Məhkəmə qərarları › İş №2(105)-2219/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2219/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2219/2023 08.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-5904/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ÜŞT çərçivəsində 0134072AZN05501 saylı, xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 18,50 %, illik cərimə faizi 180 % olmaqla, 10000 (on min) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir.

2. ÜŞT çərçivəsində 0081003AZN40654 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 19%, illik cərimə faizi 180% olmaqla 4821,33 (dörd min səkkiz yüz iyirmi bir manat otuz üç qəpik) manat məbləğində istehlak xərcləri məqsədilə birdəfəlik krediti verilmişdir.

3. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 09 iyun 2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: 0081003AZN40654 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2111,46 (iki min bir yüz on bir manat qırx altı qəpik) manat əsas borc, 80,22 (səksən manat iyirmi iki qəpik) manat faiz borcu, 237,98 (iki yüz otuz yeddi manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2429,66 (iki min dörd yüz iyirmi doqquz manat altmış altı qəpik) manat təşkil edir. Gecikmə günlərinin sayı - 74 gün;

4. 0134072AZN05501 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 177,81 (bir yüz yetmiş yeddi manat səksən bir qəpik) manat faiz borcu, 1552,24 (bir min beş yüz əlli iki manat iyirmi dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1730,05 (bir min yeddi yüz otuz manat beş qəpik) manat təşkil edir. Gecikmə günlərinin sayı - 319 gün;

5. 41010AZNFK.********** kart hesabına əsasən tekniki overdraft əməliyyatı üzrə 0,11 (on bir qəpik) manat əsas borc, 0,18 (on səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 0.29 (iyirmi doqquz qəpik) manat təşkil edir. Gecikmə günlərinin sayı - 320 gün.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0134072AZN05501 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 177,81 (bir yüz yetmiş yeddi manat səksən bir qəpik) manat faiz borcu, 1552,24 (bir min beş yüz əlli iki manat iyirmi dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1730,05 (bir min yeddi yüz otuz manat beş qəpik) manat borcun, 0081003AZN40654 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2111,46 (iki min bir yüz on bir manat qırx altı qəpik) manat əsas borc, 80,22 (səksən manat iyirmi iki qəpik) manat faiz borcu, 237,98 (iki yüz otuz yeddi manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2429,66 (iki min dörd yüz iyirmi doqquz manat altmış altı qəpik) manat borcun, 41010AZNFK********** kart hesabına əsasən tekniki overdraft əməliyyatı üzrə 0,11 (on bir qəpik) manat əsas borc, 0,18 (on səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 0,29 (iyirmi doqquz qəpik) manat borcun tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 62 (altmış iki) manat dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC17182İB/2020saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Daha sonra həmin ümumi şərtlər toplusu çərçivəsində 0134072AZN05501 saylı xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 18.50%, illik cərimə faizi 180% olmaqla 10000 (on min) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Bundan başqa tərəflər arasında xx.xx.2022-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.1.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-17182İB/2020 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Daha sonra həmin ümumi şərtlər toplusu çərçivəsində 0081003AZN40654 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 19%, illik cərimə faizi 180% olmaqla 4821,33 (dörd min səkkiz yüz iyirmi bir manat otuz üç qəpik) manat məbləğində istehlak xərcləri məqsədilə birdəfəlik krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin 0134072AZN05501 saylı maliyyələşdirmə üçün ərizə üzrə sayı 319 gün, 0081003AZN40654 saylı maliyyələşdirmə üçün ərizə üzrə sayı 74 gün, 41010AZNFK********** saylı hesab üzrə texniki overdraft əməliyyatı üzrə isə 320 gün təşkil edir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: 0134072AZN05501 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 177,81 (bir yüz yetmiş yeddi manat səksən bir qəpik) manat faiz borcu, 1552,24 (bir min beş yüz əlli iki manat iyirmi dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1730,05 (bir min yeddi yüz otuz manat beş qəpik) manat təşkil edir; - 0081003AZN40654 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2111,46 (iki min bir yüz on bir manat qırx altı qəpik) manat əsas borc, 80,22 (səksən manat iyirmi iki qəpik) manat faiz borcu, 237,98 (iki yüz otuz yeddi manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2429,66 (iki min dörd yüz iyirmi doqquz manat altmış altı qəpik) manat təşkil edir; - 41010AZNFK********** kart hesabına əsasən tekniki overdraft əməliyyatı üzrə 0,11 (on bir qəpik) manat əsas borc, 0,18 (on səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 0,29 (iyirmi doqquz qəpik) manat təşkil edir. Ümumi şərtlər toplusuna əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə və ya kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı bankın əsaslı ehtimalları yarandıqda bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda ÜŞT-nin bank xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrinə dair hissəsinə əsasən bankın qüvvədə olan tariflərində nəzərdə tutulmuş müvafiq xidmət haqqını banka ödəmək müştərinin vəzifəsidir. Bundan başqa ÜŞT-nin ödəniş kartı bölməsi üzrə karta dair ümumi məlumatlar bölməsində qeyd edilir ki, kart üzrə texniki overdraft, yəni hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Ümumi şərtlər toplusuna əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 62 (altmış iki) manat dövlət rüsumu ödəmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-5904/2023 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia qismən təmin edilərək, Cavabdeh, 0134072AZN05501 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 177,81 (bir yüz yetmiş yeddi manat səksən bir qəpik) manat faiz borcu, 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 192,81 (yüz doxsan iki manat səksən bir qəpik) manat borc, 0081003AZN40654 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2111,46 (iki min bir yüz on bir manat qırx altı qəpik) manat əsas borc, 80,22 (səksən manat iyirmi iki qəpik) manat faiz borcu, 237,98 (iki yüz otuz yeddi manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2429,66 (iki min dörd yüz iyirmi doqquz manat altmış altı qəpik) manat borc, 41010AZNFK********** kart hesabına əsasən tekniki overdraft əməliyyatı üzrə 0,11 (on bir qəpik) manat əsas borc, 0,18 (on səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 0,29 (iyirmi doqquz qəpik) manat borc, ümumilikdə 2622,76 manat borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 46,23 (qırx altı manat, iyirmi üç qəpik) manat dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması, dövlət rüsumu kimi ödənilmiş məbləğin 15,77 manatının iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini icra etməyərək onun tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 1552,25 manat və 237,98 məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab etmişdir ki, 1552,25 manat dəbbə pulunun tutulması hissəsində tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir.

10. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hesab etmişdir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1%-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 2622,76 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 62 manat dövlət rüsumunun 46,23 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 15,77 manat iddiaçının özünə aid edilməlidir.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 739, 442, 448.1. 467-ci, Mülki Prosessual Məcəllənin 119.1, 284-1, 14.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin 0134072AZN05501 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimə borcunun təmin edilməmiş hissəsində və ödənilmiş dövlət rüsumunun 15.77 manatının iddiaçıya aid edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddənin mənasından belə başa düşmək olar ki, burada cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda maddədə “tənasübsüz” (uyğunluğu olmayan, əndazəsiz, uyğunsuz) deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də amma hüquqi düşüncəsinə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur. Məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamış və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq, məqsədi güdmüşdür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, öz qətnaməsində bu normaya istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən 0134072AZN05501 saylı maliyyələşdirmə üçün ərizə üzrə krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı müvafiq olaraq 319 gün olduğundan cərimə məbləğinin məhkəmə tərəfindən 15 (on beş) manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.

17. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

19. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

20. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

23. Maddə 394-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə baxılması 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.

24. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 394-1.3-cü maddəsinin tələbinə əsasən qətnamədən verilən apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi 0134072AZN05501 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimə borcunun təmin edilməmiş hissəsində və ödənilmiş dövlət rüsumunun 15.77 manatının iddiaçıya aid edilməsi hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissələrdə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Cərimə borcunun tutulması hissəsində apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər.

29. Verilmiş kredit borcu üzrə ödənişlərin gecikdirilməsi və bunun nəticəsində cərimə məbləğinin tələb edilməsi əsaslıdır. Lakin müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunduğundan, bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır.

30. Konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun.

31. Belə olan halda, məhkəmə kollegiyası qəbul edilmiş qətnamənin cavabdeh üçün yaradacaq iqtisadi və sosial nəticələrini qabaqcadan görərək cərimə borcunun azaldılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və qeyd edir ki, iddiaçı bank tərəfindən tələb edilən dəbbə pulunun minimal miqdara qədər azaldılması cavabdehin müqavilə üzrə ödənilmədən qalmış borc məbləğinin ödənilməsinə zəmin yaratmış olar.

32. Apellyasiya şikayətinin dövlət rüsumunun tutulması barədə dəliləri ilə bağlı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun 15.77 manatının iddiaçıya aid edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də əsaslıdır.

33. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-5904/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar