Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2269/2020 18.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-644/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-644/2020 saylı qətnaməsi ilə (hakim A.Sadıqov) iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 1450 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-644/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Violet Line» mağazasını işlədən məsul şəxslər-Cavabdeh1 və Cavabdeh2 1450 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 2018-ci il tarixdə telefon almaq məqsədilə Bakı şəhərinə getmişdir. Telefon satışı ilə məşğul olan dükanları gəzərkən 28 may metrostansiyasının yaxınlığında yerləşən «Violet Line» mağazasına girmişdir. Həmin mağazada olan adını sonradan öyrəndiyi Nəcəf adlı satıcıdan satışda yeni «İphone»8+ markalı telefonun olub-olmamasını soruşmuşdur. Ona cavab vermişdir ki, həmin telefondan var, özləri xaricdən gətirib birinci əldən satırlar. Bundan sonra satıcı vitrindən bağlı şəkildə qeyd olunan telefonu çıxararaq ona göstərmişdir. O, telefona baxmış, əvvəllər istifadədə olmasının izləri görünməmişdir. Satıcı Nəcəf həmin telefonu 1450 manat nəğd pulla satıldığını ona bildirmiş, o razılaşaraq həmin məbləğdə pulu nəğd şəkildə ödəmişdir. Lakin satıcı ona kassa-mədaxil qəbzi verməmiş, aldığı telefona 1 il zəmanət kartı yazıb vermişdir. Telefonu aldığı gün istifadə etməyə başlamış, heç bir problemi olmamışdır. xx xxxxxx 2018-ci il tarixdə saat 10-09-da həmin telefona «Kontakt HOME» tərəfindən «müvəqqəti istifadənizə verilmiş **********8472 İMEİ nömrəli cihaz üçün ödəniş etmədiyiniz təqdirdə bu cihaz deaktiv olunacaqdır» məzmununda mesaj gəlmişdir. O başa düşmüşdür ki, aldığı telefon kreditdə olmuş, telefonu ona satmış Nəcəf adlı satıcı yeni telefon adı ilə onu aldıtmışdır. Ona görə də o, xx xxxxxx 2018-ci il tarixdə telefonu aldığı «Violet Line» mağazasına getmiş Nəcəf adlı satıcıya həmin mesajı göstərib telefonun «Kontak tHOME» şirkətinin mülkiyyəti olduğunu bildirib pulunu qaytarmasını tələb etmişdir. Lakin o, telefonu geri alıb pulu qaytarmaqdan imtina etmiş, yenidən ona xx.xx.2018-ci ildə zəmanət kartı yazmış, həmin kartda əlavə olaraq yazmışdır ki, telefon bağlandığı halda ona 1450 manat ödəniləcəkdir. xx xxxxxx 2018-ci il tarixdə həmin telefon ikitərəfli bağlanmışdır. Bundan sonra o təkrarən Bakı şəhərinə gedib satıcı Nəcəfə telefonun kreditə görə artıq ikitərəfli bağlandığını bildirmiş və talonu göstərərək 1450 manat pulunun qaytarılmasını tələb etmişdir. Bu dəfə də satıcı Nəcəf pulu qaytarmaqdan imtina etmiş və ona təklif etmişdir ki, telefona qanunsuz olaraq yeni İMEİ nömrəsini yükləyib telefonu aça bilər. O, buna razı olmamış və pulunun geri qaytarılmasını tələb etmişdir. Satıcı pulunu qaytarmaqdan imtina etmişdir. Faktla əlaqədar Nəsimi RPİ-nin 22-ci PŞ-də araşdırma aparılmış, araşdırma aparılarkən mağazanın məsul şəxsləri Cavabdeh1 və Cavabdeh2 göstərilənləri etiraf etmişlər. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətini bununla əsaslandırmışlar ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Onlar Xaşmaz rayonunda qeydiyyatda deyillər, hər biri müxtəlif rayonlarda yaşayırlar. İşə yaşadıqları yer üzrə ya Ağcabədi, ya da Abşeron rayon məhkəmələrində baxılamlı idi. Bundan başqa, iddiaçı aldığı telefonu 3-4 ay işlətdikdən sonra mağazaya qaytarmaq istəmişdir. Həmin dövr ərzində isə telefonun ekranını və ümumi görünüşünü pis vəziyyətə salmış, bunun müqabilində yeni telefon üçün nəzərdə tutulmuş pulunu tələb etmişdir. İddia pul tələbi ilə bağlı olduğundan mübahisəyə Xaşmaz Rayon Məhkəməsində baxıla bilməzdi. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətin etiraz etdi və bildirdi ki, şikayət formal mülahizələrə əsaslanaraq tərtib edilmişdir. İş üzrə çıxarılmış qətnamə qanunidir və onun ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Apelyasiya baxışı zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh2 heç bir əsaslı səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarına əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh2 izahatında “”Violet Line adlı mağazada satıcı işlədiyini, xx.xx.2018-ci il tarixdə İddiaçı mağazaya gəlib «İphone» 8+ markalı telefon almaq istədiyini, bu barədə mağazanı işlədən Cavabdeh1 məlumat verdiyini, Babək isə qonşu dükanda Qalib adlı şəxsdən lazım olan mobil telefonu gətirib Elxana satdığını, Elxan telefona baxıb heç bir problemi olmadığını görüb 1450 manat ödəniş verdiyini, bir müddət sonra Elxan borca görə telefonun bağlandığını bildirib pulun qaytarılmasını istədiyini, Elxanın telefonun zəmanət kartında pulun qaytarılacağı barədə qeyd aparıb təqdim etdiyini, sonra Elxanın Babəklə telefonla danışdığını, bundan sonra ona bu işi qanuni yolla həll edəcəyini deyib çıxıb getdiyini, telefonu Elxana satarkən Babək telefonun tam yeni olduğunu və xaricdən gətirildiyini, heç bir problemi olmadığını bildirdiyini, pulun qaytarılması barədə qeydi Babəklə məsləhətləşib yazdığını göstərmişdir. Qeyd olunan qərarda Cavabdeh1 Cavabdeh2 izahatı ilə eyni məzmunlu izahat vermiş, əlavə olaraq izahatında Elxana pulunun qaytarılmasını istədiyini, Elxana telefonu ona satılan zaman olduğu vəziyyətə gətirə biləcəyi təqdirdə pulu qaytarmağa hazır olduğunu dediyini göstərmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər alqı-satqı münasibətlərində olmuş, cavabdehlər tələb olunan əmlakı lazımi vəziyyətdə alıcıya vermədiklərindən iddiaçı verdiyi pulun geri qaytarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən, İddiaçı «İphone» 8+ markalı telefon almaq məqsədilə cavabdehlərə 1450 manat pulu ödəmiş, cavabdehlər isə ona həmin markalı telefonu təqdim etsələr də, 4 aydan sonra məlum olmuşdur ki, telefon kreditdədir və kredit borcu ödənilmədiyinə görə bloklanmışdır. Başqa sözlə, iddiaçı alqı-satqı müqaviləsindəki öhdəliyini yerinə yetirsə də, cavabdehlər bu öhdəliyi tam yerinə yetirməmiş, alıcıya müqavilədə nəzərədə tutulmuş vəziyyətdə əmlakı verməmişlər. AR Mülki Məcəlləsinin 567.-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yenə həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğısatqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Yenə də həmin Məcəllənin 1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Eyni Məcəllənin 1128.3-cü maddəsinə əsasən əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlığı təmin etmirsə, keyfiyyətsiz məhsul sayılır. Həmin Məcəllənin 1129.1-ci maddəsinə əsasən malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir. Qeyd edildiyi kimi, cavabdehlər alqı-satqı müqaviləsindəki nəzərdə tutulan təzə malı deyil, üçüncü şəxslərin hüquqları ilə yüklü malı iddiaçıya satdıqlarından hazırda İddiaçı həmin mala görə ödədiyi pulu geri tələb etmək hüququ yaranmışdır və onun iddiası əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hər iki cavabdehin İddiaçı qarşısında öhdəliyi yaranmışdır və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarına istinad etməklə mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehlərin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. İşdən görünür ki, hazırkı tələb istehlakçının hüquqlarının müdafiəsi ilə bağlı tələbdir və buna görə də mübahisəyə iddiaçının yaşadığı yer üzrə müvafiq məhkəmədə baxılamlıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Cavabdehlər apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasənapellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrəXaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)- 644/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2269/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2269/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver