029)-10/2018 saylı qətnaməsinə əsasən cavabdehlə aralarındaki nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahlarından anadan olmuş xx xxxxxxxx 2008-ci il təvəllüdlü Mürşüdov Mürşüd Cavabdeh oğlunun, xx xxxxxxx 2010-cu il təvəllüdlü Mürşüdov Rövşən Cavabdeh oğlunun və xx xxxxxx 2013-cü il təvəllüdlü Mürşüdova Riana Cavabdeh qızının onun himayəsində saxlanılması və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 117 (bir yüz on yeddi) manat olmaqla, cəmi 351 (üç yüz əlli bir) manat alimentin cavabdeh Mürşüdov Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2460/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən Qusar rayon məhkəməsinin 2(029)-10/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnaməsi müəyyən edilmiş aliment məbləği hissəsində dəyişdirilmiş, cavabdeh Mürşüdov Cavabdeh xx xxxxxxxx 2008-ci il təvəllüdlü Mürşüdov Mürşüd Cavabdeh oğlunun, xx xxxxxxx 2010-cu il təvəllüdlü Mürşüdov Rövşən Cavabdeh oğlunun və xx xxxxxx 2013-cü il təvəllüdlü Mürşüdova Riana Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub ona verilməsi, qətnamə Mürşüdov Cavabdeh ilə onun arasında Qusar rayon İHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyində xx xxxxx 2012-ci il tarixli, 09 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahlarından doğulmuş xx xxxxxxxx 2008-ci il təvəllüdlü Mürşüdov Mürşüd Cavabdeh oğlu, xx xxxxxxx 2010-cu il təvəllüdlü Mürşüdov Rövşən Cavabdeh oğlu və xx xxxxxx 2013-cü il təvəllüdlü Mürşüdova Riana Cavabdeh qızının onun himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi özünün yaşayış yerinin müəyyən olunması, alimentin tutulmasının xx xxxxxx 2017-ci il tarixdən hesablanması və alimentin tutulmasının dərhal icra edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. Maddi imkanı olmadığına görə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmişdir. Təyin edilmiş hazırki alimentin məbləği uşaqların maddi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Belə ki, uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Mürşüdova X1 rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı Bəhlul qızı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini cavabdehin maddi vəziyyətində dəyişikliyin olması barədə iddiaçının məhkəməyə heç bir mötəbər sübut təqdim etməməsi və bu halın məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (Ailə Məcəlləsinin 56.1., 58.1. 58.2. və 60.1. maddələri). Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaşı artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan xx xxxxxxxx 2008-ci il təvəllüdlü Mürşüdov Mürşüd Cavabdeh oğlu, xx xxxxxxx 2010-cu il təvəllüdlü Mürşüdov Rövşən Cavabdeh oğlu və xx xxxxxx 2013-cü il təvəllüdlü Mürşüdova Riana Cavabdeh qızının saxlanılması üçün xx xxxx 2018-ci il tarixdə müəyyən edilmiş alimentin miqdarı 100 manat müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan iki ildən artıq müddətin keçməsi və uşaqların tələbatının artması nəzərə alınarsa, iddia tələbi alimentin artırılmasını qaçılmaz edir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, xx xxxxxxxx 2008-ci il təvəllüdlü Mürşüdov Mürşüd Cavabdeh oğlu, xx xxxxxxx 2010-cu il təvəllüdlü Mürşüdov Rövşən Cavabdeh oğlu və xx xxxxxx 2013-cü il təvəllüdlü Mürşüdova Riana Cavabdeh qızının saxlanılması üçün tutulmuş alimentin məbləği dəyişdirilərək, hər uşaq üçün hər ay 120 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli ailə hüquq münasibətinə tətbiq edib, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14. bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə kollegiyası hesab edir ki, alimentin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14. bəndinə uyğun olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2., 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı Bəhlul qızının apellyasiya şikayəti qismən təmin edilsin. Qusar rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh Mürşüdov Cavabdeh xx xxxxxxxx 2008-ci il təvəllüdlü Mürşüdov Mürşüd Cavabdeh oğlu, xx xxxxxxx 2010-cu il təvəllüdlü Mürşüdov Rövşən Cavabdeh oğlu və xx xxxxxx 2013-cü il təvəllüdlü Mürşüdova Riana Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2460/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı Bəhlul qızına verilsin. Alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar