Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2205/2021 15.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2(060)-431/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2(060)-431/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Əfqan Ələkbərov) İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh 4749 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 12,15 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh vurduğu maddi ziyana görə 11749 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 11779 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 30.06.2020-ci il tarixdə saat 19 radələrində Masazır-Novxanı avtomobil yolunun Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermiş və bu hadisə nəticəsində onun mülkiyyətində olan “Niva” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil tamamilə yararsız hala düşmüş, özü isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu yol-nəqliyyat hadisəsi “Hyundaı County” markalı, **-CX-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh tərəfindən törədilmişdir. Belə ki, cavabdehin idarə etdiyi avtomobilin əyləc sistemi işləməmiş və bunun nəticəsində avtomobili saxlaya bilmədiyi üçün əvvəlcə qarşısında gedən “Volswagen Passat” markalı avtomobili vurmuş, “Volswagen Passat” markalı avtomobil də onun mülkiyyətində olan “Niva” markalı avtomobili arxadan vurmuş, zərbənin təsiri nəticəsində “Assamand” markalı avtomobillə toqquşmuşdur. Bu hadisə ilə əlaqədar Abşeron rayon Polis idarəsində araşdırma aparılmış və 24.07.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla Cavabdeh əməllərində cinayət tərkibi olmasa da, onun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmiş və barəsində inzibati tənbeh tədbirlərinin tətbiq olunması üçün aidiyyatı üzrə Abşeron RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Bu qərar bir daha yol-nəqliyyat hadisəsinin Cavabdeh tərəfindən törədilməsini sübut edir. Avtomobilinə dəymiş maddi ziyanın 15200 manat məbləğində müəyyən edilməşi barədə mütəxəssis tərəfindən arayış verilmişdir. Bu hadisə nəticəsində sağlamlığına vurulan ziyana görə ona 750 manat pul, avtomobilinə dəyən maddi ziyana görə isə 3451 manat məbləğində sığorta haqqı ödənilmişdir. Lakin vurulan maddi ziyanın 11749 manatı hələ də ödənilməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. İşə onun iştirakı və xəbəri olmadan baxılmışdır. Belə ki, dəymiş zərər sığorta tərəfindən ödənilmiş və onun iddiaçıya heç bir borcu yoxdur. Bu səbəbdən iddia tələbini qəbul etmir. Həmçinin iş materiallarında olan 20-04183/08/AA-3261/20 saylı sığorta aktından görünür ki, İddiaçı 3451 manat sığorta ödənişi edilmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan AD 755657 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21214” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan AD 719742 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundaı County” markalı, **-CX-*** qeydiyyat nişanlı avtobusun sahibi Cavabdehdur. İş materiallarında olan Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısının 25 iyul 2020-ci il tarixli qərarının surətindən görünür ki, 30.06.2020-ci il tarixdə saat 19 radələrində Masazır-Novxanı avtomobil yolunun Masazır qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq olunması üçün qərarın surətinin aidiyyəti üzrə Abşeron RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materillarında olan “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən verilmiş 09 iyul 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı məxsus “VAZ 21214” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 15200 manat maddi ziyan dəymişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 3(012)-1236/2020 saylı, 01.09.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat inzibati cərimə edilmişdir. İş materiallarında olan 02.07.2020-ci il tarixli hesablama aktından görünür ki, İddiaçı məxsus “VAZ 21214” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci 8200 manat təşkil edir. İş materiallarında olan 20-04183/08/AA-3261/20 saylı sığorta aktından görünür ki, İddiaçı məxsus “VAZ 21214” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə sığorta ödənişi 3451 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 noyabr 2020-ci il tarixli, 9/4393 saylı rəyindən görünür ki, “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin 09.07.2020-ci il tarixli arayışındakı məlumatlara əsasən yararsız vəziyyətdə olan 2017-ci il buraxılışlı, “VAZ 21214” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə normal vəziyyətdə orta bazar qiyməti təxminən 15000 manat müəyyən olunur. Nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin 02.07.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı, “VAZ 21214” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8200 manat müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, iş üzrə birinci instansiya məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Belə ki, 30.06.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ 21214” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyanın vurulması və bu hadisədə cavabdeh Cavabdeh təqsirli olması Abşeron Rayon Məhkəməsinin 3(012)- 1236/2020 saylı, 01.09.2020-ci il tarixli qərarı ilə də təsdiq olunur. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 noyabr 2020-ci il tarixli, 9/4393 saylı rəyi ilə müəyyən edilir ki, 2017-ci il buraxılışlı, “VAZ 21214” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8200 manatdır. Ekspertin rəyi ilə müəyyən olunmuş 8200 manat təmir-bərpa xərcindən 3451 manat sığorta ödənişi çıxıldıqdan sonra qalan məbləğ 4749 manat təşkil edir. Cavabdeh apellyasiya şikayətində işə onun iştirakı və xəbəri olmadan baxılmasını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh və onun vəkili məhkəmə iclaslarında iştirak etmişlər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2(060)-431/2021 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2205/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2205/2021
15.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver