Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2230/2022 02.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının dəyişdirilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, (060)-4344/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli, 2(105)-1743/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilib, Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2010-cü il təvəllüdlü X4 və xx.xx.2011-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan aliment məbləğinin artırılaraq, hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli, 2(105)-1743/2018 nömrəli qətnaməsi ilə xx.xx.2010-cü il təvəllüdlü X4 və xx.xx.2011-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 136 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət olunmuşdur. Alimentin tutulmasına dair son məhkəmə qətnaməsinin çıxarıldığı vaxtdan 4 ildən çox bir müddət keçmişdir. Ötən müddət ərzində uşaqlar böyüməklə onların saxlanması xərcləri də paralel olaraq artmışdır. Cavabdeh tərəfindən hazırkı dövrə kimi ödənilməli olan ayda 136 manat aliment məbləği isə uşaqların minimum tələblərini ödəməkdə yetərli deyildir. Uşaqlar artıq hər ikisi orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmuşdur. Yazılı etirazda göstərilir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli, 2(105)-1743/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimenti vaxtında ödəyir. İddia tələbini qəbul etmir, ona görə ki, iddiaçı ilə aralarında olan nikah pozulduqdan sonra ikinci dəfə ailə qurmuş və ikinci nikahdan 28 fevral 2022-ci il tarixdə Turan adlı bir nəfər uşağı doğulmuşdur. Özü və həyat yoldaşı işləmir, işsizliyi ilə bağlı məhkəməyə arayış təqdim etmişdir. Sumqayıt Şəhər Məşğulluq İdarəsində işsizliyə görə iş axtaran kimi qeydiyyatdadır və digər gəlir yeri yoxdur. Valideynləri ilə birlikdə yaşayır, atası təqaüd alır və onun ailəsinə yardım edir, anası isə ankoloji xəstədir. İddiaçının maddi vəziyyəti ondan yaxşıdır və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində işləyərək təqribən 800-900 manat məbləğində əmək haqqı alır. Məhkəmə alimentin miqdarını artırmaq üçün tərəflərin diqqətəlayiq maraqlarını və maddi vəziyyətlərini nəzərə almalıdır. Məhkəmə öz təşəbbüsü ilə iddiaçının işlədiyini və aldığı əmək haqqının miqdarını onun iş yerinə sorğu verməklə müəyyən edə bilər, çünki iddiaçının maddi vəziyyətinin müəyyən edilməsi ədalətli məhkəmə qərarı üçün zəruridir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü Turan adlı bir nəfər uşaqları doğulmuşdur. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2017-ci ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 291 mömrəli ilə qeyd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli, 2(105)-1743/2018 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-1249/2018 nömrəli qətnaməsi əsasında Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)1249/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh hər ay hər uşaq üçün 136 manat olmaqla, ümumilkdə 272 manat sabit pul məbləğində alimentin tutulub 22 mart 2010-cu il təvəllüdlü X4 və 08 iyun 2011-ci il təvəllüldlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi Məşğulluq haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci ildən Sumqayıt şəhər Məşğulluq Mərkəzində işaxtaran (işi və qazancı olmayan şəxs) kimi statusdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 951 saylı Hərbi hissəsi tərəfindən 22 avqust 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı 13 noyabr 2017-ci il tarixdən Azərbaycan Ordusunda, 16 iyul 2021-ci tarixdən N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu qismində həqiqi xidmətdədir və o, hər ay 587,59 manat əmək haqqı alır. Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, (060)-4344/2022 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli, 2(105)-1743/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər bir uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində alimentin tutularaq xx.xx.2010-cü il təvəllüdlü X4 və xx.xx.2011-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması və iddianın verilməsinə görə 30.56 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün müəyyən edilən 136 manat sabit pul məbləğində alimentin məbləği hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 78.2, 112.1-ci maddələri və MPM-nin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, (060)-4344/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Heç yerdə işləmir və başqa yerdən qazancı yoxdur. Maddi vəziyyəti birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin ödənilməsi üçün imkan vermir. Onun faktiki nikahdan xx.xx.2022-ci il təvəllüdlü 3-cü övladı X5 adlı övladı vardır. Aylıq gəliri 180 manat təşkil edir. Hər ay ümumilikdə 320 manat alimentin ödənilməsi onun maddi vəziyyətini olduqca ağırlaşdırır. İddiaçı Müdafiə Nazirliyində işləyir, hər ay 1000 manat və 300 manat (kirayə haqqı) olmaqla, cəmi 1300 gəliri vardır. Maddi durumu aşağı olduğundan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə hər ay 100 manat olmaqla, 200 manat məbləğində alimenti ancaq ödəyə bilər. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etirazı daxil olmuşdur. Yazılı etirazda göstərilir ki, iddiaçı olaraq alimentin artırılmasına dair tələbi qismən təmin edilmiş və tərəf olaraq qətnamədən narazı qalsa da, tərəflərin ümumi maraqlarını nəzərə alaraq apellyasiya şikayəti verməmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas arqumenti onun heç bir yerdə işləməməsi, maddi durumunun acınacaqlı olması və başqa yerdən qazancının olmamasından ibarədir. Cavabdeh 2016-cı ilin mart ayından etibarən aliment verməkdən yayınmaq üçün bütün üsul və vasitələrdən istifadə etməkdədir. O, Sumqayıt şəhərində yerləşən “Karvan” Ticarət Mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olur və hazırda da bunu gizli şəkildə davam etdirməkdədir. Cavabdeh sahiblik fəaliyyəti ilə məşğul olduğuna görə maddi durumu qənaətbəxşdir. Buna sübut kimi birgə nikah dövründə bir neçə daşınmaz əmlaka sahib olmasıdır. Özü haqda deyə bilər ki, hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrində çalışır, həm dövlətimizin müdafiə qabiliyyətinin gücləndiriləsində, həm də ailənin maddi rifahını minimum səviyyədə təmin edir. Hazırda müqayisəli şəkildə aliment məbləğinin artımına baxsaq, onda 160 manat artımın hər uşaq üçün cəmi 24 manat təşkil etdiyini gərəcəyik ki, bu da ağlasığmaz dərəcədə çox aşağıdır. Halbuki, ötən müddət ərzində uşaqlar böyüməklə onların xərcləri də paralel olaraq artmışdır. Cavabdeh tərəfindən hazırki dövrə kimi ödənilməli olan ayda 136 manat aliment məbləği isə uşaqların minimum tələblərinin ödəməkdə yetərli deyildir. Aliment ödəyən valideynin az qazanca malik olması onun uşaqları saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstıtusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsi Maddə 75.4. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (Ailə Məcəlləsinin 112.1-ci maddəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə bir uşağın saxlanması üçün təyin edilmiş 136 manat alimentin məbləği hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Alimentin artırılması barədə qətnamənin qəbul edilməsindən sonra minimum yaşayış tələbatları və uşaq böyüdükcə saxlanması üçün çəkilməli olan xərclərin həcmi artmışdır. Tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, tələb xx.xx.2010-cü il təvəllüdlü X4 və xx.xx.2011-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün müəyyən edilən 136 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq, hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda müəyyən edilmiş aliment məbləği ilə artırılması tələb olunan aliment məbləği arasında fərq 24 manat, həmin məbləğin bir il ərzində məcmusu isə (24 X 12 ay) 288 manat olmaqla 2 uşaq üçün (288 X 12 X 2 = 576) manat təşkil edir. Ona görə də qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, (060)-4344/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2230/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2230/2022
02.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver