Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2232/2021 26.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı prosessual hüquq varisi X1 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(012)-8/2021 saylı qətnaməsindən iddiaçının prosessual hüquq varisi X1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(012)-8/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı borcun və onun faizlərinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçının prosessual hüquq varisi X3 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 30000 ABŞ dolları, 3000 manat pulun və 30 manat ödənilmiş rüsum pulunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Quba rayonunun Təngəaltı kəndində qeydiyyatda olmaqla, ilin çox vaxtları orada yaşayır. 2015-ci ilin payız aylarında o, növbəti dəfə minik avtomobili ilə Qubaya gedəndə Bakının “Şamaxinka” deyilən ərazisində əvvəllər tanımadığı Xanlar adlı şəxslə tanış olmuş, Xanlar onu da Qubaya qədər götürməyi xahiş etmişdi. Yolboyu söhbət əsnasında ona məlum olmuşdur ki, Xanlar Məmmədov təqaüddə olan polis zabitidir, əslən Kəlbəcər rayonundandır, hazırda Quba rayonu İ Nügədi kəndində yerləşən və formal olaraq oğlu Anarın adına olan qum-çınqıl karxanasına sahiblik edir. O, X15 karxananın yaxınlığındakı dayanacaqda düşürüb yoluna davam etmişdi. Xanlar Məmmədovun əvvəlki təkidləri ilə bir neçə gündən sonra Xanlar Məmmədovun karyerinə baş çəkmişdi. X5 da orada idi. Həmin vaxt karyerdə iş getməsə də, həyət-bacada demək olar ki, hər cür texnika var idi. Xanlar Məmmədov işlərin dayanmasına əsas səbəbi kimi Elxan Azayev adlı şəxsin onu aldadaraq külli miqdarda pullarını verməməsi və onu müflis gününə qoyması, eləcə də bacanağı Fəxrəddinin onun əmlaklarını talan etməsini göstərirdi. Həmin vaxt Xanlar Məmmədov ona çox inandığını, tanışlarından ona borc pul verən olsa, girov da qoyacağını, pulun miqdarından artıq maşınlarını da pulu qaytarana qədər həmin şəxsin adına keçirəcəyini bildirirdi. O, bu məsələ ilə maraqlanacağını, dediyi adamlar olsa, onları tanış edəcəyini demişdi. O, Xanlar Məmmədovla gah Bakıda, gah Təngəaltında öz evində, gah karyerdə, gah da Bakıda Xanların evinin yaxınlığındakı kafe-çayxanada görüşürdü. Xanlar Məmmədov və Anar onu özlərinə tam inandırdıqlarından 2015-ci ilin sonlarında Bakıda, evlərinin yaxınlığında, şahidlərin yanında Xanlar Məmmədova və Anara 20000 ABŞ dolları borc vermişdir. Xanlar Məmmədov pulu sayıb oğlu Anara vermiş, Anar da pulu götürüb getmişdi. 2016-cı ilin əvvəllərində o, Xanlar Məmmədovla görüşəndə, X16 və şəriki Müşfiqlə aralarında bərk narazılıq düşdüyünü, narazılığı yekunlaşdırıb işə başladığını bildirdi. Xanlar Məmmədov həmçinin bildirdi ki, ondan aldıqları pulları Anar götürüb Rusiyada yaşayan və taxta-şalban alverinə baxan qardaşı oğlu - kürəkəninin yanına getmişdir. Anarın Azərbaycanda adına olan bütün daşınar və daşınmaz əmlaklara dair Xanlar Məmmədovda qüvvədə olan etibarnamələr olduğundan o, narahat olmamış, fikirləşmişdi ki, nə vaxt istəsə Xanlar Məmmədov dediyi kimi etibarnamə üzrə hərəkət edərək əmlaklardan biri ilə ondan aldıqları borclarını bağlaya bilərlər. Xanlar Məmmədov həmişə deyirdi ki, onun pulunu dediyi kimi 10000 ABŞ dolları artıqlaması ilə qaytaracaq, ziyana düşməyəcəkdir. Bu səbəblərdən də o, pullarını geri tələb etmirdi. X8 dediyi məsələlərin uzandığını görmüş və Xanlarla oğlu Anar arasında illərlə dava-dalaş olduğunu eşidib, məsələdən xəbərdar olmayan kimi sakitliklə Xanlar Məmmədovdan pullarını geri istəmiş, Xanlar Məmmədov isə oğlu ilə danışaraq yaxın vaxtlarda pullarını qaytaracaqlarını demişdi. Xanlar Məmmədov 2017-ci ilin əvvəllərində hazırda pulu olmadığını, pulun əvəzinə özlərinin bankda olan və 55000-60000 manata qiymətləndirilən “MAN” markalı yük avtomobilini qoşqusu ilə birlikdə pulun əvəzinə ona verəcəyini, maşını işlətsə, gündə azı 200 manat pul qazanacağını bildirmişdir. O, maşına və yarımqoşquya baxaraq buna razı olmuşdu. Xanlar Məmmədov ** BM *** dövlət nömrə nişanlı, “MAN” markalı yük avtomobilini və ** ZA *** qeydiyyat nişanlı yarımqoşqunu “Əmrahbank”dan girovluqdan azad edib ona 7 mart 2017-ci ildə Bakı şəhərindəki 9 saylı notariat kontorunda baş etibarnamə vermişdi. Həmin vaxt o, notariusda nəqliyyatlar üzrə öz adına sığorta haqlarını da ödəmişdi. O vaxtlar və indi də həmin nəqliyyat vasitələri Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığındakı “UTEP” deyilən qarajın içindədirlər. Onların şərtləri belə olmuşdu ki, Xanlar Məmmədov “MAN”-dakı kompyuterin yaddaşının düzəlməsini həll etdirsin və nəqliyyatların illərdən bəri hesablanan dayanacaq pullarını ödəsin. O vaxtlar və indi də o, səhhəti ilə bağlı müalicə üçün tez-tez Rusiyaya gedirdi. Bakıda olarkən 01 may 2017-ci il tarixdə Xanlar Məmmədov ondan 3000 manat da borc almışdı. X12 aldığı 3000 manat borcu qaytarmağı yubatdığından, nəqliyyat vasitələrinə görə 4000 manata yaxın dayanacaq xərclərini ödəmədiyindən, maşının kompyuterini düzəltdirmədiyindən, maşını və yarımqoşqunu onu aldadıb baha qiymətə hesabladığından və başqa səbəblərdən aralarında soyuqluq yaranmışdı. Nəticədə o, pullarını tələb etmişdi. Uzun söhbətdən sonra Xanlar Məmmədov “Rabitə Bank”da tanışı olduğunu, ona verdiyi nəqliyyat vasitələrini girov qoyub pul götürərək onun pullarını qaytaracağını bildirmişdi. Bu səbəbdən də Xanların ona verdiyi etibarnamələri ləğv etdirmiş və sənədləri Xanlar Məmmədova vermişdir. Xanlar Məmmədov 7 dekabr 2017-ci ildə Bakı-Quba yolunda avtomobil qəzasına düşərək vəfat etmişdir. El adəti üzrə o, bir müddət gözləyib Xanların ailəsinə və oğlu Cavabdeh zəng etmiş, lakin Cavabdeh bu günə qədər də onunla görüşməkdən yayınır, Xanlar Məmmədovun qalan ailə üzləri də pulunu qaytarmaqdan boyun qaçırırlar. X5 Məmmədov həm atası ilə birlikdə onun pullarını almış, eləcə də Cavabdeh atasının prosessual hüquq varisidir və Xanlar Məmmədovun ölümünü bəhanə edərək onun pullarını qaytarmaq istəmir. Abşeron Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(012)-1043/2018 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 30000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), 3000 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh ərizəsi əsasında Abşeron Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(012)-1043/2018 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(012)-1043/2018 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Abşeron Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(012)-1043/2018 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı 21 iyun 2018-ci il tarixdə vəfat etməsi ilə əlaqədar Abşeron Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(012)-1043/2018 saylı qərardadı ilə oğlu X3 onun prosessual hüquq varisi kimi isdə istirak etməyə cəlb edilmiş, X1 ərizəsi təmin edilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1043/2018 saylı, 28 iyun 2018-ci il tarixli iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadı ləğv edilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçının prosessual hüquq varisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual huquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 9, 88, 216-220-ci maddələrinin tələblərini pozaraq qüvvədə olan qanunun normalarını tətbiq etmədən və qətnaməni əsaslandırmadan iddia tələbinin rədd edilməsi barədə qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə qətnamədə əvvəlki məhkəmə iclasında dlndirilmiş şahidlər X4 və X6 ifadələrini, habelə cavabdeh tərəfindən aldığı borc pula görə 07 mart 2017-ci il tarixli 2 etibarnamə əsasında “ASÖB” və “MAN” markalı yük avtomaşınlarını İddiaçı idarəçiliyinə verməsini qeyd etsə də, sonda iddia tələbinin rədd edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iddia tələbini rədd etməsinin səbəbini qətnamədə əsaslandırmamışdır. İddiaçının prosessual hüquq varisi apellyasiya şikayətində məhkəmə qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 15 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının prosessual hüquq varisi X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının prosessual hüquq varisinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, İddiaçı ona “Kəmalə-Nərmin” şadlıq sarayının yanına gəlməyini xahiş etmişdir. Deyilən yerə gedərkən Xanlar, onun oğlu Anar, tanımadığı bir neçə nəfər və Cavid orada idi. Həmin vaxtı Savalan Xanlara 2 dəst ABŞ dolları vermiş, Xanlar da həmin pulu oğluna vermişdi ki, evə aparsın. Daha sonra Xanlar Savalandan əlavə 3000 manat pul da almışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, İddiaçı çoxdan tanıyır. Belə ki, Savalan bir gün ona Xanların karyeri olduğunu və sonuncuya pul verəcəyini bildirmişdir. Bir müddət sonra Savalan onun və digər şahidlərin yanında Xanlara 20000 ABŞ dolları pul vermiş, Xanlar və oğlu Cavabdeh verilən pulu artıqlaması ilə qaytaracaqlarını bildirmişdilər. İş materiallarında olan AB seriyalı, 759762 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “MAN” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibi Cavabdehdur. İş materiallarında olan AB seriyalı, 759763 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “ASÖB” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun sahibi Cavabdehdur. İş materiallarında olan 07.03.2017-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilərək 7E-5320 sayla reyestrdə qeydə alınmış etibarnamənin surətindən görünür ki, Cavabdeh adından etibarnamə əsasında çıxış edən Məmmədov Xanlar Alı oğlu “ASÖB” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı yarımqoşqu nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi 1 il müddətinə İddiaçı etibar etmişdir, etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. İş materiallarında olan 07.03.2017-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilərək 7E-5321 sayla reyestrdə qeydə alınmış etibarnamənin surətindən görünür ki, Cavabdeh adından etibarnamə əsasında çıxış edən Məmmədov Xanlar Alı oğlu “MAN” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi 1 il müddətinə İddiaçı etibar etmişdir, etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 07.12.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən İddiaçı ünvanlanmış 09.01.2018-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh adından etibarnamə ilə çıxış edərək X7 verdiyi 07.03.2017-ci il tarixli, 7E-5320 və 7E-5321 reyestr nömrəli a/m və yarımqoşquya sərəncama dair etibarnamələrdən imtina etdiyinə görə 30.08.2017-ci il tarixdə kontora yazılı ərizə ilə müraciəti əsasında həmin etibarnamələr ləğv edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı iddia tələbini Xanlar və Cavabdehlara 20000 ABŞ dolları və 3000 manat borc verməsi, Xanlar və Cavabdeh 20000 ABŞ dollarını 10000 ABŞ dolları artıqlaması ilə qaytaracaqlarını vəd etmələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə dindirilmiş şahidlərin ifadələri iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, iş üzrə dindirilmiş şahidlər borc məbləğlərinin hansı tarixdə cavabdehə verildiyini konkret göstərməmişlər. Həmçinin şahid X4 borc verilən ABŞ dollarının məbləğini də dəqiq göstərməmiş, ancaq 2 dəst olduğunu bildirmiş, şahid X13 isə borcun harada verildiyini göstərməmişdir. Göründüyü kimi, iş üzrə dindirilmiş şahidlərin ifadələri bir-birini tamamlamamışdır və güvənli nəticəyə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən nəqliyyat vasitələrinə dair İddiaçı etibarnamələr verilməsi iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası yuxarıda sadalanan hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçınınprosessual hüquq varisinin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı prosessual hüquqi varisi X1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(012)-8/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2232/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2232/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver