Məhkəmə qərarları › İş №2(105)-2265/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2265/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2265/2022 15.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki iş üzrə Quba Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, e-2(027)- 1809/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, e-2(027)-1809/2022 nömrəli qətnaməsi ilə kiçik iddiaya dair ərizə qismən təmin olunmuş, Cavabdeh 149 (yüz qırx doqquz) manat 90 qəpik əsas borc, 2 (iki) manat 40 qəpik cərimə borcu, cəmi 152 (yüz əlli iki) manat 30 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir (hakim İlqar Məmmədov). Cavabdeh oğlu apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, e-2(027)-1809/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı "xxxx" MMC kiçik iddalara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə 149 (yüz qırx doqquz) manat 90 qəpik əsas, 22 (iyirmi iki) manat 40 qəpik cərimə olmaqla, cəmi 172 (yüz yetmiş iki) manat 30 qəpik borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L LY A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçıdan telefon almışdı. Telefonun pulunu vaxtlı-vaxtında ödəyib. Sonra isə mağazada ütü alıb, ütüdən su axdığı üçün aparıb mağazaya qaytarıb. Mağazada ona funskional düymələri düzgün istifadə etdiyi təqdirdə ütünün düzələcəyini bildirdilər. İki gün də bu minvalla ütünü evdə saxlayib, amma su axımı dayanmayıb. Ütünü mağazaya gətirib və yenisi ilə əvəz olunmasını xahiş edib. Bu qeydlə ütünü servisə göndərdilər. 30-35 gün sonra ona zəng olundu ki, ütü servisdən gəlib. Mağazaya yaxınlaşıb, ütünü mağazada yoxladıqda yenə də su axıdırdı. Bu səbəbdən ütünü təhvil almayıb. İndi ondan onda olmayan ütünün pulunu istəyirlər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, e- 2(027)-1809/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, məhsul mağazanın nəzarət şöbəsindədir. Rəsmi distributerə müraciət edilib, servis aktı verilməli idi. Aktı məhkəməyə təqdim etmək istəyir. Lakin qeyri-iş günlərinə düşdüyündən aktı təhvil ala bilməyib. Bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş edir. Cavabdeh malı 14 gün ərzində gətirsə də, qaytarılmayacaqdı, çünki mal istifadə olunub. Malda nöqsan olub və onu servisə göndəriblər. Malı təhvil versələr də cavabdeh ütünü təhvil almaqdan imtina edib. Əks təqdirdə apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, e-2(027)-1809/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Braun” markalı ütüyə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 8 manat olmaqla, cəmi 149.9 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 149 (yüz qırx doqquz) manat 90 qəpik əsas, 22 (iyirmi iki) manat 40 qəpik cərimə olmaqla, cəmi 172 (yüz yetmiş iki) manat 30 qəpik məbləğində borcu yaranmışdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 600.1, 600.4, 467-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə iddia tələbinin qiusmən təmin edilməsinə dair nəticəyə gəlməkdə haqlı olmamışdır. Belə ki, qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələbini əsaslandırmalı, buna dair sübut təqdim etməlidir. İş materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, cavabdeh iddiaçı təşkilatdan hər ay 8 manat olmaqla, 18 ay ödəməklə 149.9 manat dəyərində olan “Braun” markalı ütünü almışdır. Apellyasiya şikayətinə əlavə edilmiş ********* nömrəli müştəri müraciətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə müraciət edərək aldığı ütünün su axtımasını, əşyanın yenisi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından müəyyən edilir ki, cavabdehə satılmış ütü nasaz olduğundan aldığı gündən 9 gün sonra iddiaçı təşkilata qaytarılmış, ütü təmir edilməsi üçün servisə göndərilmiş, cavabdeh ütünün yenisi ilə əvəz edilməsini istəsə də yenisi ilə əvəz edilməmiş, geri qaytarılan ütü isə cavabdeh tərəfindən qəbul edilməmiş və iddiaçı təşkilatda qalmışdır. Bununla da müəyyən edilir ki, cavabdehə satılmış ütü nasaz olduğundan təşkilata geri qaytarılmış, yenisi isə cavabdehə təqdim edilməmiş, nasaz ütü isə cavabdeh tərəfindən qəbul edilməmişdir. Belə olan halda müqavilə üzrə cavabdehə ütü satılsa da faktiki olaraq satılmış ütü cavabdehin istifadəsində olmamış, nasaz olduğundan geri qaytarıldıqdan sonra iddiaçı təşkilatın sərəncamında qalmışdır. Bu səbəbdən də cavadbehin təşkilata geri qaytardığı və əvəzində yenisini ala bilmədiyi ütüyə görə təşkilata ödəniş etməsi qanunvericiliyə uyğun deyildir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı təşkilat müqavilə üzrə öhdəliyini tam icra etmədən, saz vəziyyətdə olan əmlakı cavabdehə təqdim etmədən onun dəyərini, eləcə də əlavə cərimə məbləğini tələb etməkdə haqlı olmamışdır. Bununla da müəyyən edilir ki, iddiaçı təşkilat müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən müqavilə üzrə pul tələb etməkdə haqlı deyildir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olmadığından və təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmadan yekunda səhv nəticəyə gəlmiş və maddi prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Bu da qətnаmənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, e-2(027)-1809/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1, 385.1.3, 386, 388, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, e-2(027)-1809/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar