Məhkəmə qərarları › İş №2(105)-2252/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2252/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2252/2021 27.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, Cavabdeh LPO Cavabdeh3 ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC-yə qarşı mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, həmin çıxarış əsasında həyata keçirilmiş alqı-satqı və ipoteka müaqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-655/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-655/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. (hakim A.İsmayılov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-655/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri 18-ci mikrorayon, 1 saylı evin, 32 saylı mənzilinə dair özəlləşdirmənin etibarsız hesab edilməsi, həmin özəlləşdirmə nəticəsində Cavabdeh1 adına Sumqayıt şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən 16 noyabr 2004-cü il tarixdə verilmiş, 31892 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi, həmin qeydiyyat vəsiqəsi əsasında Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən X2 arasında bağlanmış 30 yanvar 2013-cü il tarixli, 318 saylı alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı və ipoteka müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi idarəsi tərəfindən verilmiş RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 18-ci mikrorayon, ev 1, mənzil 32 Sumqayıt şəhər X10 28 may 1988-ci il tarixli, 11/360 nömrəli orderi əsasında Cavabdeh1 adına qeydiyyata alınmış və ona Sumqayıt şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən 16 noyabr 2004-cü il tarixdə 31892 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh3 ASC ilə Cavabdeh2 və Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən X2 arasında bağlanmış 30 yanvar 2013-cü il tarixli, 318 saylı alqı-satqı və ipoteka müqaviləsinə görə Cavabdeh1 Sumqayıt şəhəri, 18-ci mkr., 1 saylı evin 32 saylı mənzilini Cavabdeh2 mülkiyyətinə vermiş, mənzilin satış qiyməti 40.000 manat müəyyən edilmiş, mənzilin dəyərinin 8.000 manatı Cavabdeh2, 32.000 manatı isə Cavabdeh3 ASC tərəfindən 29 yanvar 2013-cü il tarixli, AİK saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 verilmiş kredit vəsaiti hesabına ödənilmiş, mənzil 29 yanvar 2013-cü il tarixli, AİK saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Cavabdeh3 ASC-yə ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi idarəsi tərəfindən verilmiş RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə, Sumqayıt şəhəri, 18-ci mkr, 1 saylı evin 32 saylı mənzili Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında 19 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 18-ci mikrorayon, 1 saylı evin, 32 saylı mənzili özəlləşdirilərkən onun razılığı alınmamışdır. Belə ki, həmin vaxt o, həmin mənzildə qeydiyyatda olduğuna baxmayaraq mənzilin Cavabdeh1 adına özəlləşdirilməsinə razılığı olmamışdır. Bu hal özü «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun tələblərinə zidd olduğumdan həmin mənzilin özəlləşdirilməsi etibarsız hesab edilməlidir. Buna görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu olan apelyasiya şikayətini həm də onunla əsaslandırmışdır ki, mübahisəli mənzil özəlləşdirilərkən onun razılığının olmaması faktının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən DƏDRX-nin müvafiq İdarəsinə sorğu verilməmiş, həmin fakt araşdırılmamış, yalnız qarşı tərəfin izahatına əsaslanmışdır. Beləliklə, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, iş üçün əhəmiyyəti olan halları tamamilə araşdırmamışdır. Buna görə də qətnamə ləğv edilməli, iddia təmin olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında cavabdeh LPO Cavabdeh3 ASC-nin nümayəndəsi X12 apelyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri 18-ci mikrorayon, 1 saylı evin 32 saylı mənzili 19.02.2013-cü il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Yenə iş materiallarında olan İİİ-JQ 445305 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X5 26 iyun 1985-ci il tarixdə nikaha girmişlər. Nikahdan sonra arvada Paşayeva soyadı verilmişdir. Yenə də iş iş materiallarında olan 31982 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri 18-ci mikrorayon, 1 saylı evin 32 saylı mənzili 10.09.2004-cü il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh3 ASC ilə Cavabdeh2 və Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən X2 arasında bağlanmış 30 yanvar 2013-cü il tarixli, 318 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, 18-ci mkr., 1 saylı evin 32 saylı mənzilini Cavabdeh2 mülkiyyətinə vermiş, mənzilin satış qiyməti 40.000 manat müəyyən edilmiş, mənzilin dəyərinin 8.000 manatı Cavabdeh2, 32.000 manatı isə Cavabdeh3 ASC tərəfindən 29 yanvar 2013-cü il tarixli, AİK saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 verilmiş kredit vəsaiti hesabına ödənilmiş, mənzil 29 yanvar 2013-cü il tarixli, AİK saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Cavabdeh3 ASC-yə ipotekaya qoyulmuşdur. Yenə iş materiallarına əlavə edilmiş İddiaçı notarial qaydada təsdiq edilmiş 23.02.2012-ci il tarixli ərizəsindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mkr., 1 saylı evin 32 saylı mənzilinin satılmasına və girov qoyulmasına etiraz etməmiş, gələcəkdə tutma bu mənzilə yönəldiləcəyi təqdirdə oranı qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Yenə də iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 03.12.2013cü il tarixli, 2(060)-4640/2013 saylı qətnaməsindən görünür ki, X3 Cavabdeh2 qarşı 20000 manat pulun alınıb ona verilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin 30.01.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinin, 29.01.2013- cü il tarixli 393AİK saylı kredit müqaviləsinin, həmin mənzilə məxsus RX ******* saylı hüquqların qeydiyyatı haqqında DƏDRX-nin çıxarışının ləğv olunması, 29.01.2013- cü il tarixli, 393 AİK saylı kredit müqaviləsi əsasında bank qarşısında borclu kimi cavabdehin əvəzinə iddiaçının tanınması və ya 23000 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi, həmin pulun ödəndiyi tarixdən etibarən tərəflərin birgə vəsaiti hesabına tikilmiş fərdi yaşayış evinin cavabdehin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılması, həmçinin cavabdehin əməllərində cinayət tərkibi olub-olmadığının araşdırılaraq hüquqi qiymət verilməsi barədə xüsusi qərardad çıxarılması tələbinə dair ilk iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh1, İddiaçı, X2, X16 oğlu, X6 və X1 Sumqayıt şəhəri, 18-ci mkr, ev 1, 32 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin 06.06.2014-cü il tarixli, 2(105)- 703/2014 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 03.12.2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 ilk iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 ilə Cavabdeh2 arasında Sumqayıt şəhər 4 saylı Notariat kontorunda bağlanmış 30.01.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsi alqı-satqı müqaviləsinin bağlanması hissəsində ləğv edilmiş, Cavabdeh2 oğunun adına verilmiş ünvan 2 ünvanında yerləşən mənzilə dair hüquqlarm dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən RX ******* saylı çıxarışın ləğv edilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh2 Cavabdeh1 qarşı ailə üzvləri ilə birlikdə ona məxsus olan Sumqayıt şəhəri, 18-ci mkr, 1 saylı evin 32 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmasına dair qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir. Yenə işdə olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.06.2015-ci il tarixli, 2(102)2689/2015 saylı qərarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 06.06.2014-cü il tarixli, 2(105)-703/2014 saylı qətnaməsi Cavabdeh1 iddia tələbinin onunla Cavabdeh2 arasında bağlanmış Sumqayıt şəhəri, 18-ci mkr., 1 saylı evin 32 saylı mənzilin alqı-satqısına və ipotekasına dair 30.01.2013-cü il tarixli müqavilənin alqı-satqıya dair hissəsinin və onun əsasında Cavabdeh2 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa dair hissədə ləğv edilməsi, həmin hissəyə yenidən baxılması üçün işin Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Yenə də işdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin 27.10.2015-ci il tarixli, 2(105)-1536/2015 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 03.12.2013-cü il tarixli, 2(060)4640/2013 saylı qətnaməsi ilk iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış Sumqayıt şəhəri, 18-ci mkr., 1 saylı evin 32 saylı mənzilin alqı-satqısına və ipotekasına diar 30.01.2013-cü il tarixli müqavilənin və onun əsasında Cavabdeh2 adına verilmiş DƏDRdən çıxarışın ləğv edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 14.07.2016-cı il tarixli, 2(060)-7831/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3ASC-yə qarşı “alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbiə dair iddiası təmin edilmişdir. Yenə iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.12.2016-cı il tarixli, 2(105)-2535/2016 saylı qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 14.17.2016-cı il tarixli, 2(060)-7831/2016 saylı qətnaməsi ləğv edilmiş, Cavabdeh1 qeyd olunan iddiası rədd edilmişdir. Yenə də iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02.05.2017-ci il tarixli, 2(102)-2513/17 saylı qərarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.12.2016-cı il tarixli 2(105)- 2535/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Cavabdeh1 kassasiya şikayəti rədd olunmuşdur. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 24.07.2018-ci il tarixli, 2(060)-5105/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh1, X16 oğlu, X2, X4 və İddiaçı qarşı “mənzilə istifadə hüququnun xitam verilməsi və mənzildən əmlakları ilə birlikdə çıxarılmasına” dair iddia təmin edilmiş, həmin məhkəmə qətnaməsinə əsasən cavabdehlərin mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mkr., 1 saylı evin 32 saylı mənzildən çıxarılmaları qət edilmişdir. Yenə işdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.12.2018-ci il tarixli, 2(105)- 3983/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 apelyasiya şikayəti rədd edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 24.07.2018-ci il tarixli, 2(060)-5105/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yenə də işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.06.2019-cu il tarixli, 2(102)-3616/2019 saylı qərarından görünür ki, Cavabdeh1 kassasiya şikayəti rədd edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.12.2018-ci il tarixli, 2(105)-3983/2018 saylı qətnaməsi dəyişdrilmədən saxlanmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, dövlət mənzil fonduna məxsus Sumqayıt şəhəri, 18-ci mkr., 1 saylı evin 32 saylı mənzili Cavabdeh1 adına 2004-cü ildə özəlləşdirilmiş və onun adına qeydiyyat vəsiqəsi alınmışdır. Sonradan bu mənzil, Cavabdeh3 ASC ilə Cavabdeh2 və Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən X2 arasında bağlanmış 30 yanvar 2013-cü il tarixli, 318 saylı alqı-satqı və ipoteka müqaviləsinə görə Cavabdeh2 mülkiyyətinə verilmiş, mənzilin satış qiyməti 40.000 manat müəyyən edilmiş, mənzilin dəyərinin 8.000 manatı Cavabdeh2, 32.000 manatı isə Cavabdeh3 ASC tərəfindən 29 yanvar 2013-cü il tarixli, AİK saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 verilmiş kredit vəsaiti hesabına ödənilmiş, mənzil 29 yanvar 2013-cü il tarixli, AİK saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Cavabdeh3 ASCyə ipotekaya qoyulmuşdur. Bu əməliyyatın aparılmasına iddiaçı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi idarəsi tərəfindən verilmiş RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə, Sumqayıt şəhəri, 18-ci mkr, 1 saylı evin 32 saylı mənzili Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında 19 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mübahisəli mənzillə bağlı Cavabdeh2 ilə Cavabdeh1 arasında bir sıra məhkəmə çəkişmələri olmuş, son nəticədə iddiaçı və ailə üzvlərinin mübahisəli mənzildən çıxarılması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Hazırda İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri 18-ci mikrorayon, 1 saylı evin, 32 saylı mənzilinə dair özəlləşdirmənin etibarsız hesab edilməsi, həmin özəlləşdirmə nəticəsində Cavabdeh1 adına Sumqayıt şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən 16 noyabr 2004-cü il tarixdə verilmiş, 31892 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi, həmin qeydiyyat vəsiqəsi əsasında Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən X2 arasında bağlanmış 30 yanvar 2013-cü il tarixli, 318 saylı alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı və ipoteka müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi idarəsi tərəfindən verilmiş RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiadan görünür ki, İddiaçı mübahisəli mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsini ona görə tələb edir ki, bu zaman o, mübahisəli mənzildə qeydiyyatda olsa da, buna razılıq verməmişdir. Mübahisə ilə bağlı məhkmə kollegiyası aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur.(İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.) Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin qanunun 3-cü maddəsinə əsasən, Dövlət Mənzil Fonduna məxsus mənzillərin özəlləşdirilməsi tam könüllülüyə əsaslanır. Yenə həmin qanunun 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İstinad olunan qanunun 9-cü maddəsinə görə isə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi əsasında həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir. Həmin qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Yuxarıda qeyd olunan hüquq normalarından da görünür ki, Dövlət Mənzil Fonduna məxsus mənzillərin özəlləşdirilməsi həmin mənzilin kirayəçisinin könüllü olaraq təşəbbüsü əsasında onun və ya onunla birlikdə həmin mənzildə faktiki yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin adına həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, əmlakın özəlləşdirilməsi ilə məşğul olan müvafiz icra hakimiyyəti orqanının mübahisəli mənzildə yaşayan İddiaçı razılığı olmadan oranı özəlləşdirməsi inandırıcı görünmür. Digər tərəfdən, işin faktiki hallarından görünür ki, mənzil özəlləşdiriləndən bir müddət (8 il) sonra, yəni 2012-ci ildə həmin mənzilin satılmasına və ya girov qoyulmasına iddiaçı razılıq vermişdir. Bu hallara məcmu halda qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Sumqayıt şəhəri 18-ci mikrorayon, 1 saylı evin, 32 saylı mənzilinin özəlləşdirilməsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etsə də, buna əsas verən hallar barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də onun iddiasının təmin edilməməsi barədə işə baxan məhkəmə tamamilə qanuni və əsaslı nəticəyə gəlmişdir. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası mübahisəli mənzillə bağlı öncəki çoxsaylı məhkəmə qərarlarını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi barədə tələb təmin edilmədiyindən İddiaçı digər tələbləri də təmin edilə bilməz, çünki mübahisəli mənzilin özəlləşdirilməsi qanuni aparıldığından onunla bağlı alqı-satqı və ipoteka müqaviləsinin və Cavabdeh2 adına tərtib edilmiş reyestrdən çıxarışın da qanuni olduğu məlum olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə alaraq iddianı rədd edilməsi barədə tamamilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia ərizəsinə və apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Bu şikayətin dəlilləri iş materialları ilə tamamilə təkzib olunur. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-655/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar