Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2213/2021 24.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Cavabdeh Cavabdeh, vəkili X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)- 203/2018 saylı, 24 yanvar 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-203/2018 saylı, 24 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 28 yanvar 2005-ci il təvəllüdlü X9 ilə birlikdə Quba rayonunun Qamqam kəndində Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edlmişdir. (hakim X. Tağıyev) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-203/2018 saylı, 24 yanvar 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(105)-1260/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1244/2021 saylı, 31.03.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1260/2020 nömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, gəlin köçüb yaşadığı Quba rayonu, Qamqam kəndində yerləşən Cavabdeh məxsus yaşayış evindən onun və X18 istifadə hüquqlarının müəyyən edilməsi və həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, hazırda o, qızı Səma ilə məcbur olub valideynlərinin evində yaşayır. Cavabdeh onun keçmiş əridir. Başqa yaşayış yeri yoxdur. Valideynlərinə məxsus yaşayış evi olduqca darısqaldır. Onun qızı ilə həmin evdə yaşaması mümkün deyildir. Özü heç bir yerdə işləmir, kirayə yaşamağa maddi imkanı çatmır. Onun qızı ilə həmin evdən istifadə hüquqları vardır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı iddia irəli sürməmişdən qabaq, 2015-ci ildə onun üçün əlavə olaraq Qam-qam kəndində kürsülü bir mərtəbəli yaşayış evi tikdirmişdir. Belə ki, tikilən evin torpaq sənədi iddiaçıya aid olsa da, tikinti zamanı istifadə olunan materialın dəyərini iddiaçı ondan götürərək ödəmişdir. Bütün bu sübut və faktları o, Rusiya Federasiyasında olduğu üçün məhkəmə prosesində təqdim edə bilməmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-203/2018 saylı, 24 yanvar 2018-ci il tarixli qətnaməsi qəbul edilərkən məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş, iş üçün əhəmiyyətli olan hallar düzgün araşdırılmamışdır. Mübahisəli qətnamə qəbul edilərkən, məhkəmə işin həqiqi və faktiki hallarını araşdırmamış, yalnız iddiaçının iddia ərizəsini qətnaməyə köçürməklə kifayətlənmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Quba rayon Məhkəməsinin 2(027)-203/2018 saylı, 24 yanvar 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edlməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı cavabdeh Cavabdeh, həmçinin onun vəkili X12 apelyasiya şikayətini müdafiə etdilər. Cavabdeh əlavə etdi ki, iddiaçı ata evində tək yaşayır. Ondan və qızından başqa o, evdə heç kəs yaşamır. Bundan əlavə o, iddiaçıya məxsus 0,12 ha torpaqda kürsülü, ik otaqlı ev tikib. Həmin evdə hər şərait var, işıq, su çəkilib. Qaz çəklişindən xəbəri yoxdur. Düzdür evi o, tiksə də, təmirini iddiaçı özü edib. Apelyasiya baxışı zamanı iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə olunmuş Quba Rayon Məhkəməsinin 06.07.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Quba RİHB-nın Qamqam kənd ərazi nümayəndəliyi tərəfindən 10 mart 2006-cı ildə, 17 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 28 yanvar 2005ci il təvəllüdlü X4 anası Məmmədrzayeva (Şahbazova) Məhbubə Hüseynağa qızının yanında saxlanılması və tərəflərin birgə nikahından doğulmuş 28 yanvar 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 18.07.2017-ci il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh tutularaq cavabdeh Məmmədrzayeva (Şahbazova) Məhbubə Hüseynağa qızına verilməsi qət edilmişdir. Yenə iş materiallarına əlavə olunmuş Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 sentyabr 2017-ci il tarixli, 857 saylı arayışdan görünür ki, İddiaçı Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İddiaçı əri Cavabdeh mülkiyyətində Rustov İƏD-nin Qamqam kəndində ümumi sahəsi 180 kv.metr, yaşayış sahəsi 84 kv.metrdən ibarət olan fərdi yaşayış evi vardır. Yenə də iş materiallarına əlavə olunmuş Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 oktyabr 2017-ci il tarixli, 934 saylı arayışdan görünür ki, Cavabdeh Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla hal-hazırda Rusiya Federasiyasındadır. İşdə olan Quba rayon Rustov bələdiyyəsi tərəfindən verilmiş 06 oktyabr 2017-ci il tarixli, 24 saylı arayışdan görünür ki, Cavabdeh məxsus Rustov bələdiyyəsinin ərazisində 1,45 ha özəl pay 0,12 ha həyətyanı torpaq sahəsi vardır. Yenə işdə olan Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 dekabr 2017-ci il tarixli, 1139 saylı arayışdan görünür ki, İddiaçı Quba rayonu, Rustov kəndində qeydiyyatda olub, həmin kənddə yaşayır və ailə tərkibi əri 19.08.1958-ci il təvəllüdlü Cavabdeh, qızı 28.01.2005-ci il təvəllüdlü X3 ibarətdir. Cavabdeh məxsus 0,12 ha həyətyanı torpaq sahəsinin ərazisində 1996-cı ildə tikilmiş ümumi sahəsi 180 kv.metr, yaşayış sahəsi 84 kv.metr olan fərdi yaşayış evində 2004-cü ildən 2017-ci ilin iyul ayının axırınadək qızı ilə birgə yaşamışdır. Cavabdeh oğlu X10 ailəsi ilə birgə hal-hazırda həmin evdə yaşayırlar. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 dekabr 2017-ci il tarixli, 1140 saylı arayışdan görünür ki, X1 rayonu, Rustov kəndində qeydiyyatda olub, həmin kənddə yaşayır və ailə tərkibi arvadı 18.10.1993-cü il təvəllüdlü X6, qızı 02.04.2013- cü il təvəllüdlü X11, oğlu 11.10.2017-ci il təvəllüdlü X7 ibarətdir. X5 hesabında 0,25 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində 1918-ci ildə tikilmiş fərdi yaşayış evi köhnə olduğundan sökülmüşdür. İşə əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu, Qamqam kəndində yerləşən 0,12 ha torpaq sahəsi və 217,2 kv. metr fərdi yaşayış evi 18.09.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh, İlahə Niftəliyeva, Nuranə Məstanova, Qərib Məmmədrzayev və Zərifə Əliyevanın adına qeydə alınmışdır. İşdə olan Quba Rayon Rustov Kənd İcra Nümayəndəliyinin 03.03.2020-ci il tarixli və 10.08.2021-ci il tarixli arayışlarından görünür ki, İddiaçı 2017-ci ildən Quba rayonun Qamqam kəndində mərhum anası Xatun Şahbazovaya məxsus ümumi sahəsi 110,0 kv. metr olan, iki mərtəbəli 6 otaqdan ibarət evdə qızı Səma Məmmədrzayeva ilə birgə yaşayır . Yenə işdə olan 12.08.2021-ci il tarixli, 1151 nömrəli tibbi arayışdan məlum olur ki, İddiaçı Quba Rayon Mərkəzi Xəstəxanasının vərəm şöbəsində 08.02.2019-cu il tarixindən “Ağ ciyərin fibroz-kavernoz” diaqnozu ilə qeydiyyatdadır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti verdiyindən və sonuncu tərəfindən iddianın təmin olunmuş hissəsi, yəni İddiaçı mübahisəli yaşayış evinə köçürülməsi mübahisələndirildiyindən qətnamə də yalnız həmin hissədə apelyasiya baxışının predmeti olmalıdır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdırıb, iş üzrə Ali Məhkəmənin göstərişlərini nəzərə alıb, işdə olan və əlavə təqdim edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-İddiaçı 28 yanvar 2005-ci il təvəllüdlü X9 ilə birlikdə Quba rayonunun Qamqam kəndində Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilib iddia rədd olunmalı, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 10 mart 2006-cı ildə nikaha girmişlər. Bu nikahdan 28.01.2005-ci il təvəllüdlü Səma adlı uşaqları doğulmuşdur. İddiaçı, ailə qurması ilə bağlı cavabdehə məxsus Quba rayonu, Qamqam kəndində yerləşən yaşayış evinə köçüb yaşamışdır. Sonradan tərəflər arasındakı ailə münasibətlərinə Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(027)-1080/2017 saylı qətnaməsi ilə xitam verilmiş və iddiaçı həmin yaşayış evini qızı ilə birgə tərk etmişdir. Hazırda iddiaçı gəlin köçüb yaşadığı Quba rayonu, Qamqam kəndində yerləşən Cavabdeh məxsus yaşayış evindən onun və X18 istifadə hüquqlarının müəyyən edilərək həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının yalnız bir tələbi - cavabdehlə birlikdə yaşadığı Quba rayonu, Qamqam kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbi təmin olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının sözügedən evə köçürülməsi qənaətinə gələrkən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53cü və 54-cü maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı gəlin gəldiyi və cavabdehlə uzun müddət birgə təsərrüfat aparmaqla yaşadığı evə köçürülməlidir. İddiaçı 2004-cü ildən mübahisələndirilən evə gəlin gələrək 2004-cü ildən 2017-ci ilin iyul ayının axırınadək orada yaşamış, həmin evdə övladı doğulmuş, cavabdehlərin yaratdıqları maneələr nəticəsində evdə yaşaması mümkün olmamamış, uşağı ilə birlikdə mübahisəli evdən çıxaraq valideynlərinə məxsus evdə yaşamağa məcbur olmuşdur. Mübahisəli ev mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməsə də həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da uşağı ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır və tərəflərin aralarındakı nikahın pozulması iddiaçının uşağı ilə birlikdə evə köçürülməməsi üçün əsas ola bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. AR MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdən göründüyü kimi tərəflər arasındakı hüquq münasibətləri 2009-cu ildən qabaq yaranmışdır. İddiaçının köçmək istədiyi fərdi yaşayış evi isə mülkiyyət hüququ əsasında 18.09.2020-ci ildə, yəni hazırki məhkəmə mübahisəsi davam edərkən, cavabdehin və digər ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ona görə məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə ilk olaraq 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Yenə də həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Kollegiya qeyd edir ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələri tətbiq edilməklə köçürülmə, başqa bir yaşayış sahəsi olmayan şəxsin mənzil ehtiyacının qarşılanması məqsədini güdür. Kollegiya hesab edir ki, ehtiyac - hər hansı bir şeyə olan və onsuz keçinmək mümkün olmayan tələbat, gərəklik, lüzumdur. Hazırki halda iddia tələbinin əsasında mənzilə ehtiyac meyarının qarşılanması durursa, bu halda iddia edənin, yəni iddiaçının ya başqa yaşayış yeri ümumiyyətlə olmamalı, ya da sahib olduğu yaşadığı yeri uyğunsuz (məsələn, adambaşına düşən normadan az sahəyə malik olma və ya normal həyat fəaliyyətinin aparılması üçün yaşayışa yararsız olma və s.) olmalıdır. Odur ki, şəxs başqa yaşayış sahəsinə malik olduqda və ya könüllü olaraq daimi əsaslarla başqa yaşayış sahəsinə köçdükdə, nəinki (istifadə hüququ tanınmamış) evdə yaşamaq hüququ, hətta məhdud əşya hüququ olan mənzildən istifadə hüququ aradan qalxır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün köçürülmə tələb edən iddiaçının mübahisəli evdən könüllü və ya məcburi olaraq, müvəqqəti yaxud daimi əsaslarla başqa yerə köçməsi, hazırda başqa yaşayış sahəsinə, yəni özünün mənzil ehtiyacını başqa yerdə qarşılamaq imkanına malik olub-olmaması hallarının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, iddiaçının mübahisəli evdən könüllü olaraq daimi əsaslarla başqa yerə getməsi və özünün mənzil ehtiyacını başqa yaşayış sahəsində təmin etməsi müəyyən edilərsə onun ailə üzvlüyünə xitam verilmiş cavabdehin evinə köçürülməsi əsaslı yanaşma sayıla bilməz. Yuxarıda da qeyd edildiyi kimi işdə olan Quba Rayon Rustov Kənd İcra Nümayəndəliyinin arayışlarından görünür ki, İddiaçı 2017-ci ildən Quba rayonun Qamqam kəndində mərhum anası Xatun Şahbazovaya məxsus ümumi sahəsi 110,0 kv. metr olan iki mərtəbəli 6 otaqlı evdə qızı Səma Məmmədrzayeva ilə birgə yaşayır. Bundan əlavə cavabdehin izahatından məlum olur ki, onun tərəfindən iddiaçı üçün 2 otaqlı fərdi yaşayış evi tikilmiş, təmir işlərini iddiaçı özü aparmışdır. Göründüyü kimi iddiaçının yaşadığı ev heç də özünün bildirdiyinə görə darısqal deyil, əksinə köçmək istədiyi evə nisbətən daha genişdir və onun özü üçün də ayrıca torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, iddiaçı başqa yaşayış yeri olmayan, yaşamaq üçün mənzil sahəsinə ehtiyacı olan şəxs kimi qəbul edilə bilməz. Belə olduqda isə onun mübahisəli mənzilə köçmək tələbi heç də onun əsil niyyətini (mənzil ehtiyacının qarşılanması) əks etdirmir. Bu səbəbdən də bu tələb təmin edilə bilməz. Bundan başqa, işdə olan tibbi arayışa əsasən, İddiaçı Quba Rayon Mərkəzi Xəstəxanasının KPŞ-nin vərəm kabinrtində qeydiyyatdadır. Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında Qanunun 13-cü maddəsinə görə, ətrafdakıları yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalara və çoxsaylı sakinləri olan mənzillərə yerləşdirmək qadağandır. Eləcə də qeyd olunmalıdır ki, mübahisə predmeti olan Quba rayonu, Qamqam kəndində yerləşən 0,12 ha torpaq sahəsi və 217,2 kv. metr fərdi yaşayış evi isə 18.09.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh, İlahə Niftəliyeva, Nuranə Məstanova, Qərib Məmmədrzayev və Zərifə Əliyevanın adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il qərarında bildirmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 228-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yenə həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlikyaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı daimi olaraq yaşamaq üçün başqa yerə köçdüyündən və yaşamaq üçün ayrıca yaşayış sahəsinə malik olduğundan onun mübahisə predmeti olan yaşayış evinə istifadə hüququ itirilmişdir və artıq heç bir qanuni əsas olmadan iddiaçının həmin yaşayış evinə köçürülməsi Cavabdeh və mübahisəli yaşayış evinin digər paylı mülkiyyətçiləri olan ailə üzvlərinin mənzil hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə mənzil münasibətlərindən doğan bu tipli mübahisələrdə başqa mövqenin tutulması düzgün olmayan məhkəmə presedenti yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasını tam nəzərə almamış özünün ayrıca yaşayış yeri olan İddiaçı iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin əsaslarına dair tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin 2(027)- 203/2018 saylı, 24 yanvar 2018-ci il tarixli qətnaməsi qismən - İddiaçı 28 yanvar 2005-ci il təvəllüdlü X9 ilə birlikdə Quba rayonunun Qamqam kəndində Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilib iddia rədd olunmalı, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi 10,40 manat dövlət rüsumu İddiaçı tutularaq ona verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-203/2018 saylı, 24 yanvar 2018-ci il tarixli qətnaməsi qismən - İddiaçı 28 yanvar 2005-ci il təvəllüdlü X9 ilə birlikdə Quba rayonunun Qamqam kəndində Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülməsi hissəsində ləğv edilsin. Həmin hisədə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi 10,40 manat dövlət rüsumu İddiaçı tutularaq ona verilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2213/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2213/2021
24.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver