Məhkəmə qərarları › İş №2(105)-2249/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2249/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2249/2020 17.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1390/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1390/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3387 manat əsas borc, 943,31 manat faiz borcu, 20 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 492,56 manat faiz məbləği olmaqla, cəmi 4842,87 manat kredit borcunun və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X2 iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3387 manat əsas borc, 943,31 manat faiz borcu, 2084,13 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikasının MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 492,56 manat faiz məbləği olmaqla, cəmi 6907 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 298/08 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə, illik 24% ödənilmək şərtilə 3500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə həmin tarixdə 298/08 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışırlar. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin banka ödənilməmiş 3387 manat əsas, 943,31 manat faiz, 2084,13 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikasının MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 492,56 manat faiz məbləği olmaqla, cəmi 6907 manat məbləğində kredit borcu mövcuddur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə iddiaçı təşkilatın Azərbaycan Respublikası Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuşdur. Qətnamənin tam təmin edilməyən hissəsində qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməlidir və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 298/08 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 3500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Qətnamədə əsassız olaraq İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə cərimə faizləri tam təmin edilməmişdir. Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsinə əsasən bu müqavilənin müddətinin bitməsi tərəflərin müqavilə üzrə öhdəliklərinin icrasından azad etmir. Müqavilə üzrə kredit, faiz və cərimə borcu banka tam ödəniləndən sonra öhdəlik öz qüvvəsini itirir. Bundan başqa, Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uygun olaraq həyata keçirilir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafiki ilə nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üçün cərimə, vaxtı keçmiş kredit üzrə iki qat faiz ödəməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin bu bəndinə əsasən cavabdehə haqlı olaraq cərimə hesablanmışdır və bu hissədə də iddia tələbi haqlıdır və tam təmin olunmalıdır. İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi 2084,13 manat cərimə cavabdehlərdən tam şəkildə tutulmalıdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən, iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcuna aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin cərimə borcuna aid təmin olunmayan hissədə ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli, 298/08 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı tərəfindən Cavabdeh1 illik 24 faiz olmaqla, 18 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 298/08 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 298/08 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün Cavabdeh2 bank qarşısında məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X1 xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 cəmiyyətə xx.xx.2015-ci il tarixli, 298/08 saylı tarixli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixinə kredit öhdəliyi üzrə 3387 manat əsas borcu, 943,31 manat faiz borcu, 2084,13 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan 5% faiz məbləği 492,56 manat olmaqla, cəmi 6907 manat məbləğində borcu vardır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə olan borcunu tam ödəməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsi cərimə borcuna aid hissədə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 298/08 saylı kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 faizi cərimə və vaxtı keçmiş kredit üzrə 48% ödəyir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilatın 2084,13 manat dəbbə pulu tələb etməsi tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq dəbbə pulunun miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək həmin məbləği azaltmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstədiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcuna aid hissədə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin cərimə borcuna aid hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcuna aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1390/2020 saylı qətnaməsi cərimə borcuna aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar