Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2220/2023 28.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-113/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair Cavabdeh2 tərəfindən verilmiş vəsatətin təmin edilməməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-113/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı dəymiş ziyanın ödənilməsi tələbinə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona vurulmuş maddi ziyanın əvəzi olaraq 35422 (otuz beş min dörd yüz iyirmi iki) manatın və ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-113/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 11872 (on bir min səkkiz yüz yetmiş iki) manat və ödənilmiş 125,62 (bir yüz iyirmiş beş manat altmış iki qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun 71,38 (yetmiş bir manat otuz səkkiz qəpik) manatının İddiaçı özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh2 tutulması qət edilmişdir (hakim E.Hüseynov). Cavabdeh2 xx.xx.2023-cü il tarixdə qətnamədən apellyasiya şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-113/2023 nömrəli qərardadı ilə sözügedən qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə məhkəməyə vəsatət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-113/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasını səbəbini üzürlü hesab edərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mobil nömrəsi xx.xx.2022-ci il tarixində birtərəfli, xx.xx.2023-cü il tarixdə isə ikitərəfli bağlanaraq ləğv olunmuşdur. Bu səbəbdən ASAN imza vasitəsilə elektron kabinetə giriş edə bilmədiyindən məhkəmə qətnaməsi ilə tanış ola bilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-113/2023 nömrəli qərardadı ilə Cavabdeh2 qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə verdiyi vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-113/2023 nömrəli qərardadını ləğv edilib, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin səbəbini üzrlü hesab edərək, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin mobil nömrəsi (***-***-**-**) xx.xx.2022-ci il tarixində birtərəfli, xx.xx.2023-cü il tarixində isə ikitərəfli bağlanaraq nömrələri ləğv olunmuşdur. Bu səbəbdən ASAN İmza vasitəsilə elektron kabinetə giriş edə bilmədiyindən məhkəmə qətnaməsi ilə tanış ola bilməmişdir. Eyni zamanda məhkəmə qəradadında qeyd edidiyi apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin axımının başlanması həmin gündən, yəni 21 iyun 2023-cü il tarixdən etibarən hesablanmağa başlamışdır. Cavabdehin apellyasiya şikayəti verməsi üçün 21 iyun 2023-cü il tarixədək müddət nəzərdə tutulduğu halda onun ASAN İmzadan istifadə etmək imkanı olmamışdır. Şəxsiyyət vəsiqəsi qüvvədə olmadığı üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun olaraq “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməsini təmin etmək mümkün olmamışdır. Buna görə də dövlət rüsumunun ödənilməsini həyata keçirə bilmədiyindən vəkilinin adına FİN kod hesabına onun tərəfindən ödənilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 29060)-113/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-113/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-113/2023 saylı qərardadından iş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil verdiyi xx.xx.2023-cü il tarixli şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 113/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(060)-113/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh2 məxsus elektron kabinetə yerləşdirilmişdir. Həmin tarixdən apellyasiya şikayətinin verilməsi üçün müddətin axımı başlanmışdır. Cavabdeh tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmiş, qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür. İş materiallarından o da aydın olur ki, xx.xx.2023-cü il tarixində Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin ona verilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qətnamənin ona məxsus elektron kabinetə yerləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli cavab məktubu zərfin üzərində “evdə olmadı”, qeydi yazılaraq geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə isə Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasını səbəbini üzürlü hesab edərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin buraxılmış prosessual müddətin üzrlü səbəbdən ötürülməməsi qənaətinə gəlməsi ilə razılaşır. Ona görə ki, cavabdehin qeyd etdiyi hal onun iradəsindən asılı olmayan səbəb və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək hal deyildir. Cavabdeh qətnamənin çıxarıldığı məhkəmə iclasında iştirak etmiş, yekun məhkəmə aktından məlumatlı olmuşdur. Belə ki, X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına əsas ola bilməz. Həmin dəlillər müddət bərpa barədə ərizə ilə eyniməzmunlu olmaqla mübahisələndirilən qərardadın ləğvi üçün heç bir əsasa söykənmir. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası üçün heç bir əsas yoxdur, hazırkı vəziyyətdə müddətin bərpası ədalətli yanaşma hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-113/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-113/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2220/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2220/2023
28.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver