Məhkəmə qərarları › İş №2(105)-2250/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2250/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2250/2021 10.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(060)-253/2021 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 12155 manat məbləğində əsas borc, 7434.74 manat məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün (5%) 1808.06 manat faiz borcu olmaqla, cəmi 21397.80 manat pul məbləğində kredit borcu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması, tutma ipoteka predmeti olan Cavabdeh1 məxsus olan “SEAT İBİZA” markalı, (buraxılış ili-2012, tip-sedan, Ban-VSSZZZ6JDR025170, Mühərrik-BTS182153, rəng: Qara metal) **-CH-*** qeydiyyat nişanlı minik avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borc ödənilməsi, satışdan əldə olunacaq vəsait iddia tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh2 nümayəndəsi Vəkil qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 12155 manat məbləğində əsas borc, 7469.17 manat məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün (5%) 1808.06 manat faiz borcu olmaqla, cəmi 21432.23 manat pul məbləğində kredit borcunun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması, tutulmalı olan məbləğin ilk növbədə 22.06.2012-ci il tarixli, 172 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus olan “Seat İbiza” markalı, (buraxılış ili-2012, tip-sedan, Ban-VSSZZZ6JDR025170, Mühərrik-BTS182153, rəng-Qara metal) **-CH-*** qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi və satışdan əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Beynəlxalq Bankının “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 22.06.2012-ci il tarixli, 172 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə hesablanmaqla, 14365 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan “Seat İbiza” markalı, ** CH *** qeydiyyat nişanlı minik avtomobili (buraxılış ili-2012, tip-sedan, Ban-VSSZZZ6JDR025170, Mühərrik-BTS182153, rəng-Qara metal) ipoteka ilə yüklü edilmiş və cavabdehlə 22.06.2012-ci il tarixli, 172 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmçinin, kredit öhdəliyinin təmin edilməsi üçün Bank Cavabdeh2 ilə 22.06.2012-ci il tarixli, 20 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada, ödəniş cədvəlinə uyğun ödəməmişdir. Bank tərəfindən cavabdehlərə öhdəlikləri üzrə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə edilən müraciətlər heç bir nəticə verməmişdir. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən 19.06.2020-ci il tarixə Cavabdeh1 banka 12.155 manat əsas borc, 7.469,17 manat faiz borcu və gecikdirilmiş vaxt üçün (5%) 1.808,06 manat faiz borcu olmaqla, cəmi borcu 21.432,23 manat təşkil edir. Cavabdeh1 və zamin Cavabdeh2 kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdehlər tərəfindən tədbirlər görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 öhdəliklərini icra etmir, buna görə də borcun təminatı kimi Cavabdeh1 tərəfindən ipotekaya qoyulmuş avtomobil açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 nümayəndəsi Vəkil Sumqayıt Şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, iddia tələbində göstərilən əsas, faiz və gecikdirilmiş vaxt üçün olan fazi borcunun yeni hesablanaraq yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanunsuz və əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi cavabdehlərin iddiaçı qarşısında götürdükləri öhdəliklərini icra etməməsi ilə əsaslandırmış, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə Cavabdeh2 tərəfindən kredit borcunun tutulması hissəsində mübahisələndirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, maddi vəziyyəti pisləşdiyindən həmin borcu banka ödəyə bilməmiş və ona möhlət veriləcəyi halda həmin pulu hissə-hissə ödəyə biləcəyini mübahisə edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən Mülki Məcəllənin 739, 385.1, 442-ci maddələrinin tələbinə uyğun olaraq iddiaçı tələb olunan məbləği cavabdehdən tələb etməkdə haqlı olmuş və məhkəmədə bu iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Bu hal iş üzrə keçirilmiş 24 sentyabr 2021-ci il tarixli №9/5639 ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı ekspertiza xərci 50 (əlli) manat Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ0**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 ekspertiza xərci 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ0**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar