Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2229/2021 14.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 1917/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1917/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-Park” yaşayış massivi, 1A saylı küçədə yerləşən 8 və 9 saylı mənzillərə görə əlavə ödənilmiş 6955 (altı min doqquz yüz əlli beş) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulması, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən cavabdeh "xxxx" MMC tərəfindən apelyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1917/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsinin ləöv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAFpark” yaşayış massivi 1A-da yerləşən mənzillərə görə əlavə ödədiyi 6955 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında iştirak edərkən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, iş materiallarından göründüyü kimi İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “Mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstərildiyindən az olması və buna görə ödənilmiş artıq pul məbləğinin qaytarılması barədə” iddia tələbi irəli sürür. Amma ilk öncə onu bildirməyi zəruri hesab edir ki, İddiaçı ilə "xxxx" MMC arasında bir dəfə bu predmet və əsasla məhkəmə çəkişməsi olmuşdur. Bununla əlaqədar olaraq Abşeron Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2(012)-210/2020 saylı qətnaməsi çıxarılmışdır və bu qətnamədən apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsində baxılmışdır. Hazırkı iş üzrə məhkəmə prosesi əvvəldən axıra qədər prosessual pozuntularla müşahidə olunmuşdur. Bununla əlaqədar olaraq sədrlik edən hakim barəsində Məhkəmə-Hüquq Şurasına şikayət olunmuşdur. Belə ki, hakim Məlahət Abbasovanın icraatında olan 2(012)-1917/2021 saylı mülki işə baxmamışdan qabaq cavabdehin nümayəndəsi tərəfindən iddianın yolverilməzliyi barədə məhkəməyə dərhal 26.02.2021-ci il tarixdə ərizə təqdim edilmişdir. İddiaçının iddiasının yolverilməz olması barədə fikirlər onunla əsaslandırılmışdır ki, eyni predmet üzrə eyni məhkəmənin qətnaməsi artıq mövcuddur. Sadəcə olaraq tərəf hazırkı iddiası ilə manipulyasiya edir. Eyni zamanda ərizədə açıq şəkildə bildirilmişdir ki, iddiaçının iddiası üzrə Abşeron Rayon Məhkəməsində hakim Habil Əhmədovun sədrliyi ilə 08.10.2020-ci il tarixli, 2(012)210-2020 saylı iş üzrə məhkəmə prosesi baxılaraq yekunlaşmışdır və məhkəmə qətnaməsi elan olunmuşdur. Həmin məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, "xxxx" MMC tərəfindən əlavə m2 sahələrin hesablanması səbəbindən 8645 manat pul İddiaçı ödənilmədir. Həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti MMC tərəfindən təqdim edilmişdir və qətnamə mübahisələndirilmişdir. Məlahət Abbasovaya təqdim edilən ərizədə mövqe ondan ibarət olmuşdur ki, iddiaçının təqdim etdiyi iddia ərizəsində göstərilən xüsusatlar faktiki olaraq öncədən verilmiş olan iddia ərizəsinin təkrarıdır. İddia ərizəsində edilən tələbin əsasını məhkəmə-tikinti texniki ekspertizası tərəfindən hesablanmış yanlış ölçülərə görə uğranılmış maddi zərərdir. Ərizədə bildirilmişdir ki, əgər tərəfin bununla bağlı nəsə narazılığı olmuş olsaydı, məhkəməyə müraciət edərdi. Hesab edir ki, iddiaçı özünün gecikdiyini və yalnış yanaşmasını bu şəkildə, yenidən, yeni məbləğlə iddia ərizəsi təqdim etməklə qapatmağa çalışırdı. Fikirlərində yanılmadığına məhkəmə iclasında bir daha əmin olmuşdur. Belə ki, iddiaçı məhkəmə baxışında iki dəfə qeyd etdi ki, elə bilib ki, hakim əskik sahə barədə iddian tam təmin edib. Məhkəmə ekspertizasından qayıdan iş üzrə ümumi hesablama apararaq iddianı tam təmin edəcəkdi. Məhz iddiaçının gözlədiyi məbləğ təmin olunmadığı üçün yenidən eyni iddianın qalan hissəsinin təmin olunması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu sözlərin məhkəmə iclasının protokoluna qeyd olunmamasını şirkətin nümayəndəsi dərhal xahiş etmişdir. Lakin nümayəndə tərəfindən 09.04.2021-ci il tarixdə müraciət edilərək protokolla tanış olmaq istədikdə məhkəmə iclasının protokolunun tərtib olunmadığı bildirilmişdir. 07.04.2021-ci il tarixdə olan məhkəmə iclasında şirkətin nümayəndəsi tərəfindən əsaslı şəkildə iddiaçının iddiasının yolverilməzliyi kifayət qədər əsaslarla sübut edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə istinad edilmişdir. 21.04.2021-ci il tarixdə qətnaməni əldə etdikdə isə absurd bir məhkəmə qətnaməsi ilə üz-üzə qalmışlar. Məhkəmə qətnaməsi Abşeron Rayon Məhkəməsinin hakimi Habil Əhmədovun qətnaməsinin surəti kimi idi. İş üzrə baxış iclasında toxunulmadığı və müzakirə belə olunmadığı halda hakim 08.10.2020ci il tarixli, 2(012)210-2020 saylı qətnamənin əsası olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12.05.2020-ci il tarixli, 30716 saylı ekspert rəyinə istinad edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini rəhbər tutaraq iddia tələbinin tam təmin olunmalı olması və əsaslı olması qənaətinə gəlmişdir. Halbuki məhkəmə baxışında heç bu ekspert rəyinin adı belə çəkilməmişdir. Məhkəmə qətnaməsinin oxuyan zaman görünür ki, "xxxx" MMC ilə alıcı İddiaçı arasında 2 müqavilə bağlanmışdır. Bunlar 31.05.2014-cü il tarixli İ(b) 095 saylı və 16.07.2014-c il tarixli Q(b) 047 saylı müqavilələrdir. 31.05.2014- cü il tarixli İ(b) 095 saylı Müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 1 saylı yaşayış binasının 9 saylı mənzilində, ümumi sahəsi 45 kv.m.olan, 1 (bir) otaqlı mənzilin vahid əmlak dəyərini təşkil edən 29250 manat ödənilmək şərti ilə və 16.07.2014-cü il tarixli Q(b) 047 saylı Müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 1 saylı yaşayış binasının 8 saylı mənzilində, ümumi sahəsi 72 kv.m.olan, 2 (iki) otaqlı mənzilin vahid əmlak dəyərini təşkil edən 46800 manat ödənilmək şərti ilə satılmışdır. İddiaçının birinci iddiasında tələb etdiyi məbləğlər 8645 manat artıq hesablanmış sahəyə görə, 2000 manat maddi zərərə görə və 5000 manat isə mənəzi zərər görə olmuşdur. Həmin iddia ərizəsi qismən təmin edilmişdir və 8645 manat pulun "xxxx" MMC-dən alınıb iddiaçıya verilməsi qət edilmişdir. Bu barədə apellyasiya şikayəti təqdim edilmişdir. Lakin İddiaçı görünür ki, ilkin iddiası üzrə əldə etdiyi qətnamədən şikayət etmək müddətini buraxmış və ya hər hansı ondan asılı olmayan səbəblərdən istədiyi məbləğin təmin olunmasına tam nail ola bilməmişdir. Bundan sonra o, yenidən iddia ilə çıxış etməyi daha məqsədəuyğun hesab etmişdir və onun bu məqsədi hakim tərəfindən təmin olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2(012)-1917/2021 saylı qətnaməsi sanki həmin məhkəmənin 08.10.2020-ci il tarixli, 2(012)-210/2020 saylı qətnaməsinin texniki təsdiqidir, bu isə yolverilməzdir. Məhkəmə qətnaməsinin 3-cü səhifəsində məhkəmə özü təsdiq edir ki, iddiaçı ilk dəfə iddia qaldırarkən 13,3 m2 sahə hesablamışdır və buna görə də məhkəmədən 8645 manat pul tələb etmişdir. Amma artıq hesablanmış sahənin əslində 24 m2 olmasını görən iddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə uyğun olaraq tələbi artıra bilərdi. Lakin həmin prosesdə iddia həcmini artırmağı unudan iddiaçı yeni məhkəmə qərarı ilə səhvini qapatmaq istəyir. Əgər birinci qətnamə İddiaçı zərərinə olmuş olsa idi iddiaçı apellyasiya şikayəti verə bilərdi. Lakin o, bunda da müddəti ötürmüşdür və yalnız bu yolla səhvini örtməyə çalışmışdır. Bu prosessual yolverilməzlik isə tərəfindən dərhal sezilmiş və ərizə təqdim edilmişdir. Məhkəmə bu hissədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153-ci maddəsinin tələblərini pozmuşdur. Maddədə birbaşa olaraq ərizənin təmin edilib-edilməməsi barədə qərardad qəbul edilməli olduğu göstərilsə də hakim bu qərardadı verməkdən əsassız olaraq imtina etmiş və dolayısı ilə cavabdeh olaraq prosessual hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə qətnaməsinin sondan 3-cü abzasında məhkəmə tərəflərin izahatlarını dinlədiyini bildirsə də, faktiki olaraq cavabdehin nümayəndəsinin yalnız yolverilməzlik barədə ərizəsi üzrə izahından başqa mahiyyəti üzrə heç bir izahat almadan qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsinin 6-cı səhifəsindəki birinci abzas tamamilə MMC-nin mövqeyini təsdiq edir. O, iddiaçının faktiki olaraq hüquqlarını və zamanında icra etməli olduğu prosessual vəzifələrini unutduğu qənaətinə gəlmişdir. Eyni zamanda tərəf Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə istinad etməklə ona həmin məhkəmə işində məlum olan əlavə 10,7 m2-lə bağlı iddia həcmini artırmalı olduğuna işarə vermişdir. Məhkəmə qətnaməsinin 7-ci səhifəsindəki 5-ci abzası isə aşkar şəkildə ilkin iddia münasibətləri üzrə 08.10.2020-ci il tarixi, 2(012)-210/2020 saylı qətnaməsini yenidən təsdiq edir. Bütün bu qeyd etdiklərimə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-1917/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyib göstərdi ki, ona ödənilməsi qət olunmuş məbləğlə əskik sahə arasında kəskin fərq olduğunu sonradan bilmişdir. Məhkəmə iclasının gedişində, yaxud qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət ərzində ona məlum olmayan hal barədə məhkəməyə müraciət etməli olmağı ağlabatan səslənmir. Məhkəmə qətnaməsi elan olunanda ona vurulmuş bütün ziyanın ödənildiyini anlamışdır. Bu səbəbdən iddianın həcminin artırılmasına dair ərizə ilə, sonrakı mərhələdə isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etməmişdir. Ayrıca iddia qaldırmağının tək səbəbi də əskik gələn sahənin onun tələb etdiyindən çox olmasını gec bilməyidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1917/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış İ(b)/095 saylı, 31 may 2014-cü il tarixli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, tərəflər belə razılığa gəlmişlər ki, 1.1-ci bəndə əsasən satıcı "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivindəki 1A saylı küçədə inşa edilən (inşa edilmiş), 1 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 45,0 kv.metr olan, 1 otaqdan ibarət 9 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndə əsasən satıcı mənzili tikinti işləri başa çatdıqdan sonra təhvil verməyi, alıcı isə mənzilin dəyərini birdəfəlik ödəniş şəklində və ya 3 ay müddətinə müqaviləyə əlavə edilmiş cədvəl üzrə ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndə əsasən bu müqavilə üzrə mənzilin qiyməti 29,250 (iyirmi doqquz min iki yüz əlli) manat müəyyən edilmişdir. "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış Q(b)/047 saylı, 16 iyul 2014-cü il tarixli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, tərəflər belə razılığa gəlmişlər ki, 1.1-ci bəndə əsasən satıcı "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivindəki 1A saylı küçədə inşa edilən (inşa edilmiş), 1 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 72,0 kv.metr olan, 2 otaqdan ibarət 8 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndə əsasən satıcı mənzili tikinti işləri başa çatdıqdan sonra təhvil verməyi, alıcı isə mənzilin dəyərini birdəfəlik ödəniş şəklində və ya 2 ay müddətinə müqaviləyə əlavə edilmiş cədvəl üzrə ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndə əsasən bu müqavilə üzrə mənzilin qiyməti 46,800 (qırx altı min səkkiz yüz) manat müəyyən edilmişdir. 31 may 2014-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Əsgərov X2 şəhəri, H.Əliyev prospekti “AAAF Park” yaşayış massivində 1A saylı küçədə inşa edilən (inşa edilmiş), 1 saylı, 6 mərtəbəli yaşayış binasında 9 saylı mənzilin pay dəyərindən 15,000 (on beş min) manat məbləğində ödəniş etmişdir. Borc qalığı 14,250 (on dörd min iki yüz əlli) manatdır. İş materiallarında olan 26 aprel 2015-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Əsgərov X2 şəhəri, H.Əliyev prospekti “AAAF Park” yaşayış massivində 1A saylı küçədə inşa edilən (inşa edilmiş), 1 saylı, 7 mərtəbəli yaşayış binasında 9 saylı mənzilin pay dəyərindən 14,250 (on dörd min iki yüz əlli) manat məbləğində ödəniş etmişdir, borc qalığı yoxdur. İş materiallarında olan 16 iyul 2014-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Əsgərov X2 şəhəri, H.Əliyev prospekti “AAAF Park” yaşayış massivində 1A saylı küçədə inşa edilən (inşa edilmiş), 1 saylı, 7 mərtəbəli yaşayış binasında 8 saylı mənzilin pay dəyərindən 16,000 (on altı min) manat məbləğində ödəniş etmişdir, borc qalığı 30,800 (otuz min səkkiz yüz) manatdır. İş materiallarıda olan 26 aprel 2015-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Əsgərov X2 şəhəri, H.Əliyev prospekti “AAAF Park” yaşayış massivində 1A saylı küçədə inşa edilən (inşa edilmiş), 1 saylı, 7 mərtəbəli yaşayış binasında 8 saylı mənzilin pay dəyərindən 30,800 (otuz min səkkiz yüz) manat məbləğində ödəniş etmişdir, borc qalığı yoxdur. Müəyyən edilmişdir ki, "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış İ(b)/095 saylı, 31 may 2014-cü il tarixli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əsasən “satıcı” Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivindəki 1A saylı küçədə inşa edilən (inşa edilmiş), 1 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 45,0 kv.metr olan, 1 otaqdan ibarət 9 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndə əsasən bu müqavilə üzrə mənzilin qiyməti 29,250 (iyirmi doqquz min iki yüz əlli) manat müəyyən edilmişdir. Bundan başqa "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış Q(b)/047 saylı, 16 iyul 2014-cü il tarixli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əsasən “satıcı” Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivindəki 1A saylı küçədə inşa edilən (inşa edilmiş), 1 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 72,0 kv.metr olan, 2 otaqdan ibarət 8 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1ci bəndinə əsasən bu müqavilə üzrə mənzilin qiyməti 46,800 manat müəyyən edilmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışlarına əsasən İddiaçı tərəflər arasında bağlanmış müqavilələr üzrə müəyyənləşdirilmiş pul vəsaitini ödəmişdir, borcu yoxdur. İddiaçı cavabdeh şirkətin ona mənzilləri verərkən əskik sahədə təhvil verdiyini qeyd edərək məhkəmədə iddia qaldırmış, əlavə ödədiyi artıq pulların onun xeyrinə tutulmasını xahiş etmişdir. Mübahisənin obyektiv həlli üçün mübahisə predmeti olan "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1A saylı küçə, ev 1, 9 nömrəli mənzilin və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1A saylı küçə, ev 1, 8 nömrəli mənzilin sahələrinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 7 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun hesablandığını müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 may 2020-ci il tarixli, 30716 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 31 may 2014-cü il tarixli, l(b) 095 saylı və 16 iyul 2014-cü il tarixli, Q(b) 047 saylı alqı-satqı müqavilələrinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti “AAAF-Park” yaşayış massivi, 1A saylı küçədə inşa edilmiş 1 saylı yaşayış binasının 8 və 9 saylı mənzillərinin ümumi sahəsi hesablanarkən balkon sahəsi - 0,3 azalma əmsalına vurulmadan hesablandığı və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinin, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli, 07 saylı qərarının 3.8-ci bəndinin tələblərinə uyğun hesablanmadığı müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2(012)-210/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-park” yaşayış massivi 1A-da yerləşən mənzillərə görə əlavə ödənilmiş 8645 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulması, iddia tələbinin iddiaçıya vurulmuş 2000 manat maddi ziyan və 5000 manat mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, aparılmış ekspertiza tədqiqatına görə 100 manat pulun "xxxx" MMC-dən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Lakin aparılan tikinti-texniki ekspertizasının nəticəsində iddiaçıya məlum olmuşdur ki, ona verilən mənzilin əskik hissəsi faktiki olaraq 24 kv.m təşkil edir. O isə Abşeron Rayon Məhkəməsinə müraciət edərkən özünün hesabladığı 13,3 kv.m sahə üçün artıq ödədiyi hər kvadrat üçün 650 manat olmaqla, cəmi 8645 manatı tələb etmişdir. Ona görə də o, hal-hazırda mənzil üçün aparılan tikinti-texniki ekspertizasının nəticəsində ona məlum olmuş digər 10,7 kv.m üçün artıq ödədiyi 6955 manat məbləğində pul vəsaitinin qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan ekspertiza rəyi, eləcə də digər sübutlarla müəyyən edilmişdir ki, iddiaçının aldığı və mübahisəli sahələrə malik mənzillər dəmir-beton konstruksiyadan, daşdan, kərpicdən inşa olunmuş mansardlı binadır. Tədqiq olunan 8-9 saylı mənzil həmin binanın 2-ci mərtəbəsində yerləşir. Mənzilə giriş-çıxış yolu pilləkən qəfəsindən metal qapı vasitəsilədir. Mənzil faktiki olaraq iki yaşayış otağından, mətbəxdən, dəhliz-girişdən, birgə sanitariya qovşağından (hamam-ayaqyolu) ibarətdir. Mənzil təmirli vəziyyətdədir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrində tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları öz əksini tapmışdır, yəni 59.2-ci maddəyə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi daxil olmaqla hesablanır, 59.3cü maddəyə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Kommunikasiya xətlərinin keçdiyi sahələr (şaxta) mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli, 07 saylı qərarının 3.8-ci bəndinə əsasən mənzilin ümumi sahəsi yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0.3; şüşəbənd və lociyalar - 0.5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. İstinad edilən tikinti norma və qaydalarının tələbləri nəzərə alınaraq tədqiq olunan 8-9 saylı mənzilin, mövcud daxili ölçülər üzrə, ümumi sahəsi aşağıdakı kimi müəyyən olunmuşdur: yaşayış otağının sahəsi – 11,6 kv.m (4,85x2,40m); yaşayış otağının sahəsi – 8,3 kv.m (3,80x2,20m); yaşayış otağının sahəsi – 15,4 kv.m (4,0x3,85m); yaşayış otağının sahəsi – 19,4 kv.m (6,05x3,20m); dəhlizin (girişin) sahəsi – 14,0 kv.m (2,40x3,10+1,80x2,80+1,15x1,30m); mətbəxin sahəsi – 12,6 kv.m (4,15x3,0,5m); hamamın sahəsi – 4,8 kv.m (2,50x1,90m); ayaq yolunun sahəsi – 1,5 kv.m (1,25x1,20); açıq eyvanın sahəsi – 4,0 kv.m (4,3x1,6+4,1x1,6)x0,3); açıq eyvanın sahəsi – 1,4 kv.m (1,60x2,9)x0,3) olmaqla cəmi 93,0 kv.m-dir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinin, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli 07 nömrəli qərarının 3,8-ci bəndinin tələbləri əsasında aparılmış hesablama ilə “AAAF-park” yaşayış massivində yerləşən 1A saylı küçədə inşa edilən 1 saylı 6 mərtəbəli yaşayış binasının 8 və 9 saylı mənzillərinin ümumi sahəsinin 93,0 kv.m, o cümlədən yaşayış sahəsinin 54,7 kv.m, yardımçı (köməkçi) sahəsinin 38,3 kv.m olduğu müəyyən edilmişdir. Buradan da belə hüquqi nəticəyə gəlmək olur ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 31 may 2014-cü il tarixli, i(b) 095 saylı və 16 iyul 2014-cü il tarixli, Q(b) 047 saylı alğı-satqı müqavilələrinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti “AAAF-parkı” yaşayış massivi, 1A saylı küçədə inşa edilmiş 1 saylı yaşayış binasının 8 və 9 saylı mənzillərinin ümumi sahəsi hesablanarkən balkon sahəsi - 0,3 azalma əmsalına vurulmadan hesablanmış, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli, 07 saylı qərarının 3.8-ci bəndinin tələblərinə uyğun hesablanmamışdır. Müəyyən edilmişir ki, müqavilələrin 2014-cü ildə bağlandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsində nəzərdə tutulurdu ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.3-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Müəyyən olunmuşdur ki, cavabdeh şirkət iddiaçıya mənzilləri verərkən əskik sahədə təhvil vermiş, iddiaçı bu artıq sahələrə görə əlavə pul ödəməli olmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və digər sakinlər bir binada yerləşən mənzillərini təmir edərək orada yaşayırlar, iddiaçıya müqavilələrdə öz əksini tapmış və ekspertiza rəyində göstərildiyi kimi mənzillərin ümumi sahəsi hesablanarkən azalma əmsalına vurulmadan hesablandığından yaranmış sahənin dəyişdirilməsi qeyri-mümkündür, mülkiyyətçi hesab olunan sakinlərin hüquqlarının qorunması baxımından ədalətli və qanuni olmazdı. Belə ki, bu sahənin digər şəxslərin mənzil sahələri və ya sakinlərin ümumi istifadəsində olan sahələr hesabına artırılması gələcəkdə yersiz mübahisələrin yaranması ilə nəticələnə bilər ki, bu da son nəticədə sosial ədalətlilik prinsipinin pozulmasına səbəb olardı. Ona görə də məhkəmə hesab edir ki, mübahisənin düzgün həlli yalnız iddiaçı tərəfindən ödənilmiş artıq vəsaitin cavabdehdən alınaraq iddiaçıya qaytarılması yolu ilə mümkün və daha ədalətli olar, bu baxımdan iddia əsaslı hesab olunaraq təmin edilməli, iddiaçının 10,7 kv.m sahəyə hər kvadrat metr üçün 650 manat olmaqla artıq ödədiyi cəmi (10,7x650=6,955) 6,955 manat məbləğində pul cavabdehdən onun xeyrinə tutulmalıdır. Qanunvericiliyə görə mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Müəyyən olunmuşdur ki, məhkəmə qeyd edilənlərə əsasən iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Müəyyən edilmişdir ki, "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış İ(b)/095 saylı, 31 may 2014-cü il tarixli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əsasən “satıcı” Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivindəki 1A saylı küçədə inşa edilən (inşa edilmiş), 1 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 45,0 kv.metr olan, 1 otaqdan ibarət 9 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndə əsasən bu müqavilə üzrə mənzilin qiyməti 29,250 (iyirmi doqquz min iki yüz əlli) manat müəyyən edilmişdir. Bundan başqa "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış Q(b)/047 saylı, 16 iyul 2014-cü il tarixli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əsasən “satıcı” Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivindəki 1A saylı küçədə inşa edilən (inşa edilmiş), 1 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 72,0 kv.metr olan, 2 otaqdan ibarət 8 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1ci bəndinə əsasən bu müqavilə üzrə mənzilin qiyməti 46,800 manat müəyyən edilmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışlarına əsasən İddiaçı tərəflər arasında bağlanmış müqavilələr üzrə müəyyənləşdirilmiş pul vəsaitini ödəmişdir, borcu yoxdur. İş materiallarında olan 12 may 2020-ci il tarixli, 30716 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 31 may 2014-cü il tarixli, l(b) 095 saylı və 16 iyul 2014-cü il tarixli, Q(b) 047 saylı alqı-satqı müqavilələrinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti “AAAF-Park” yaşayış massivi, 1A saylı küçədə inşa edilmiş 1 saylı yaşayış binasının 8 və 9 saylı mənzillərinin ümumi sahəsi hesablanarkən balkon sahəsi - 0,3 azalma əmsalına vurulmadan hesablandığı və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinin, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli, 07 saylı qərarının 3.8-ci bəndinin tələblərinə uyğun hesablanmadığı müəyyən edilmişdir. Həmin rəydən müəyyən olunur ki, aparılmış tədqiqat nəticəsində aparılmış hesablama ilə «AAAF-park» yaşayış massividə yerləşən 1A saylı küçədə işa oluna 1 saylı 6 mərtəbəli yaşayış binasının 8 və 9 saylı mənzilin ümumi sahəsinin 93,0 kv.m, o cümlədə yaşayış sahəsinin 54,7 kv.m, yardımçı (köməkçi) sahəsini 38,3 kv.m oluğu müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza rəyinə əsasən iddiaçıya satılan mənzillərin ümumi sahəsi cəmi 93,0 kv.m təşkil edir. İş materiallarında ola iddiaçı ilə cavabdeh arasında mənzillərin alğı-satqısına dair müqavilələrə əsasən iddiaçıya satılmış mənzillərin sahəs müvafiq olaraq 45 və 72 kv.m, cəmi 117 kv.m təşkil edir. Belə olduqda iş materiallarından müəyyən olunur ki, müqavilə və ekspert rəyi arasında 24 kv.m fərq vardır. Bundan başqa iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 08.10.2020ci il tarixli, 2(012)-210/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-park” yaşayış massivi 1A-da yerləşən mənzillərə görə əlavə ödənilmiş 8645 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulması, iddia tələbinin iddiaçıya vurulmuş 2000 manat maddi ziyan və 5000 manat mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, aparılmış ekspertiza tədqiqatına görə 100 manat pulun "xxxx" MMC-dən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı təxmini hesablamalara görə ona satılmış mənzillərin sahəsinin 13,3 kv.m. artıq hesablandığını qeyd edərək artıq hesablanmış pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişir. Hazırkı iddia tələbi isə onunla əsaslandırılmışdır ki, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıya satılan mənzillərin sahəsi cəmi 24 kv.m artıq hesablanmışdır, 13,2 kv.m artıq hesablanmış sahənin pulu isə qaytarılmışdır. Yəni cavabdehin artıq hesabladığı 10,01 kv.m sahənin pulu iddiaçıya qaytarılmamışdı. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kolegiyası hesab edir ki, məhkəmə iş üzrə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi ləğv edilməli, iddianın yolverilməzliyinə görə iş üzrə icraata xitam veilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarından görünür ki, iş üzrə tərəflər eyni olsa da iddia tələbi başqadır. Belə ki, əvvəlki qətnamə üzrə iddiaçının tələbi mənzillərə görə əlavə artıq ödədiyi 8645 manat, ona vurulmuş 2000 manat maddi ziyana görə, 5000 maat mənəvi ziyana görə məbləğin cavabdehdən tutulması barədədir. Hazırkı idda tələbi isə həmin məbləğdən əlavə ödənilmiş 6955 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədədir. Belə ki, əvvəlki iddia tələbində 13,2 kv.m sahəyə görə əlavə ödənilmiş 8645 manat tələb edilmiş, bundan sonra müəyyən edilmişdir ki, əlavə sahə 13,2 kv.m deyil, 24 kv.m-dir. Hazırdaki tələbdə isə 24 kv.m sahədən qalan digər sahə üçün tələb edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmi oluna bilməz. Bununla da apelyant apelyasiya şikayətində qeyd etdiyi xüsusatları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə haqlı olaraq iddia tələbi təmin edildiyindən dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun cavabdehdən tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1917/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1917/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2229/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2229/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver