Məhkəmə qərarları › İş №2(105)-2221/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2221/2020

07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2221/2020 07.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respubikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, X17 Bank Azərbaycan” QSC-nin nümayəndəsi X3, Cavabdeh X5 vəkili və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “X19 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, X2, X1 və X7 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-771/2018 saylı qərardadından cavabdeh X11 tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-771/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 64994 manat əsas borc, 14752,77 manat faiz borcu, 300 manat cərimə borcu, dövlət rüsumu kimi ödənilmiş 60 manat (bildirişin qeydə alınması üçün 30 manat, iddia ərizəsinin verilməsi üçün 30 manat) olmaqla, cəmi 80136,77 manat pulun “X19” QSC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, cavabdeh X1 məxsus Sumqayıt şəhəri, 12-ci mkr., 34 saylı evin 39 saylı mənzilinin ilkin satış qiymətinin 70000 manat, X7 məxsus Abşeron rayonu, Masazır kəndindəki 0,03 ha torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 140000 manat müəyyən edilməsi, ipoteka predmetlərinin hərrac vasitəsilə satışından əldə olunacaq məbləğdən 80136,77 manat borcun “X19” QSC-nin hesabına ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir (hakim E.T.Məmmədov). Qətnamədən cavabdeh X11 apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-771/2018 saylı qərardadı ilə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmişdir. Cavabdeh X11 qərardaddan şikayət verərək ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-771/2018 saylı qərardadı iləşikayət təmin edilməyərək, işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayəti bununla əsaslandırmışdır ki, apelyasiya instansiya məhkəməsinin müvafiq qərarının əldə olunmasına görə prosessual müddət ötürülmüşdür. Belə ki, həmin qərarla verilmiş apelyasiya şikayətinin kimə münasibətdə təmin olunması ona məlum olmadığından həmin qərarı əldə etmədən yeni şikayət verə bilməmişdir. Ona görə də şikayət təmin olunmalıdır. Apellyasiya baxışı zamanı cavabdeh X5 vəkili və nümayəndəsi X9 şikayəti müdafiə edib eyni məzmunlu izahat verərək təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı “X19 Azərbaycan” QSC-nin nümayəndəsi X8 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə etdi ki, bu şikayət vaxtı uzatmağa xidmət edir. Son nəticədə təmsil etdiyi SC-in hüquqları pozulur. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-771/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki işin materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 771/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surəti xx.xx.2019-cu il tarixdə cavabdeh X5 nümayəndəsi X10 tərəfindən alınmışdır. Azərbaycan Respublikası MPM-nin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 135.3-cü maddəsinin mənasına görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə verilməklə çatdırıla bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-771/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surəti xx.xx.2019-cu il tarixdə cavabdehin nümayəndəsinə verildiyindən qətnamənin surəti birinci instansiya məhkəməsi tərəfindən cavabdehə rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Beləliklə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-771/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surəti xx.xx.2019-cu il tarixdə cavabdehə rəsmi qaydada verildiyindən ondan apelyasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin təqdim edildiyi günün sabahı, yəni xx.xx.2019-cu il tarixdən başlayır və 1 ay müddətinə xx.xx.2020-ci il tarixədək verilə bilərdi. Halbuki, işdən görünür ki, cavabdeh tərəfindən müvafiq qətnamədən apelyasiya şikayəti xx.xx.2020-ci il tarixdə verilməklə qeyd edilən prosessual müddət buraxılmış, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün heç bir əsaslı səbəb göstərməmiş, bunu əsaslandıran hallar ilə bağlı bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Şikayətin əsas dəlili kimi apelyasiya qətnaməsinin gec alınması göstərilsə də məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi alınarkən mülki iş Sumqayıt Şəhər Məhkəməsində olmuşdur. İş üzrə digər cavabdehin apelyasiya şikayətinə apelyasiya qaydasında baxılarkən yekun qərar xx.xx.2018-ci ildə qəbul edilmişdir. Başqa sözlə, apelyatora həmin vaxt işlə tanış olub ondan apelyasiya şikayəti verməyə mane olan, onun iradəsindən asılı olmayan səbəblər, məhdudiyyət halları olmamışdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. X13 Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müəyyənləşdirilmiş müddətlər hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarındanatılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri cərçivəsində edilməsini tələb edir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdehin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müddətin bərpasına dair ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395- 396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh X11 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-771/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar