Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-223/2024 25.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2 Abdulxaliq qızının vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh2 Abdulxaliq qızına qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(067)-166/2023 nömrəli qətnaməsindən Cavabdeh2 Abdulxaliq qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona ödəməli olduğu 14400 (on dörd min dörd yüz) manat və 134 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yuxanda göstərdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləməsə də, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Xaçmaz rayonu, Qaraqurtlu kəndində yaşayan Cavabdeh2 çoxdan tanıyır. Cavabdeh1 onun əridir. 2021-ci ilin yanvar-fevral ayında Cavabdeh2 əri Tahirlə birlikdə yaşadığı evə gələrək ondan borc pul istədilər. O, Gülnarəyə 14400 manat pul borc vermişdir. Gülnarə bildirdi ki, evini satıb tezliklə onun pulunu qaytaracaq. Onda məlumat var idi ki, Gülnarəgil evini satışa qoymuşlar. Onun Gülnarə ilə yaxşı münasibəti olduğu üçün ona inanmış və onlarla razılaşmışdır. O, bu məqsədlə səhərisi gün Rabitəbanka gedərək özünə məxsus qızılları banka girov qoyaraq 6000 manat kredit götürmüşdür.Özündə də 2400 manat pul var idi. Çatışmayan 6000 manat pulu isə Xaçmaz şəhər sakini Səməndərdən borc olaraq götürmüşdür. Həmin günü də 14400 manat pulu Gülnarə ilə Tahirə vermişdir. Pulu götürdükdən sonra Gülnarə ilə Tahir ona söz verdikləri pulu qısa vaxtda geri qaytaracaqlarına söz verdilər. Üzərindən 7-8 ay keçdikdən sonra pulunu qaytarmadıqlarını görüb pulunu geri istədikdə isə onlar yenə evlərini satıb qaytaracaqlarını ona bildirdilər. Bundan sonra Polis Orqanlarına müraciət etmişdir. Cavabdeh 14400 manat borcu qaytaracağına dair Xaçmaz RPŞ-nin İTB-nə yazılı iltizam vermişdir. Cavabdeh ona xeyli miqdarda ziyan vurmuşdur. Cavabdeh ona vurduğu ziyanı, yəni 14400 (on dörd min dörd yüz) manatı borclu olduğu pulu qaytarmalıdır. Xaçmaz Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(067)-166/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh2 Abdulxaliq qızından (eyni zamanda Cavabdeh1 prosessual hüquqi varisi) 14400 manat məbləğində pulun və ödənilmiş 134 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Vüsalə Qasımova). Qətnamədən narazı qalan Cavabdeh2 Abdulxaliq qızı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(067)-166/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin göstərilən qətnaməsinə əsasən ondan 14400 manat məbləğində pul və ödənilmiş 134 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Belə ki, məhkəmə iş materiallarında olan iltizamdan müəyyən etmişdir ki, cavabdeh mərhum X5 iddiaçıdan ümumilikdə 14400 manat borc pul almış, həmin pulu qaytaracağına söz vermişdir. Bildirmişdir ki, həmin iltizama nəzər yetirilsə həmin iltizamda Tahir Baxşiyev iddaçıdan yalnız 8000 manat pul aldığını və evi satacağı halda əlavə olaraq 6400 manat pul verəcəyini bildirmişdir. Həmin iltizam yazılan vaxt Tahir Baxşiyev ağır xəstə olmuş və yoldaşının bildirməsinə görə iltizam psixoloji təzyiqlər altında yazmışdır. Məhkəmə iş materiallarında olan cinayət işinin rədd edilməsi barədə qərardan müəyyən etmişdir ki, tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərara nəzər yetirilsə müəyyən etmək olar ki, mərhum Tahir Əskərov 14400 manat borcun Lalədən alınması ilə bağlı heç bir etiraf etməmiş, yalnız 6000 manat borc aldığını bildirmiş, həmin borcun əvəzində isə Lalənin anası Xurşudla öz yaşayış evini girov qoyaraq notarial kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsi təqdim edilmişdir. Göstərilən kredit müqaviləsinə əsasən icra qeydi çıxarılmış və məcburi icraya yönəldilmişdir. Həmin icra qeydinə əsasən tələb girov qoyulan əmlaka yönəldilmiş və icra prosesi zamanı qiymətləndirmə aparılarkən həmin evə 12000 (on iki min) manat qiymət qoyulmuşdur. Göründüyü kimi məhkəmə miras qoyanın borcunu mirasın həcmi payında müəyyən etməmişdir. Konstitusiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, girov qoyulmuş miras əmlakı 6000 manat borc öhdəliyinə görə tələbə yönəldilmiş və həmin əmlaka 12000 (on iki min) manat qiymət qoyulmasını nəzərə alınmamış və ya həmin miras payının borca mütənasibliyi araşdırılmamış, kifayət qədər araşdırma aparmadan formal cümlələrlə qətnamənin çıxarılması üçün əsas olmayan sübutlara əsaslanaraq iddianı təmin etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Abdulxaliq qızının vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan iltizamdan (əlyazmadan) müəyyən olunur ki, Cavabdeh1 iddiaçıdan ümumlikdə 14400 manat borc pul almış, həmin pulu qaytaracağına söz vermişdir. İş materiallarında olan cinayət işinin rədd edilməsi barədə Azərbaycan Respublikası DİN-nin Xaçmaz RPŞ-nin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə Cavabdeh2 Abdulxaliq qızı xx.xx.2004-cü ildə nikaha daxil olmuşlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2022-ci ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli vəsiyyətnamədən müəyyən olunur ki, Cavabdeh1 özünə məxsus olan Xaçmaz rayon Qaraqurtlu kəndində yerləşən fərdi yaşayış evini və 0.12 hektar torpaq sahəsini ünvan 1 ünvanında yaşayan arvadı Cavabdeh2 Abdulxaliq qızına vəsiyyət etmişdir. İş materiallarında olan Xaçmaz rayon 1 saylı Notariat Ofisinin 05 may 2023-cü il tarixli 518 saylı sorğuya cavabından müəyyən olunur ki, Cavabdeh1 miras qalmış hər hansı bir əmlaka dair vərəsəliyin müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə Xaçmaz rayon 1 saylı notariat ofisində məlumat aşkar edilməmişdir. İş materiallarında olan Qaraçı kənd İƏD üzrə nümayəndəliyinin 12 iyun 2023-cü il tarixli, 29 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Baxşıyev X1 dəfn olunmuş, vəfat edən günədək Qaraqurtlu kəndində yerləşən fərdi yaşayış evində həyat yoldaşı Cavabdeh2 Abdulxaliq qızı ilə birgə yaşamış və hal hazırda Cavabdeh2 Abdulxaliq qızı həmin evdə yaşayır. İş materiallarında olan Xaçmaz rayon İHB-nin Qaraçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh1 vəfatından sonra ailə tərkibi olaraq Cavabdeh2 qalmışdır. Vəfatından sonra evi və təsərrüfatı həyat yoldaşı Cavabdeh2 idarə edir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qətnaməsində onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan borc almasına dair müvafiq iltizam (əqd) yazıb imzalayaraq iddiaçıya verdiyindən və cavabdeh borcunu ödəməsini təsdiqləyən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən, həmçinin cavabdeh özü də borcunu etiraf etdiyindən onun iddiaçı qarşısında pulun qaytarılmasına dair öhdəliyinin mövcud olduğu təsdiq olunur. Birinci instansiya məhkəməsi qətnaməsində onu da qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçıdan 14400 manat məbləğində borc pulu qaytaracağı barədə öhdəlik verərək almışdır. Lakin cavabdehlər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi qərarında da cavabdehlər iddiaçıdan borc pul aldıqlarını etiraf etmişlər. Tərəflər arasında borc müqaviləsi bağlanmasa da borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh apellyasiya şikayətində “iltizamda Tahir Baxşiyevin iddaçıdan yalnız 8000 manat pul aldığını və evi satacağı halda əlavə olaraq 6400 manat pul verəcəyini” qeyd etsə də, buna dair hər hansı bir tutarlı və mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə iş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh2 14400 manat məbləğində borcu mərhum həyat yoldaşı ilə birgə almışlar. Buna görə Cavabdeh2 iddiaçı qarşısında həm öz öhdəliklərinə, həm də hüquq varisi olduğu şəxsin öhdəliklərinə görə də məsuliyyət daşıyır. Apellyasiya şikayətinin dəlili kimi həmçinin cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, iddiaçının anası X4 ilə Cavabdeh1 Əsgər oğlu arasında formal olaraq xx.xx.2021-ci tarixində 6000 manat məbləğində kredit müqaviləsi bağlanılmış və eyni tarixdə həmin kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi bağlanmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, X4 hazırkı hüquq münasibətlərinin tərəfi olmadığından onunla bağlanmış kredit müqaviləsi ayrıca mülki məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 Abdulxaliq qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(067)-166/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-223/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-223/2024
25.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver