Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2225/2020 27.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-509/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-509/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(067)-979/2012 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 125 manat məbləğində sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh uşaqları-xx.xx.2007-ci ildə anadan olmuş X3 və xx.xx.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-979/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2007-ci ildə anadan olmuş X3 və xx.xx.2008-ci ildə anadan olmuş X1 üçün xx xxx 2012-ci ildən başlayaraq cavabdehdən hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Uşaqlar hazırda orta məktəbdə təhsil alır, ona görə də tələbatları artmışdır. Cavabdehin ödədiyi 160 manat uşaqların aylıq qidasına belə çatmır. Uşaqların bütün qayğı və ehtiyaclarını o çəkir, cavabdeh isə bunları nəzərə almır və uşaqlara qarşı heç bir diqqət və qayğı göstərmir. Cavabdehin məişət obyekti vardır, xeyli müddətdir bərbər işləyir, gündəlik qazancı yetərincədir, imkanları yaxşıdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır, qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən dəyişdirilməli, ləğv edilməlidir. Belə ki, hazırda işləmir, qazancı yoxdur. O, yenidən ikinci dəfə nikaha daxil olmuş və bu nikahdan iki azyaşlı övladı vardır. Uşaqları körpə olduğundan həyat yoldaşı işləmir. Məhkəmə mübahisəni həll edərkən onun maddi imkansızlığını, ikinci nikahdan da iki uşağının olmasını nəzərə almamışdır. O, hər ay hər uşağa 100 manat məbləğində alimentin tutulmasına razıdır. Həmçinin iddiaçı işləyir və uşaqları saxlamağa maddi imkanı vardır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilməsi və uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, bərbər işləyir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, heç bir yerdə işləmir, uşaqları saxlamaqda çətinlik çəkir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X5 ataları Cavabdeh, anaları İddiaçıdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(067)-979/2012 saylı qətnaməsinin surətindən görünür ki,İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, xx xxx 2007-ci ildə anadan olmuş X3 və xx xxxxxx 2008-ci ildə anadan olmuş X1 üçün xx xxx 2012-ci ildən başlayaraq Cavabdeh hər ay hər bir uşaq üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 xx.xx.2014-cü ildə nikahlarını bağlamışlar. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə X4 nikahından xx.xx.2015-ci il tarixdə X6 və xx.xx.2016-cı il tarixdə X11 anadan olmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçı alimentin miqdarının artırılması barədə iddia tələbi irəli sürməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində qanuni və əsaslıdır. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(067)-979/2012 saylı qətnaməsi ilə xx xxx 2007-ci ildə anadan olmuş X3 və xx xxxxxx 2008-ci ildə anadan olmuş X1 üçün xx xxx 2012-ci ildən başlayaraq Cavabdeh hər ay hər bir uşaq üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2012-ci ildə yaşayış minimumu uşaqlar üçün 87 manat məbləğində müəyyən edilmişdir. Bu qanun qəbul olunan vaxtdan keçən 8 il müddət ərzində uşaqların yaşayış minimumu üçün müəyyən edilmiş məbləğ iki dəfədən artıq artmış, bu isə iddiaçının uşaqların saxlanmasına, tələbatının ödənilməsinə daha çox vəsait sərf etməsinə, başqa sözlə, onun maddi vəziyyətinin dəyişilməsinə səbəb olmuşdur. Həmçinin “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X9 iddiaçının himayəsindədirlər, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin onun üzərinə düşür. Digər tərəfdən, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(067)- 979/2012 saylı qətnaməsi ilə alimentin miqdarının müəyyən edildiyi 2012-ci ildən sonra istehlak mallarının qiymətində bahalaşma olduğundan, uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 80 manat məbləğində aliment istehlak bazarında mövcud olan hazırki real qiymətlərlə uzlaşmır və uşaqların minimal tələbatlarının ödənilməsi üçün kifayət deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Cavabdehin məhkəmə iclasında verdiyi izahatından görünür ki, bərbər işləyir. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay hər uşağa görə 125 manat sabit pul məbləğində aliment ödəmək iqtidarındadır. Digər tərəfdən, qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Cavabdeh apellyasiya şikayətində hər ay hər uşağa görə 100 manat miqdarında aliment ödəyə biləcəyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin göstərdiyi miqdarda, yəni hər ay hər uşağa görə 100 manat məbləğində alimentin tutulması uşaqların mənafeyinə uyğun deyildir, uşağların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli sayıla bilməz və yuxarıda qeyd edilən qanunların tələblərinə ziddir. Həmçinin cavabdehin yenidən ailə qurması və həmin nikahdan iki uşağının olması, onun uşaqların saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın qalan hissəsini ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-509/2020 saylı qətnaməsiiddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-2225/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2225/2020
27.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver