Məhkəmə qərarları › İş №2(105)-2224/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2224/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2224/2021 21.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X3, Cavabdeh: X4 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qərardadı ilə (hakim E.A.Abdullayev) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İŞİN H A L L A R İ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 429 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 23.06.2017-ci il tarixinə 324,07 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 63 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 480,86 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1296,93 ABŞ dollarının və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi S.Y.Muradzadə verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəməyə iddia ərizəsini təqdim edərkən lazımi sübutlar, o cümlədən maliyyə arayışı məhkəməyə təqdim edilmişdir. İş materiallarından da müəyyən olunur ki, kifayət qədər sübutlar tərəflərindən təqdim olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 2(060)-3907/2020 saylı qərardadının ləğv edilməsi və məhkəmə iclasının təyin edilməsi barədə məhkəmə qərardadı qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi E.H.Məmmədov şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 şikayəti qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: X6 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 291/2019 saylı, 30.09.2019-cu il tarixli hökmü ilə həmin cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC tərəfindən verilmiş mülki iddia təmin edilmiş, zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-yə vurulmuş 49294,14 manat maddi ziyanın mülki cavabdehlər F.T.İsmayılovdan və C.İ.Hüseynovdan tutularaq zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-nin ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi hökm edilmişdir. Mülki iddianın təmin edilməsinə əsas ondan ibarət olmuşdur ki, “Technom” mağazasının vəzifəli şəxsləri olan təqsirləndirilən şəxslərlə hökmdə adları qeyd edilən vətəndaşlar arasında alqı-satqı müqavilələri bağlanmış və həmin şəxslərə məişət əşyaları satılmışdır. İddiaçı ASC ilə həmin vətəndaşlar arasında bağlanmış kredit müqavilələrinə əsasən “Technom” mağazasından alınmış məişət əşyalarına görə maliyyələşmə İddiaçı ASC tərəfindən həyata keçirilmişdir. Mağazadan məişət əşyaları almış vətəndaşlar aldıqları əşyalara görə kredit ödənişlərinin bir qismini banka deyil mağazanın səlahiyyətli şəxslərinə həyata keçirmişlər. Lakin, mağazanın səlahiyyətli şəxsləri həmin ödənişlərin bir qismini mənimsəyərək banka ödəməmişlər. Bu səbəbdən mənimsənilmiş həmin vəsait qeyd edilən hökmə əsasən təqsirləndirilən şəxslərdən iddiaçının xeyrinə tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-291/2019 saylı, 30.09.2019-cu il tarixli hökmündən görünür ki, F.T.İsmayılov və C.İ.Hüseynov Cavabdeh1 23.06.2015-ci il tarixli İKM 01 nömrəli istehlak krediti müqaviləsinə əsasən ödədiyi 595 manat məbləğində pul vəsaitinin 185 manatını iddiaçıya ödəməmişlər. Həmin məbləğ isə qeyd edilən hökmlə F.T.İsmayılov və C.İ.Hüseynovdan iddiaçının xeyrinə tutulmuş məbləğə aiddir. Eyni zamanda qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə kredit borcu ABŞ dolları ilə verilmişdir. Cavabdeh isə mağazaya ödənişləri manatla etmişdir. Bu səbəbdən məhkəmə iddiaçının nümayəndəsinə cavabdeh tərəfindən “Technom” mağazasına ödənilmiş və mağazanın səlahiyyətli şəxsləri tərəfindən banka ödənilməmiş ödənişlərin cavabdehdən tələb edilən məbləğdən çıxılıb-çıxılmaması, çıxıldığı təqdirdə hesablamanın hansı şəkildə aparıldığı və həmin məbləğlərin cavabdehin iddiaçıya olan borcundan çıxıldıqdan sonra cavabdehin borcunun hansı məbləğdə olması barədə ətraflı arayış təqdim etməsini təklif etmişdir. Qeyd edilən məsələnin aydınlaşdırılması üçün məhkəmə iclasları bir neçə dəfə təxirə salınmışdır. Lakin iddiaçı qeyd edilən məsələ ilə bağlı izahlı maliyyə arayışını təqdim etməmiş, habelə iddia ərizəsi geri götürülməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-ə istinad edərək, bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır (259.0.12). Birinci instansiya məhkəməsi işi baxılmamış saxladıqda, iddiaçı tərəfindən maliyyə arayışının məhkəməyə təqdim edilməməsi qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçının nümayəndəsi X5 şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 01 dekabr 2020-ci il tarixli 2(060)-3907/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar