Məhkəmə qərarları › İş №2(105)-2219/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2219/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2219/2020 28.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Cavabdeh Əlibaba oğlunun iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin X1 Fondunun Cavabdeh Əlibaba oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-874/2020 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin X1 Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddiacı LPO İddiaçı ASC-nin X1 Fondunun Cavabdeh Əlibaba oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı LPO İddiaçı ASC-nin X1 Fondu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əlibaba oğlundan 4.914 manat 19 qəpik əsas, 2.536 manat 22 qəpik faiz, 01 manat 77 qəpik çərimə, 720 manat 07 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 8.172,25 AZN (səkkiz min yüz yetmiş iki manat, 25 qəpik) məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Əlibaba oğlu arasında bağlanmış xx.xx.2010-cu il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən, cavabdehə 72 ay müddətinə, illik 13% (on üç faiz) ödənilmək şərtilə 5.000 (beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh Əlibaba oğlu kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 4.914 manat 19 qəpik əsas, 2.536 manat 22 qəpik faiz, 01 manat 77 qəpik cərimə, 720 manat 07 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 8.172,25 AZN (səkkiz min yüz yetmiş iki manat, 25 qəpik) məbləğində borcu mövcuddur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı LPO İddiaçı ASC-nin X1 Fondu Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə üçün mühüm əhəmiyyəti olan faktlar araşdırılmamış və həmin nəticə işin hallarına uyğun olmamış, göstərilən səhv nəticəyə görə maddi və prosessual hüquq normaları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh Əlibaba oğlu apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının iddia tələbinin əsası kimi istinad halları sübut edə bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının gəldiyi bu nəticəni iddiaçı apellyasiya qaydasında mübahisələndirərək, apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 77.1., 78.1., 80., 81., 88-ci maddələri). İşdən göründüyü kimi iddiaçı cavabdehlə bağladığı kredit müqaviləsinə əsasən cavabdehə kredit vəsaiti verdiyini, cavabdehin bank qarşısında öhdəlik götürdüyünü, həmin öhdəliyi icra etmədiyini əsas gətirərək, iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin qeyd etdiyi xüsusatları təsdiq edən kredit müqaviləsini iş materiallarına əlavə etməmişdir. Bu səbəbdən sübutetmə yükü daşıyan iddiaçı istinad etdiyi halları sübut edə bilmədiyindən, iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiq hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar