Məhkəmə qərarları › İş №2(105)-2216/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2216/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2216/2021 10.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri X4, X2 və X3, Cavabdeh, vəkili və nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(034)-91/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Zəngilan Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(034)-91/2019 saylı qətnaməsi ilə (hakim G.K.İmanova) iddianın qismən təmin edilməsi, Cavabdeh 99.486 (doxsan doqquz min dörd yüz səksən altı) manat əsas, 42.365 (qırx iki min üç yüz altmış beş) manat faiz borcu olmaqla, cəmi 141.851 (yüz qırx bir min səkkiz yüz əlli bir) manat borc ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(034)-91/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(105)- 740/2020 saylı qətnaməsilə apelyasiya şikayəti təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(034)-91/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(102)-2103/21 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(105)-740/2020 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmışdır. İŞİN HALLARİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 99486 manat əsas borc və 42365 manat faiz borcu olmaqla, cəmi 141.851 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 sentyabr 2009-cü il tarixli, 02 saylı kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh 204546 manat məbləğində kredit verilmişdir. Mövcud kredit müqaviləsinə əsasən kreditin muddəti 20 noyabr 2009-cu ilədək, illik faiz dərəcəsi isə 7% müəyyən edilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə görə borcalan krediti və onun faizlərini kredit müqaviləsinə əlavə edilmiş 1 saylı əlavəyə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 14 sentyabr 2009-cu il tarixli, 02 saylı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetiməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödənişi tam etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin kredit üzrə olan əsas borcu 99.486 manat, kredit müqaviləsi üzrə 30 noyabr 2018-ci il tarixə hesablanmış 42.365 manat faiz borcu olmaqla, cəmi 141.851 manat təşkil edir. Cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Hazırkı işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Sübut qismində istinad olunan 14 sentyabr 2009-cu il tarixli, 02 saylı kredit müqaviləsinin mötəbərliyi və mümkünlüyü yoxlanılmamışdır. Həmin müqavilənin tərəfi kimi o, göstərilsə də, onun tərəfindən belə bir müqavilə bağlanmamış və imzalanmamışdır. Məhkəmə tərəfindən ekspertiza təyin edilərdisə, bu müqavilənin saxta olduğu açıq-aşkar aydın olardı. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Onun, ümumiyyətlə bu müqavilədən məlumatı olmamış və həmin kredit üzrə onun tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmişdir. Lakin məhkəmə mübahisəyə formal baxmış, qeyd edilən xüsusatlar araşdırılmamışdır. Buna görə də qətnamə ləğv edilməli, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh, həmçinin onun vəkili və nümayəndəsi X9 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh əlavə etdi ki, qeyd edilən krediti vaxtilə onun sürücülük etdiyi "xxxx" MMC-nin müdiri olmuş, mehmanxana biznesilə məşğul olan X15 götürmüş və kredit üzrə ödənişi də özü etmişdir. Bu barədə ona heç vaxt heç bir söz deyilməmişdir. Sonradan səhhətində yaranmış problemlərlə bağlı həmin MMC-dəki işdən çıxmış və başqa işlə məşğul olmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri X10, X7 və X8 şikayətlə razılaşmadılar və onun rədd olunmasını xahiş etdilər. X10 əlavə etdi ki, təqdim edilmiş və iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, krediti məhz cavabdeh götürüb və borcu da o ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2009-cu il tarixli, 02 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 7% olmaqla 20.11.2009-cu ilədək 204.546 manat məbləğində kredit verilmişdir. Yenə işdə olan 05 dekabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 30 noyabr 2018-ci il tarixə əsas borcu 99.486 manat, müqavilənin bitdiyi 20 noyabr 2009-cu il tarixinə faiz borcu 2665 manat, müqavilənin bitdiyi tarixdən hal-hazıra kimi 5%-lik borcu 55.401 manat, 30 noyabr 2018-ci il tarixinə faiz borcu isə 42.365 manat təşkil edir. Yenə də işdə olan 31 iyul 2017-ci il tarixli məktubdan görünür ki, İddiaçı ASC 14 sentyabr 2009-cu il tarixli, 02 saylı kredit müqaviləsi üzrə borc və onun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq etmişdir. Məktub ona çatmamışdır. İşə əlavə edilmiş Əmənatlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi departamentinin məhkəmələrlə iş şöbəsinin müdiri F.Əliyevin 20 may 2020ci il tarixli məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2009-cu il tarixli, 02 nömrəli kredit müqaviləsinə dair kassa məxaric qəbzinin əslinin göndərilməsi mümkün deyildir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2009-cu iltarixli, 02 nömrəli kredit müqaviləsinə dair kassa məxaric qəbzini Azərbaycan Respublikası Mərkəzi Bankının 2013-cü il 30 iyul tarixli, 16/3 nömrəli qərarı ilə təstiq edilmiş «Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında Təlimata» əsasən İddiaçı ASC-də saxlanma vaxtı keçmiş və əməli əhəmiyyətinin itirmiş sənədləri məhv edilmək üçün 07 aprel 2015-ci il tarixli saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında Aktla Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil verilmişdir. 17 aprel 2019-cu il tarixli həmin aktdan görünür ki, bu sənədlər heç bir şəxs tərəfindən qəbul edilməmişdir. İş materiallarında olan 07.04.2015-ci il tarixli aktdan görünür ki, bank sisteminin fəaliyyəti nəticəsində sənədlərin saxlanma müddəti üzrə 2013-cü ildə nəşr edilmiş Siyahıya əsasən tarixi, praktiki əhəmiyyətini itirmiş və gələcəkdə lazım olmayan 2004-cü ilə aid sənədlərin və işlərin məhvə ayrılmış aktına əsasən Bankın Ekspert Komissiyası tərəfindən müzakirə edilməklə məhv edilmişdir. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2020-ci il tarixli, 4/597 saylı məhkəmə xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 5-6-cı vərəqəsində İddiaçı ASC ilə Cavabdeh adından olan 14 sentyabr 2009-cu il tarixli, 02 nömrəli kredit müqaviləsinin sonunda «Borcalan» qrafasındakı imzanın Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Yenə də iş materiallarında olan AR Ədliyyə Nazirliyi PX-nin 2 saylı Cəzaçəkmə Müəssisəsindən məhkəməyə daxil olmuş X11 26 avqust 2021-ci il tarixli izahatından görünür ki, o, hazırkı mübahisə ilə tanışdır. O, "xxxx" MMC-nin direktoru (eyni zamanda təsisçisi) olan dövrdə şirkətin maliyyə vəziyyəti ilə əlaqədar olaraq İddiaçı ASC-dən kredit götürmüşdür. Kreditin müddəti çatdığından və bank tərəfindən gecikdirməyə görə faiz hesablandığına görə X6 faiz hesablanmamasını, vaxt verməyini xahiş etmişdir. X12 isə kiminsə adına kredit rəsmiləşdirib yeni kredit müqaviləsi ilə veriləcək pulu "xxxx" MMC-nin borcuna yönəltməyin mümkün olduğunu bildirmişdir. Bunun üçün istənilən adamın şəxsiyyət vəsiqəsinin surətini gətirməyi ona bildirmişdir. Həmin dövrdə sürücüsü olan Cavabdeh vəsiqəsinin surətini banka təqdim etmiş və Cavabdeh xəbəri olmadan onun adına kredit müqaviləsi tərtib olunmuş, tərtib olunan kredit müqaviləsi üzrə verilməli olan pul məbləğinə nə onun, nə də Cavabdeh əli dəymədən həmin vəsait "xxxx" MMC-nin əvvəlki borcuna yönəlmişdir. Cavabdeh xəbəri olmadan verilmiş kredit reallıqda onun borcu olduğundan həmin kredit üzrə ödənişləri özü həyata keçirmişdir. Səhhətilə əlaqədar olaraq məhkəmə proseslərində iştirak edə bilmədiyindən izahatı yazılı formada göndərmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin işdə olan 18 oktyabr 2016-cı il tarixli, 1(101)-78/2016 saylı hökmündən görünür ki, X15 AR CM-nin 178.3.2, 179.3.2, 213.1, 213.2.2, 308.2 və 313-cü maddələrilə məhkum edilmiş və müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, azadlıqdan məhrum edilmişdir. Qeyd olunan hökmdən görünür ki, həmin cinayət işi üzrə zərərçəkmişlərdən biri də İddiaçı ASC olmuşdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, iş üzrə cavabdehin və tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və yuxarı instansiya məhkəməsinin qanuni göstərişlərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, Cavabdeh əsas borca görə 99486 manat, faiz borcuna görə 42365 manat olmaqla, cəmi 141851 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia qismən yazılsa da, faktiki olaraq tamamilə təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və onun müqavilə üzrə iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas və faiz borcu qalmışdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 443, 448.1, 467 və 739-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Cavabdeh isə qətnamədən apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mübahisə üzrə aşağıda istinad olunan hüquq normaları əsasında araşdırma aparmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddiaçı tərəf iş materiallarına əlavə edilmiş 14 sentyabr 2009-cu il tarixli kredit müqaviləsinə əsaslanaraq Cavabdeh 204546 manat məbləğində kreditin verilməsini iddia edir. Cavabdeh həmin məbləği almasını inkar edir. Belə olan halda bu məbləğdə kreditin bankdan cavabdehə verilməsini, yəni cavabdeh tərəfindən qəbul edilməsini yalnız ciddi maliyyə sənədi olan kassa məxaric orderi təsdiq edə bilər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1 və 5.2-ci bəndlərində nəzərdə tutulmuşdur ki, kredit vəsaiti bu müqavilə qüvvəyə mindiyi tarixdən 20 gündən gec olmayaraq Borc verən tərəfindən Borc alanın ssuda hesabına köçürülür və bu barədə dərhal Borc alana məlumat verilir. Kredit vəsaitindən istifadə müddətinin axımı Borc alanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixdən sonrakı gün başlanır. İş materiallarında kredit müqaviləsilə verilməsi nəzərdə tutulmuş kreditin Cavabdeh verilməsini təsdiq edən mötəbər sənəd, yəni kassa məxaric orderi mövcud deyildir. Bundan başqa, məlum kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borc alana verilən kredit vəsaitindən istifadə müddəti 02 (iki) ay müəyyən edilmişdir (20.11.2009cu ilədək). Bu müddətin uzadılması barədə tərəflər razılığa gəldikdə, belə razılıq bu müqavilənin 6.6-cı bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Müqavilənin 6.7-ci bəndinə əsasən Borc alan tərəfindən kreditin qaytarılması bərabər hissələrlə aylıq ödəmələrin həyata keçirilməsi yolu ilə aparılır. Lakin, iş materialları ilə müəyyən olunur ki, kreditor tərəfindən Borc alanın kreditin qaytarılmasının bərabər hissələrlə aylıq ödəmələri həyata keçirmək üçün ödəniş cədvəli tərtib olunmamış və müqavilənin tərkib hissəsi sayılmaqla, müqaviləyə əlavə edilməmişdir. Məlum kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit təyinatı üzrə istifadə edilmədikdə, Borc verən tərəfindən borc öhdəliyinin icra edilməsinin vaxtından əvvəl tələb edilməsi mümkündür. Lakin, müqavilə üzrə kredit təyinatının nədən ibarət olması müəyyən deyildir. Kredit müqaviləsin 6.6, 6.7 və s. bəndlərində qeyd olunur ki, Borc verənə hüquq verilir ki, Borc alanın sərəncamı olmadan ona yazılı bildiriş göndərilməklə, gecikdirilmiş borcun məbləğini Borc alanın hesablaşma hesablarından akseptsiz qaydada silsin. Borc verən Borc alanın ssuda hesabına kredit vəsaitinin köçürülməsi barədə dərhal Borc alana məlumat verməyi öhdəsinə götürür. Belə bildirişlər poçt vasitəsilə rəsmi olaraq göndərilir. 6.7-ci bənddə isə nəzərdə tutulmuşdur ki, tərəflərin bütün xəbərdarlıqları yazılı formada olmalıdır. İş materialları ilə müəyyən olur ki, Bank tərəfindən borcun qaytarılması barədə cavabdehə 2017-ci ilədək heç bir müraciət və xəbərdarlıq olmamışdır. Birinci müraciət 31 iyul 2017-ci il tarixdə olmuşdur. Xəbərdarlıqdan isə görünür ki, məktub ünvan 1 ünvanda olmuş, lakin cavabdeh həmin ünvanda yaşamadığından məktub geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu tarixdə Zəngilan şəhəri hələ işğal altında olduğundan cavabdehə göndərilən xəbərdarlıq məktubu formal sənəd kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda kreditlərin verilməsi qaydaları”nın tələblərinə əsasən təminatsız kreditlər borcalanın uzun müddətli maliyyə hesabatları və kredit tarixləri əldə edilməklə verilməlidir. Fiziki şəxslər üçün tələb olunan maliyyə hesabatları qismində əmək haqqı və ya fiziki şəxsin rəsmi qaydada təsdiq edilmiş digər mənbələrdən aldığı gəlirlər barədə arayış çıxış edir. İş materiallarından görünür ki, Cavabdeh Zəngilan şəhəri, H.Hacıyev küçəsi, ev 19 ünvanında qeydiyyatda olaraq, heç bir yerdə işləmir. Əmənatlərin Sığortalanması Fondunun Kreditlərin İdarə Edilməsi Departamentinin Məhkəmələrlə İş Şöbəsinin müdiri F.Əliyev tərəfindən məhkəməyə göndərilmiş 20 may 2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2009-cu il tarixli, 02 nömrəli kredit müqaviləsinə dair kassa məxaric qəbzinin əslinin göndərilməsi mümkün deyildir. Belə ki, tərəflər arasında bağlanmış 14 sentyabr 2009-cu iltarixli, 02 nömrəli kredit müqaviləsinə dair kassa məxaric qəbzini Azərbaycan Respublikası Mərkəzi Bankının 2013-cü il 30 iyul tarixli, 16/3 nömrəli qərarı ilə təstiq edilmiş «Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında Təlimata» əsasən İddiaçı ASC-də saxlanma vaxtı keçmiş və əməli əhəmiyyətinin itirmiş sənədləri məhv edilmək üçün 07 aprel 2015-ci il tarixli saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında aktla Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil verilmişdir. 17 aprel 2019-cu il tarixli həmin aktdan görünür ki, həmin sənədlər heç bir şəxs tərəfindən qəbul edilməmişdir. Həmçinin, iş materiallarında olan 07.04.2015-ci il tarixli aktla müəyyən olur ki, bank sisteminin fəaliyyəti nəticəsində sənədlərin saxlanma müddəti üzrə 2013-cü ildə nəşr edilmiş Siyahıya əsasən tarixi, praktiki əhəmiyyətini itirmiş və gələcəkdə lazım olmayan 2004-cü ilə aid sənədlərin və işlərin məhvə ayrılmış aktına əsasən Bankın Ekspert Komissiyası tərəfindən müzakirə edilməklə məhv edilmişdir. «Banklar haqqında» Qanunun 39.1-ci maddəsinə görə banklar bank əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədləri, o cümlədən elektron daşıyıcılarda olan informasiyanı, habelə fəaliyyətləri nəticəsində yaranan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən müştərini eyniləşdirməyə, habelə müştərilərin hesablaşma və köçürmə əməliyyatlarını təsdiq etməyə imkan verən sənədlər müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən və ödənişlər (köçürmələr) başa çatdıqdan sonra azı 5 il müddətində bankda saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Mərkəzi X18 tərəfindən 30 iyul 2013-cü il tarixli, 16/3 saylı qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat"ın İİ fəslinin 55-ci bəndinə görə “Kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borcalanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat təminatın qiymətləndirilməsinə dair sənədlər, kreditin istifadəsinə nəzarətin nəticələri, kreditin ödənilməsi barədə bank sənədləri və kredit dosyesinə aid digər sənədlər - kredit ödənildikdən və ya balansdan silindikdən sonra 5 il müddətində saxlanılır. İşdən görünür ki, iddiaçı hazırkı tələbini sübut etmək üçün məhkəməyə kredit müqaviləsini, xəbərdarlıq məktubunu, maliyyə arayışını təqdim etsə də, kreditin məhz cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən yeganə mötəbər sənədi-kassa məxaric orderini təqdim etməmiş, bunun üçün digər sənədlərin deyil, yalnız kassa məxaric oredrinin arxivə təqdim olunmasını və məhv edilməsini bildirmişdir. Halbuki, daha öncə istinad olunan normastiv sənədə əsasən “Kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borcalanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat təminatın qiymətləndirilməsinə dair sənədlər, kreditin istifadəsinə nəzarətin nəticələri, kreditin ödənilməsi barədə bank sənədləri və kredit dosyesinə aid digər sənədlər - kredit ödənildikdən və ya balansdan silindikdən sonra 5 il müddətində saxlanılır. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının həmin dəlilini inandırıcı hesab etmir. Bundan əlavə, iddia tələbi üçün əsas istinad sənədi hesab olunan kredit müqaviləsinin özünü də mötəbər, legitim, əsaslı şübhələrdən kənar bir sübut kimi qəbul etmək çətindir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2020-ci il tarixli, 4/597 saylı məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş mülki işin 5-6-cı vərəqəsində İddiaçı ASC ilə Cavabdeh adından olan 14 sentyabr 2009-cu il tarixli 02 nömrəli kredit müqaviləsinin sonunda «Borcalan» qrafasındakı imzanın Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. İş materialları ilə müəyyən edilir ki, məlum kredit müqaviləsi bağlanan zaman cavabdeh tərəfindən heç bir girov və ipoteka təminatı qoyulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, 204.546 manat məbləğində kreditin əmək haqqı olmayan şəxsə girovsuz, təminatsız, biznes-plansız, təyinatsız, zaminsiz, sığortasız və sairə vacib sənədləşdirmələr aparılmadan verilməsi inandırıcı deyildir. İş materiallarından göründüyü kimi, cavabdeh kredit məbləğini almamasını, eləcə də banka ödənişlər etməməsini bildirmiş, iddiaçı bank isə pulun cavabdehə ödənilməsinə dair məxaric sənədlərinin məhv edilməsini göstərmiş, eləcə də banka ödənilmiş kredit məbləğinin cavabdeh tərəfindən ödənilməsini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, cavabdeh vaxtilə X15 adlı iş adamının sürücüsü işləmiş, mübahisəli krediti cavabdeh deyil, məhz X15 götürmüş və sonradan 30 noyabr 2012-ci ildə 105060,34 manat ödəniş etmişdir. Daha sonra isə o, başqa əsaslarla Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli, 1(101)-78/2016 saylı hökmü ilə AR CM-nin 178.3.2, 179.3.2, 213.1, 213.2.2, 308.2 və 313-cü maddələrilə məhkum edilmiş və müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, azadlıqdan məhrum edilmişdir. Həmin şəxs hazırda AR Ədliyyə Nazirliyi PX-nin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməkdədir. X11 məhkəməyə göndərdiyi 26 avqust 2021-ci il tarixli izahatından (AR Ədliyyə Nazirliyi PX-nin 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən təsdiq edilmişdir) görünür ki, o, hazırkı mübahisə ilə tanışdır. O, "xxxx" MMC-nin direktoru (eyni zamanda təsisçisi) olan dövrdə şirkətin maliyyə vəziyyəti ilə əlaqədar olaraq İddiaçı ASC-dən kredit götürmüşdür. Kreditin müddəti çatdığından və bank tərəfindən gecikdirməyə görə faiz hesablandığına görə X6 faiz hesablanmamasını, vaxt verməyini xahiş etmişdir. X12 isə kiminsə adına kredit rəsmiləşdirib yeni kredit müqaviləsi ilə veriləcək pulu "xxxx" MMC-nin borcuna yönəltməyin mümkün olduğunu bildirmişdir. Bunun üçün istənilən adamın şəxsiyyət vəsiqəsinin surətini gətirməyi ona bildirmişdir. Həmin dövrdə sürücüsü olan Cavabdeh vəsiqəsinin surətini banka təqdim etmiş və Cavabdeh xəbəri olmadan onun adına kredit müqaviləsi tərtib olunmuş, tərtib olunan kredit müqaviləsi üzrə verilməli olan pul məbləğinə nə onun, nə də Cavabdeh əli dəymədən həmin vəsait "xxxx" MMC-nin əvvəlki borcuna yönəlmişdir. Cavabdeh xəbəri olmadan verilmiş kredit reallıqda onun borcu olduğundan həmin kredit üzrə ödənişləri özü həyata keçirmişdir. İşin bu hallarına məcmu halda qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 14 sentyabr 2009-cü il tarixli, 02 saylı kredit müqaviləsi üzrə kredit vəsaitinin bank tərəfindən Cavabdeh təqdim edilməsini lazımi əsaslarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tutarlı əsas gətirilməmiş, tələb olunan borc məbləğinin cavabdeh tərəfindən götürülməsi sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəmənin iddiaçının tələbini əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Beləliklə, müəyyən olundu ki, birinci instansiya məhkəməsi mübahisə üzrə işin faktiki hallarına düzgün qiymət verməmiş, müqavilə öhdəliyi ilə yaranmamış kredit borcunun geri qaytarılması barədə iddiaçının qanunsuz tələbini heç bir əsas olmadan təmin etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlara əsasən apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat onun özünə aid edilməli, cavabdehin apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 15,40 manat dövlət rüsumu iddiaçıdan tutularaq ona qaytarılmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 112 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(034)-91/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat iddiaçının özünə aid edilsin. Cavabdehin apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 15,40 manat dövlət rüsumu Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Cavabdeh qaytarılsın. Keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının dəyəri olaraq 112 manat məbləğində pul iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına köçürülsün. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar