Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2254/2021 03.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas kredit borcunun, kredit faizlərinin və tutmanın saxlanca verilmiş zinət əşyalarına yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 muştərək qaydada 3998 ABŞ dolları əsas borcun, 903 ABŞ dolları faiz borcunun, 307 ABŞ dolları cərimə, cəmi 5.208 ABŞ dolları və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi, tələbin əsas borclu olan cavabdehə məxsus müvafiq zinət əşyalarına (1 ədəd boyunbağı-24 qram- 585 əyar, 1 ədəd bilərzik-14,8 qram-585 əyar, 1 ədəd üzük-5 qram-585 əyar, 3 ədəd bilərzik (balaca)- 6.2 qram-585 əyar, ümumi çəkisi 50 qram-585 əyar olması etibarı ilə) yönəldilməsi, həmin əşyaların satışından əldə olunan vəsait hesabına banka olan borcun qaytarilması, satışdan əldə olunmuş vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2199/2010 saylı, 05 iyul 2010-cu il tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 3998 ABŞ dolları əsas borc, 903 ABŞ dolları faiz borcu, 307 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5208 ABŞ dolları borcun (ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla) və 20 (iyirmi) manat dövlət rüsumunun əvəzinin tutulması, tutmanın Cavabdeh1 məxsus qızıl-zinət əşyalarına (1 ədəd boyunbağı-24 qram- 585 əyar, 1 ədəd bilərzik-14,8 qram-585 əyar, 1 ədəd üzük-5 qram-585 əyar, 3 ədəd bilərzik (balaca)-6.2 qram-585 əyar, ümumi çəkisi 50 qram-585 əyar olması etibarı ilə) yönəldilməsi, həmin əşyaların satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, vəsait kifayət etmədikdə isə borcun cavabdehlərdən ümumi qaydada tutulması qət edilmişdir. Sonradan Cavabdeh1 qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 23 noyabr 2020-ci il tarixli qərardadı ilə qeyd edilən qiyabi qətnamə ləğv edilmişdir. Məhkəmə gedişatında İddiaçı ASC iddia tələbinin həcminin azaldılması ilə bağlı məhkəməyə ərizə verərək, cavabdehlərdən 1998 (bir min doqquz yüz doxsan səkkiz) ABŞ dolları 78 (yetmiş səkkiz) sent əsas borcun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1998 (bir min doqquz yüz doxsan səkkiz) ABŞ dolları 78 (yetmiş səkkiz) sent əsas borcun (ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla) və 20 (iyirmi) manat dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. (hakim R.Qoşqarlı) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 28.09.2009-cu il tarixli kredit müqaviləsinə əsasən bank əsas borclu olan Cavabdeh1 18 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit vermişdir. Digər Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdir. O, müqavilənin 1.1 və 1.2-ci bəndlərinə uyğun olaraq əsas kreditor qarşısında öhdəliklərin tamamilə icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş, kredit və ona hesablanmış faizlərin vaxtında qaytarılmasına təminat vermişdir. Əsas borclu olan cavabdeh müqavilənin 3.1-ci bəndinə əsasən kredit və hesablanmış faizləri “Ödəniş cədvəli”nə əsasən bankın kassasına nağd və ya onun müxbir hesabına köçürmə yolu ilə kredit müddətində təmamən qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq yerinə yetirmir. Cavabdehlərin müştərək qaydada banka olan əsas borcları 1998,78 ABŞ dolları təşkil edir. Göstərilənlərə əsasən iddia təmin edilməli, borc cavabdehlərdən iddiaçı bankın xeyrinə tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı ASC ilə onun arasında müqavilə 2008-ci ildə bağlanmışdır. O, həmin krediti vaxtında ödəyib borcunu bağlamışdır. Hətta bank tərəfindən heç bir borcunun olmaması barədə ona arayış da verilmişdir. Belə ki, bankın iddia etdiyi 2009-cu il tarixli kredit müqaviləsində çəkilən imzalar ona aid deyil. Həmçinin bankın iş materiallarına əlavə etdiyi müqavilə sənədin əsli deyil, kserosurətidir. Bankın iddia etdiyi qızılların bankda qalması onun Azərbaycan Respublikasından kənarda olması ilə əlaqədardır. Bütün bunlara baxmayaraq, məhkəmə işi dərindən araşdırmayaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə prosesində iştirak edən nümayəndəsi-anası Nümayəndə dəfələrlə imzanın ona aid olmadığını bildirsə də, hakim imzaların dəqiqliyini müəyyən etmək üçün heç bir ekspertiza təyin etməmişdir. Bütün bunlardan əlavə, mübahisələndirilən müqavilələr 2009-cu ilə aid edilir, bunun isə üzərindən 12 il ötmüşdür. AR Mülki Məcəllənin 373.2 maddəsində də qeyd edilmişdir ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il nəzərdə tutulub. Göründüyü kimi bank hazırkı iddianı qaldırarkən müddəti ötürmüşdür. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmadığından qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında cavabdehlərin nümayəndəsi Nümayəndə apelyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. O, bildirdi ki, girov qoyulmuş qızıllar kredit borcunu artıqlaması ilə ödəmişdir və borc yoxdur. Bu hal nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, kredit vaxtında qaytarılmadığına görə borc yaranmışdır. İşin hallarından görünür ki, qiyabi qətnamənin icrası ilə əlaqədar girov qoyulmuş əmlaklar cavabdehin iştirakı ilə satılmış və borcun 1151 ABŞ dolları hissəsi silinmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə bağlı Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun bir hissəsi kompensasiya edilmişdir. Hazırda yerdə qalan borc 1998,78 ABŞ dollarıdır və həmin borc tələb olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan, 28.09.2009-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC əsas borclu olan Cavabdeh1 18 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit vermişdir. Yenə iş materiallarında olan 28.09.2009-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 bank qarşısındakı öhdəliklərinə Cavabdeh2 zamin durmuşdur. Yenə də iş materiallarında olan 28.09.2009-cu il tarixli saxlanc-girov müqaviləsindən görünür ki, Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin təminatı kimi özünə məxsus qızıl-zinət əşyaları (1 ədəd boyunbağı-24 qram- 585 əyar, 1 ədəd bilərzik-14,8 qram-585 əyar, 1 ədəd üzük-5 qram-585 əyar, 3 ədəd bilərzik (balaca)-6.2 qram-585 əyar, ümumi çəkisi 50 qram-585 əyar olması etibarı ilə) banka girova qoyulmuşdur. İşdə olan İddiaçı ASC-nin 26.04.2021-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC ilə bağlanmış N-SG504670-2985-2009 saylı, 28.09.2009cu il tarixli saxlanc müqaviləsinə və 28.09.2009-cu il tarixli, 1846/2009 saylı akta əsasən saxlanc üçün 6 adda 585 əyarlıq cəmi 50 qramlıq qızıl əşyaları girov qoyulmuşdur. Müqavilənin 3.5-ci bəndində girov predmeti 400 (dörd yüz) ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Girov qoyulmuş qızıl əşyaları 14.01.2011-ci il tarixdə zamin Cavabdeh2 iştirakı ilə müqavilədə göstərilən 400 ABŞ dolları dəyərdən daha yüksək 1151 ABŞ dolları məbləğinə satılmış və kredit borcunun ödənişinə silinmişdir. Qızıl-zinət əşyalarının satılmasına dair akt iş üzrə sənədlərin əsli ilə birgə saxlanma müddəti bitdiyindən məhv edilmişdir. Yenə işdə olan Azərbaycan Kredit Bürosundan verilmiş 28.04.2021-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 28.09.2009cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 bank tərəfindən 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Yenə də işdə olan İddiaçı ASC-nin 19.02.2021-ci il arayışından görünür ki, Cavabdeh1 məxsus 3811001MK0078511 hesab nömrəli kredit xətti üzrə 21.11.2008-ci il tarixdə 3500 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni kredit xətti üzrə 28.09.2009-cu il tarixdə Cavabdeh1 ilə bank arasında bağlanan yeni müqaviləyə əsasən 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Ayrılan 4000 ABŞ dolları kredit məbləğindən 1000 ABŞ dolları məbləğində vəsait 21.11.2008-ci il tarixli müqavilə üzrə qalıq borca silinmiş, qalan 3000 ABŞ dolları vəsait cavabdehə təqdim olunmuşdur. Hazırda Cavabdeh1 və Cavabdeh2 28.09.2009-cu il tarixli, 3811001MK0078511 saylı kredit hesabı üzrə 1998,78 ABŞ dolları borcu vardır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.09.2009-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Ayrılan 4000 ABŞ dolları kredit məbləğindən 1000 ABŞ dolları məbləğində vəsait 21.11.2008-ci il tarixli müqavilə üzrə qalıq borca silinmiş, qalan 3000 ABŞ dolları vəsait cavabdehə təqdim olunmuşdur. Borcun təminatı kimi digər cavabdeh zamin durmuşdur. Eyni zamanda, borclu özünə məxsus 400 (dörd yüz) ABŞ dolları məbləğində qiymətləndirilən 6 adda 585 əyarlıq cəmi 50 qramlıq qızıl əşyaları girov qoymuşdur. Kredit vaxtında qaytarılmadığına görə borc yaranmışdır. İşin hallarından görünür ki, qiyabi qətnamənin icrası ilə əlaqədar girov qoyulmuş əmlaklar cavabdehin iştirakı ilə satılmış və borcun 1151 ABŞ dolları hissəsi silinmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə bağlı Cavabdeh1 İddiaçı ASC-yə olan borcun bir hissəsi kompensasiya edilmişdir. Hazırda isə İddiaçı ASC kredit müqaviləsi üzrə qalan məbləği həm borcludan, həm də zamindən tələb edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə cəmi 1998,78 ABŞ dolları borcunun olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, bu borc işdə olan obyektiv sübutlarla, maliyyə arayışı ilə təsdiq olunur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, digər Cavabdeh2 kredit öhdəliklərinə təminatçı kimi zamin durduğundan yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin Cavabdeh1 apelyasiya şikayətinin dəlillərini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası cavabdehin kredit müqaviləsi üzrə banka borcunun olmaması barədə şikayətinin dəlillərini əsassız hesab edir, çünki cavabdeh bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh1 özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2254/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2254/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver