Məhkəmə qərarları › İş №2(105)-2257/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2257/2020

14.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2257/2020 14.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 vəkili və nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-83/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apelyasiya apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-83/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim E.Abdullayev) Qətnamədən narazı qalan iddiaçılar İddiaçı2 və İddiaçı1 ondan apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-83/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı 9000 manat məbləğində dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılardan İddiaçı2 2007-ci ildə hazırda yaşadıqları evin 2 sot torpaq sahəsini Babək adlı şəxsdən 4000 manata həyat yoldaşını itirmiş qızı İddiaçı1 üçün almışdır. 4 sot torpaq sahəsi isə 867 saylı bağçılıq cəmiyyəti tərəfindən 2000-ci ildə ona verilmişdir. Onlar həmin torpaq sahəsində ev tikmiş, çoxlu sayda ağac əkmişlər. İddiaçı2 2 sot torpaq sahəsini qızının xahişi ilə öz hasarlarının içinə almışdır ki, heç kim həmin torpaq sahəsini zəbt etməsin. Onlar burada Əfruz üçün ev inça etmək fikrində olmuş, həmin sahəyə əlavə olaraq bir neçə maşın mişar daşı da tökmüş, lakin həmin mişar daşları Aydın və qohumları tərəfindən dağıdılmışdır. Bunu sübut edən fotoşəkillər və qonşuların tərtib etdikləri akt var. xx.xx.2019-cu ildə, saat 21:40 radələrində Babəkin yaxın qohumu olan Aydın adlı şəxs bir neçə nəfərlə gələrək evinin qarşısında, dənizə tərəf hissədə olan 30 metr uzunluğunda daş hasarı uçurmaqla iddiaçılara mişar daşları üçün 1000 manat, uçmuş hasar üçün 8000 manat məbləğində maddi ziyan vurmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçılar iddia ərizəsilə oxşar məzmunda apelyasiya şikayəti verərək göstərmişlər ki, iş üzrə ekpertiza keçirilmiş və ekspertin məhkəmə ekspertizasının aparılmasından imtina barədə xx.xx.2020-ci il tarixli məlumatında qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi mütəxəsislərinin rəyi Ekspertiza Mərkəzinə daxil olmadığından ekspert rəyinin verilməsi mümkün olmamışdır. Həmçinin AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli arayışında bildirilmişdir ki, torpaq sahələrinə dair sxem, koordinatları əks etdirən hüquq müəyyənedici sənədlər olmadığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların aydınlaşdırılması mümkün olmamışdır. Bundan sonar isə məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən sökülmüş hasarın həqiqətən də iddiaçılara ayrılmış bağ sahəsinin hüdudlarında yerləşməsini sübut etmək vəzifəsi onların üzərinə düşür. Nəzərə alınmalıdır ki, Cavabdeh müvafiq Polis Bölməsində izahat verərəkən etiraf etmişdir ki, hasarı məhz o uçurub. Yerli baxış zamanı isə həmin hasarın iddiaçılara məxsus olması müəyyən olunmuşdur, belə olan halda iddianın təmin edilməməsi əsassızdır. Məhkəmə maddi hüquq normalarını pozmuş, işin bütün faktiki hallarını araşdırmamış və səhv nəticəyə gəlmişdir. Buna görə də qətnamə ləğv edilməli, iddia isə təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclaslarında iddiaçılar İddiaçı2, İddiaçı1, o cümlədən digər İddiaçı2 vəkili və nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh şikayətlə razılaşmadı və qətnamənin qanuni olduğunu göstərərk, apelyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Əlavə etdi ki, onunla iddiaçılar arasında torpaq sahəsinə dair mübahisə var, iddiaçılar ona məxsus torpaq sahəsinə heç bir sənədləri olmamasına baxmayaraq iddia edirlər. Lakin o, heç kəsin hasarını uçurmamışdır. İddiaçılar guya onlara onun tərəfindən 9000 manat ziyan vurulmasını iddia etsələr də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Onların evlərinin dəyəri heç o qədər eləmir. İddiaçılar bu yolla ona təsir göstərib torpağına sahib çıxmaq istəyirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 2 saylı Məhəllə Komitəsinin 196 saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı2 Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, “Xəzər” Bağçılıq Yoldaşlığı ərazisi, bağ 867-də ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. xx.xx.2019-cu il tarixində X9, X8 və X6 tərəfindən tərtib olunan və “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 2 saylı Məhəllə Komitəsinin sədri tərəfindən imzalanaraq təsdiq olunmuş aktdan görünür ki, İddiaçı2 özünə məxsus olan bağ evində 2008-ci ildən bu günə kimi yaşayır. İşdə olan “Xəzər” Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş 867 saylı bağçılıq kitabçasının təsdiq edilməmiş kserosurətindən görünür ki, xx.xx.2000-ci ildə İddiaçı2 Cəmiyyətə üzv qəbul edilmişdir. Yenə işdə olan və cavabdeh tərəfindən təqdim edilmiş “Xəzər” Bağçılıq Cəmiyyətinin bağçılıq kitabçalarından görünür ki, 717 saylı bağ sahəsi xx.xx.2000-ci il tarixində Cavabdeh, 717B saylı bağ sahəsi isə xx.xx.2000-ci ildə X3 verilmiş, onlar Cəmiyyətə üzv qəbul edilmişlər. Yenə də işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının aparılmasından imtina barədə xx.xx.2020-ci il tarixli məlumatından görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssislərinin rəyi Mərkəzə daxil olmadığından ekspert rəyinin verilməsinin mümkün deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli arayışında bildirilmişdir ki, sxem, koordinatları əks etdirən hüquqmüəyyənedici sənədlər olmadığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların araşdırılması mümkün olmamışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini, işdə iştirak eən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)- 83/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçılar özlərinə məxsus hasarın sökülməsi nəticəsində onlara dəymiş ziyanın cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişlər. Onlar iddia edirlər ki, “Xəzər” Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş 867 saylı bağçılıq kitabçasına əsasən İddiaçı2 ayrılmış torpaq sahəsində ev tikib yaşayırlar, qonşu torpaq sahəsi cavabdehə məxsusdur. 0,02 ha torpaq sahəsini Babək adlı şəxsdən alıb hasarlamış, öz torpaq sahələrinə qatmışlar. Həmin torpa sahəsinin sənədi yoxdur. Cavabdeh həmin hasarı sökmüş, nəticədə onlara 9000 manat ziyan vurulmuşdur. Cavabdeh isə bildirir ki, qeyd edilən torpaq sahəsi “Xəzər” Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş və hazırda onun istifadəsində olan 717 və 717B saylı bağların ərazisinə düşür və hasarın İddiaçı2 867 saylı bağçılıq kitabçasına əsasən ayrılmış əraziyə heç bir aidiyyəti yoxdur. Onun tərəfindən iddiaçılara məxsus hasar sökülməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası nəzərə alır ki, tərəflər arasında mübahisə 0,02 ha torpaq sahəsi barədədir. Məhkəmə baxışı zamanı cavabdeh iki ədəd bağçılıq kitabçasının əslini və yerli vergilərin ödənişi barədə qəbzləri təqdim edərək iddiaçıların iddia etdiyi 0,02 ha torpaq sahəsinin həmin kitabçalar əsasında ona məxsus torpaq sahəsinə daxil olduğunu bildirmiş, iddiaçılar isə mübahisəli 0,02 ha torpaq sahəsinə dair heç bir sənədlərinin olmadığını bildirmişdir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki Məcəllənin 180.1 və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. İstinad olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Orada tikilmiş bina və qurğular sökülə bilər. Qeyd edildiyi kimi iddiaçıların iddia ərizəsində iddia etdikləri 0,02 ha torpaq sahəsi barədə heç bir hüquq müəyyənedici sənədi yoxdur. Həmin torpaq sahəsi kimin tərəfindən hasara alınmağından asılı olmayaraq özbaşına tutulmuş torpaq sahəsidir. Daha öncə qeyd olunduğu kimi torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İddiaçılar onlara məxsus olduğunu iddia etdikləri özbaşına tikilmiş hasarın cavabdeh tərəfindən sökülməsinin dair məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X11 Məhkəməsi "X1rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar tərəfindən tutarlı əsas gətirilməmiş, özbaşına tutulmuş torpaq sahəsində qanunsuz da olsa tikilmiş hasarın cavabdeh tərəfindən sökülməsini sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onların apelyasiya şikayətində göstərdikləri dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrəSumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)- 83/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu iddiaçılar İddiaçı2 və İddiaçı1 özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar