Məhkəmə qərarları › İş №2(105)-2263/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2263/2022

14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2263/2022 14.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, e-2(012)-3890/2022 nömrəli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətin mümkünlük məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, 11-xx-xx-2016-RF-AAAF-AF saylı kredit müqaviləsi üzrə 16952.61 manat əsas, 169.10 manat faiz borcu olmaqla, cəmi 17121.71 manat borcun, həmçinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 141.36 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 vəsatət təqdim edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinin tələblərinə riayət olunmadığından mülki işin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, e-2(012)-3890/2022 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş vəsatətin təmin edilməməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Həmin qərardadda qeyd olunmuşdur ki, qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, e-2(012)-3890/2022 nömrəli qərardadından şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2(012)-3890/2022 nömrəli qərardadı ilə "xxxx" MMC tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-ci maddəsində işdə iştirak edən şəxslərin qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət vermə halları aşağıdakı kimi qeyd olunmuşdur: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Həmin Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. Göründüyü kimi qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət vermə halları ilə bağlı qanunvericiliyin tələbinə görə Abşeron Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, e-2(012)-3890/2022 nömrəli qərardadından şikayət vermə halı müəyyən edilməmişdir. Hazırki işdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, e- 2(012)-3890/2022 nömrəli qərardadından şikayət verilmişdir. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddəsinin tələblərinə əməl etməmiş, bununla əlaqədar şikayəti geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apellyasiya məhkəməsinin mülki kollegiyasının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 395, 263-264, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Abşeron Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, e-2(012)-3890/2022 nömrəli qərardadından verdiyi şikayət qeyrimümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar