Məhkəmə qərarları › İş №2(105)-2264/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2264/2020

04.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2264/2020 04.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2264/2020 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili B.Y.Hacıyevin verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2264/2020 saylı qərardadı ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə tikintiyə çəkilən xərcin bölünməsi tələbi”nə dair mülki iş üzrə İddiaçı vəsatəti təmin edilib, Abşeron rayonu, Fatmayi kəndində yerləşən sahəsi 0,10 ha olan torpaq sahəsinin və onun üzərində yerləşən əmlakların üzərinə həbs qoyulmuş və Abşeron rayonu, Fatmayi kəndində yerləşən sahəsi 0,10 ha olan torpaq sahəsinin və onun üzərində yerləşən əmlakların özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərin 3-cü şəxslərə qadağan edilməsi və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Qərardaddan Cavabdeh nümayəndəsi və vəkili B.Y.Hacıyev şikayət verərək qərardadın ləğv edilib, iddianın təmini tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2264/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh (İİİ şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏMRX-nə və X2) qarşı “birgə nikah dövründə tikintiyə çəkilən xərcin bölünməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına keçirtdiyi və daha sonra onun tərəfindən satılmış Abşeron rayonu, Fatmayi kəndində yerləşən, 0,10 ha torpaq sahəsində yerləşən, onun tərəfindən tikilmiş mülkiyyətində olan 1 ədəd 7000 manatlıq avtomat darvaza, 2 ədəd 2000 manatlıq jalüz, 2 ədəd 1000 manatlıq darvaza, 400 kv.metrlik 6000 manatlıq üzlük aqlay daş (çatdırılma ilə birgə), kubu 300 manat olmaqla 20 kub taxta- 6000 manat, 1-i 350 manat olmaqla 8 ədəd pəncərə- 2800 manat, 1 ədəd su motoru və 1 ədəd hidrofor su pompası- 300 manat, 6356 metr 16-lıq Rusiya istehsalı armatur- 10 500 manat, 368 metr 20-lik Rusiya istehsalı armatur- 700 manat, 70 kub 400 marka beton üçün 7 000 manat, 25 kamaz hər maşında 1100 ədəd olmaqla 12500 manat dəyərində Bakı kubiki, 150 kamaz torpaq- 7500 manat, 8000 ədəd kubuk ölçüsündə (20x40-a olan) 3200 manatlıq bişmiş kərpic olmaqla, qeyd olunan avadanlıq və tikinti materiallarının, tikintinin onun hesabına sökülərək ona verilməsi (qaytarılması), yaxud həmin tikinti materialları olmadığı təqdirdə qiymətləndirilərək dəyərinin - yəni 69,500 manatın, əlavə olaraq da tikintinin inşası üçün ustaya verilmiş 10 000 manatın, kommunal xərclərin çəkilməsi və rəsmi icazələrin alınması üçün ödədiyi 3000 manatın - cəmi 82 500 manatın cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəsatət ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə qətnaməsi çıxarılanadək Abşeron rayonu, Fatmayi kəndində yerləşən sahəsi 0,10 ha olan torpaq sahəsinin və onun üzərində yerləşən əmlakların üzərinə həbs qoyulması, Abşeron rayonu, Fatmayi kəndində yerləşən sahəsi 0,10 ha olan torpaq sahəsinin və onun üzərində yerləşən əmlakların özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərin 3-cü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh nümayəndəsi və vəkili B.Y.Hacıyev verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı 2019-cu ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin xx xxxxx 2019-cu il tarixli, 2(005)-1538/2019 saylı qərardadı ilə ərizə təmin edilərək hazırki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən sahəsi 0,10 ha olan torpaq sahəsinin, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində istifadəsində olan 0,5625 ha topaq sahəsində yerləşən 2 mərtəbəli binada 42 kv.metr ümumi, 32 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı, 2 nömrəli mənzilin və Bakı şəhəri Binəqədi rayonu, 6-cı mikrorayon, İ.Cümşüdov küçəsində yerləşən icarəyə ayrılmış qarajın altındakı 34 kv.metr torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(005)-1538/2019 saylı qərardadı ilə qeyd olunan iddia ərizəsi baxılmamış saxlanmışdır. 2019-xu il tarixdə İddiaçı və Cavabdeh arasında mövcud əmlak bölgüsü aparılmış və İddiaçı özünə düşən pay haqqını götürmüşdür. Bununla yanaşı İddiaçı əmlak tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək müddəti keçmiş və bu səbəbdən də iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi əsassızdır. Ona görə də, iddianın təmini tədbiri barədə ərizə qanunsuz və əsassız olduğundan təmin edilə bilməz və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə oğluna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Abşeron rayonu, Fatmayi kəndində yerləşən sahəsi 0,10 ha olan torpaq sahəsinin və onun üzərində yerləşən əmlakların üzərinə həbs qoyulması, Abşeron rayonu, Fatmayi kəndində yerləşən sahəsi 0,10 ha olan torpaq sahəsinin və onun üzərində yerləşən əmlakların özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərin 3-cü şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İdianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Müəyyən hərəkətləri etməyin cavabdehə qadağan edilməsi Azərbaycan Respublikası MPM-nın 158.1.2-ci maddəsində iddianı təmin etmə tədbiri kimi nəzərdə tutulmuşdur. İddianın təmin edilməsində əsas məqsəd məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz olacağı hallarla bağlıdır. Məhkəmə iddiaçının iddia tələblərinin icrasını gələcəkdə təmin etmək məqsədi ilə cavabdehə müəyyən hərəkətləri etməyi qadağan etmək hüququna malikdir. Bu halda qanunvericilik təmin olunması ehtimal olunan tələblərin məhkəmə tərəfindən təmin olunacağı təqdirdə maneə olmadan cavabdeh tərəfindən ödənilməsi (həyata keçirməsini) təmin etmək məqsədini güdür, lakin bu zaman məhkəmə cavabdeh tərəfindən iddia tələblərinin gələcəkdə icrasına maneə törədilə biləcəyi hərəkətlərin dairəsini dəqiq müəyyən etməli, həmin hərəkətlərin cavabdeh tərəfindən edilməsinə abstrakt baxımdan deyil, onların real olaraq törədilməsi baxımından yanaşmalıdır. İddianın təmini tədbiri prosessual bərabərlik baxımından mübahisə predmetinə münasibətdə hər iki tərəfin, həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun olmalıdır. İddianı təmin etmə tədbirləri məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş vasitəsi olduğuna görə, bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən sübutun məhkəməyə təqdim olunması həmin tədbirləri tətbiq etmək üçün kifayətdir. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyrimümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə iddianı təmin etmə tədbirlərinin görülməsi haqqında qərardadında bu tədbirlərin görülməsi barədə ərizəyə baxılmasının nəticəsi üzrə hansı qərara gəlməsindən asılı olmayaraq bütün hallarda həmin ərizədə göstərilən dəlillərin əsaslı olub-olmamasına qiymət verməlidir. İddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxsin irəli sürdüyü dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsasslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq olunarkən ümumi mənafelərin və ayrıayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. İddianı təmin etmə tədbiri barədə qərardad qəbul edən məhkəmə iddiaçının iddia tələblərinin nə qədər əsaslı olduğunu, habelə həmin tələblərin təmin edilməsi haqqında gələcəkdə qəbul ediləcək qətnamənin icrasına maneələr yarada bilən cavabdehin hansısa qanunazidd hərəkətlər edəcəyi haqqında şübhələrin əsaslı olub-olmadığını müəyyən etməlidir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin reallaşdırılmasına yönələn əməli tədbirdir. Azərbaycan Respublikası MPM-nin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Abşeron rayonu, Fatmayi kəndində yerləşən sahəsi 0,10 ha olan torpaq sahəsinin və onun üzərində yerləşən əmlakların özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlər 3-cü şəxslərə qadağan edilməlidir. Cavabdeh tərəf şikayətin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmişdir və birinci instansiya məhkəməsinin qərardadından ləğv edilib, iddiaçının iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməməsini sübuta yetirə biməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərinin heç bir əsası olmayıb, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Cavabdeh nümayəndəsi və vəkili B.Y.Hacıyevin verdiyi şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2264/2020 saylı qərardadı Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar