Məhkəmə qərarları › İş №2(105)-2245/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2245/2022

18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2245/2022 18.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-829/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İByə vurulmuş 496,80 (dörd yüz doxsan altı manat 80 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 31,60 (otuz bir manat 60 qəpik) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 558,40 (beş yüz əlli səkkiz manat 40 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-829/2022 saylı, 14 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı Abşeron Rayon Məhkəməsinin e-2(012)-829/2022 saylı, 14 fevral 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, e-2(012)-829/2022 saylı qərardadı ilə apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət və şikayəti vermə müddətinin bərpası barədə ərizə vermiş, Abşeron Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, e-2(012)-829/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı Abşeron Rayon Məhkəməsinin 29 mart 2022ci il tarixli, e-2(012)-829/2022 saylı qərardadından şikayəti vermə müddətinin bərpası barədə ərizəsi təmin edilməmiş, ərizə ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-829/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-829/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(105)-1738/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-829/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə İddiaçı İB tərəfindən Abşeron Rayon Məhkəməsinin e-2(012)-829/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin ötürülməsini üzürlü hesab edərək müddətin bərpa edilməsinə və mülki işin apellyasiya şikayəti ilə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-829/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı Abşeron Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, e-2(012)-829/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsi təmin edilməmiş, ərizə ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılmışdır. Hazırda həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən şikayət verilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-829/2022 saylı müddətin bərpasından imtina edilməsinə dair qərardadını ləğv edib İddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinin e-2(012)-829/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin ötürülməsini üzürlü hesab edərək müddətin bərpa edilməsinə dair yeni qərar qəbul edilməsi, əks təqdirdə şikayəti baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-829/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin e- 2(012)-829/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İddiaçı çıxarılmış həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin mübahisələndirilən qərardadına əsasən yuxarıda qeyd olunan qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Buna əsas kimi iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş müddətdə apellyasiya şikayətinin verilməməsi, lakin buna baxmayaraq İddiaçı İB tərəfindən məhkəməyə prosessual müddətin bərpa olunması barədə vəsatətin verilməməsi qeyd olunmuşdur. Prosessual müddətin bərpasına dair ərizə kifayət qədər əsaslandırılmışdır. Ərizədə yazılanları təkrarən qeyd etməyərək bildirilir ki, apellyasiya şikayəti verilməsinin gecikdirilməsinə dair üzrlü hesab olunacaq sübutlar iş materiallarına nəzər yetirildikdə görmək olar ki, həmin halları da müddətin bərpasına dair ərizədə qeyd edilib. Bir sözlə İddiaçı ədalətli məhkəmə araşdırması hüququ məhdudlaşdırılaraq iddiaçı tərəfindən qanunsuz və əsassız hesab etdiyi qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Əsassız olaraq ədalətli məhkəmə araşdırması hüququnun məhdudlaşdırılması yolverilməzdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-829/2022 saylı müddətin bərpasından imtina edilməsinə dair qərardadını ləğv edib İddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinin e-2(012)-829/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin ötürülməsini üzürlü hesab edərək müddətin bərpa edilməsinə dair yeni qərar qəbul edilməsi,əks təqdirdə şikayəti baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-829/2022 saylı qəraraddadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi Abşeron Rayon Məhkəməsinin e-2(012)829/2022 saylı, 14 fevral 2022-ci il tarixli qətnaməsinin 18 fevral 2022-ci il tarixdə tərəflərə göndərilməsi, elektron məhkəmə sistemindən çıxarışa görə İddiaçı tərəfindən həmin qətnamənin xx.xx.2022-ci il tarixdə oxunması, həmin qətnamədən onun tərəfindən apellyasiya şikayətinin isə elektron kabinet vasitəsilə 22 mart 2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə ünvanlanması, göründüyü kimi iddiaçı apellyasiya şikayətini qətnaməni qəbul etdiyi 18 fevral 2022-ci il tarixdən 1 ay müddətində verməli olduğu halda, müddəti 3 gün ötürməklə verməsini, hazırki ərizədə müddətin bərpası üçün qeyd edilən əsasların isə üzürlü hal kimi qiymətləndirilə bilməməsini müəyyən edərək ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələbinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, məhkəmə qətnaməsi cavabdehə «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə iddiaçı təşkilata xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə təqdim edilmiş, həmin tarixdə qətnamə iddiaçı təşkilat tərəfindən qəbul edilmiş, qətnamədən apellyasiya şikayətini 22 mart 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə verməklə müddəti 3 gün ötürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. İddiaçı təşkilat tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsini bildirilsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edilməmiş, müddətin üzürlü səbəbdən ötürülməsi əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı təşkilatın ərizədə göstərdiyi dəlillər onun qətnamədən apellyasiya şikayəti verməsi müddətini üzrlü səbəbdən buraxmasını təsdiq etmir və şikayətin təmin edilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası şikayəti təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, e-2(012)-829/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, e-2(012)-829/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar