Məhkəmə qərarları › İş №2(105)-2220/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2220/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2220/2020 16.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi: X1, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, İddiaçı «xxxxxx» İKB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Ə.Hacıyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 5.147,97 manat əsas borc, 2.596.5 manat faiz borcu, 50 manat cərimə və kredit müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 351.25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 8.145 (səkkiz min bir yüz qırx beş) manat 72 (yetmiş iki) qəpik məbləğində borcun iddiaçı «xxxxxx» X2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxxxx» İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı «xxxxxx» İKB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada «xxxxxx» İBK ASC-nin xeyrinə xx xxxx 2014cü il tarixli kredit müqaviləsi üzrə banka 5.147,97 manat əsas borc, 2.596,5 manat faiz borcu, 556,47 manat cərimə və kredit müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 351,25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 8.652,19 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən «xxxxxx» İKB ASD-dən illik 28%-lə 36 ay müddətinə 8.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuşlar, üzərinə düşən öhdəlikləri lazımsınca yerinə yetirməmişlər. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə bank tərəfinldən Cavabdeh1 və Cavabdeh2 borcun qaytarılması tələbi ilə bağlı xəbərdarlıq olunsa da, cavabdehlər borcun qaytarılmasından yayınmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla «xxxxxx» İKB ASC arasında xx xxxx 2014-cü ildə kredit müqaviləsi imzalanmışdır. Hazırkı müqavilə üzrə borcun yaranmasına səbəb işsizliyi və maddi vəziyyətinin pisləşməsi olmuşdur. Bu barədə bankın Gənclik filialına digər cavabdehlə birlikdə gedərək orada yazılı olaraq məlumat vermişdir. Maddi vəziyyətinin pisləşməsi səbəbindən kredit borcundan gecikmələr olmuşdur. O, üzərinə düşən kredit borcunu maddi imkanı daxilində ödəmişdir (4000 manat). Bu səbəbdən də bu işdə qəbul olunmuş qətnaməni əsassız hesab edir. Məhkəmə işə onların iştirak olmadan baxmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(060)-2971/2019 saylı qətnaməsini ləğv edib, yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasındlan xahiş etdi. İddiaçının nümayəndəsi R.M.Abdullayev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnaməməni dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasınedan xahiş etdi. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, zamin müqaviləsinin olmasına, lakin cavabdehlər tərəfindən həmin müqavilənin şərtlərinin yerinə yetirməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz hissəsində qanuni və əsaslı deyil, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, «xxxxxx» İKB ASC-nin 1 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 1-Z-2-0-809-14 saylı istehlak kredit müqaviləsinə əsasən, borcverən borcalana illik faiz dərəcəsi 28% olmaqla 36 ay müddətinə xx xxxx 2014-cü il tarixdən xx xxxx 2017-ci il tarixədək 8000 manat məbləğində kredit verilmişdir. Müqaviləyə görə əlverişsiz şəraitin yaranması nəticəsində borc alanın borcu ödəmək qabiliyyəti olmadıqla pul vəsaitlərinin ödənilməsinin və pul öhdəliyinin icra edilməsinin kreditor tərəfindən vaxtından əvvəl tələb edilməsi mümkündür. İşdə olan «xxxxxx» İKB ASC-nin 01 saylı filialı ilə Cavabdeh2 arasında xx xxxx 2014cü il tarixli 1-Z-2-0-809-14 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən zamin kreditor qarşısında bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilədən irəli gələn öhdəliyin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İşə əlavə olunmuş 1-Z-2-0-809-14 saylı kredit müqaviləsinin 1 saylı əlavə ödəniş cədvəlindən görünür ki, borclu Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixinə ödənilməmiş əsas borcu 5.147,97 manat, faiz borcu 2.596,5 manat, cərimə borcu 556,47 manat və əldən çıxmış fayda 351,25 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını, hesablanmış faizlərin miqdarını müqayisə edərək, məhkəmə kollegiyası hesab edir ki, faizlərin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməlidir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 9/3098 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh1 xx xxxx 2014-cü il tarixli 1-Z-2-0-809-14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla banka olan əsas və faiz borcu 7.773,66 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 5.585,92 manat və faiz borcu üzrə 2.187,74 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha agırlaşdırdıgını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alıb, 556,47 manat məbləgində dəbbə pulunun tənasübsüz surətdə yüksək, odur ki, dəbbə pulunu azaldılaraq 50 manat müəyyən edilməsini məhkəmə kollegiyası düzgün hesab edir. Məhkəmə kollegiyası Cavabdeh1 işə onun iştirakı olmadan baxılması barədə gətirdiyi dəlili qəbul etmir. İşdə olan xx xxxx 2019-cu il tarixli 2(060)-2971/2019 saylı bildiriş məktubundan müəyyən olunur ki, tərəflər məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından, iş üzrə məhkəmə qətnaməsi faiz hissəsində apellyasiya qaydasında dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxx 2019-cu il tarixli 2(060)-2971/2019 saylı qətnaməsi faiz hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 5.147,97 manat əsas borc, 2.187.74 manat faiz borcu, 50 manat cərimə və kredit müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 351.25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 7.736 (yeddi min yeddi yüz otuz altı) manat 96 (doxsan altı) qəpik məbləğində borc iddiaçı «xxxxxx» X2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun, iddia tələbi qalan hissədə təmin olunmasın, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxxxx» İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh1 Filayət oğlundan alınaraq SAP (XİİS) hesabı Dövlət Xəzinədarlığı Agentliyi kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar