Məhkəmə qərarları › İş №2(105)-2269/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2269/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2269/2021 02.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(034)-11/2021-023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Zəngilan Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.İmanova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 85605 (səksən beş min altı yüz beş) manat məbləğində pulun iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı X5 iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh 120.605 (yüz iyirmi min altı yüz beş) manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017 və 2018-ci illərin müxtəlif aylarında cavabdehə satmaq üçün özünə məxsus qızıl-zinət əşyalarını vermişdir. Cavabdeh onun etibarından sui-istifadə edərək ona etibar etdilmiş zinət əşyalarını satmış, lakin onun əvəzində pulu qaytarmamışdır.11.09.2017-ci il tarixdə yaşadıqları mənzildə ümumi dəyəri 35750 manat olan seplər və qolbağılar; 16.10.2017-ci il tarixdə Cavabdeh yaşadığı mənzildə ümumi dəyəri 20400 manat olan dest sep, klon və üzük; 04.11.2017-ci il tarixdə yaşadığı mənzildə ümumi dəyəri 10705 manat olan boyunbağı klon dəsti; 07.12.2017-ci il tarixdə sürücü İlhamın maşınında çəkisi 30 qram, ümumi dəyəri 2900 manat olan sırğa və üzük; Aynurənin kirayə yaşadığı mənzildə çəkisi 50 qram, ümumi dəyəri 5200 manat olan brilliyant qaşdan ibarət komplekt dəst; 18.01.2018-ci il tarixdə yaşadığı mənzildə ümumi dəyəri 3750 manat olan sepqolbağılar; 05.02.2018-ci il tarixdə sürücü İlhamın maşınında ümumi dəyəri 6000 manat olan sep-qolbağı, üzük və klon; 05.03.2018-ci il tarixdə Cavabdeh yaşadığı mənzildə çəkis 28 qram, ümumi dəyəri 2700 manat olan sep və sırğa; 10.03.2018-ci il tarixdə sürücü İlhamın maşınında çəkisi 12 qram, ümumi dəyəri 1200 manat olan sep; 11.03.2018-ci il tarixdə Cavabdeh evində çəkisi 10 q ümumi dəyəri 990 manat olan qolbağı və üzük; 26.04.2018-ci il tarixdə yaşadığı mənzildə ümumi dəyəri 3180 manat sırğa, üzük və klon; 12.05.2018-ci il tarixdə sürücü İlhamın maşınında ümumi dəyəri 3750 manat olan 2 dəst sep; 18.05.2018-ci il tarixdə yaşadığı mənzildə çəkisi 17.09 qram, ümumi dəyəri 1850 manat olan zəncir sep; Cavabdeh yaşadığı mənzildə çəkisi 34.05 qram, ümumi dəyəri 3450 manat olan sep, klon və sırğa; 30.06.2018-ci il tarixdə sürücü İlhamın yanında ümumi dəyəri 6850 manat olan 2 dəst sep-qolbağı; 04.07.2018-ci il tarixdə yaşadığı mənzildə ümumi dəyəri 5980 manat sep-qolbağı və sırğa vermişdir. Cavabdeh aldığı qızılları satsa da pulları ona qaytarmamışdır. Cavabdehin bu hərəkətlərini dələduzluq kimi qiymətləndirilməsi və haqqında qanuni tədbir görülməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə müraciət etmişdir. Nəticə etibarı ilə şikayəti əsasında Suraxanı rayon RPİ-nin 33-cü Polis Bölməsində araşdırma aparılmış və şikayəti əsasında şahidlər və cavabdeh şəxs dindirilmişdir. 19.11.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla əməldə cinayət tərkibi olmadığı üçün cavabdehin barəsində cinayət işi başlanmamışdır. Lakin təhqiqat zamanı toplanmış materiallarla cavabdehə qarşı olan iddia tam sübut olunur. Belə ki, iş üzrə cavabdeh təhqiqat zamanı verdiyi ifadəsi ilə iddia tələbini tam etiraf etmişdir. Bundan əlavə iş üzrə şahid qismində dindirilmiş X3 və X1 da ifadəsi ilə də bu faktı təsdiq etmişlər. Əvvəllər Aynurə ona pul verirdi, 1000 manat bir, 500 manat bir veribdir.Ümumi olaraq ona 30.000 manat pul vermişdir. O, həmin verdiyi pulu çıxıb qalıq borcu yazmışdır, qalıq borc 120605 manatdır. Aylıq olaraq ona 1800-2000 manat ödənişlər etmişdir. Hətta ona ayda 3000- 3200 manatda ödənişlər də etdiyi vaxtlar olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Zəngilan Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirdikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. İş üzrə Suraxanı rayon Polis İdarəsinin 33-ci Polis Bölməsinin 19 noyabr 2019-cu tarixli cinayət işinin başlanmasının rədd edilməsinə barədə qərarı ilə tərəflər arasında yaranmış borc-pul məsələsinin cinayət tərkibli deyil mülki xarakterli olduğunu, bu kimi xüsusatların müvafiq qanunvericiliyə uyğun olaraq mülki qaydada məhkəmə tərəfindən baxılıb öz həllini tapmalı olduğunu nəzərə alaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında 2017-2018-ci illərdə qızıl-zinət əşyalarının alqı-satqısı mövcud olmuş və razılaşmaya əsasən cavabdeh iddiaçıdan aldığı qızıl-zinət əşyalarını satıb dəyərini iddiaçıya ödəməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd etmək lazımdır ki, cavabdeh aldığı qızılların dəyərindən iddiaçının tələb etdiyi məbləğdə borcunun olmamasını mübahisələndirərək cəmi 10000 manat borcunun qaldığını bildirsə də, Suraxanı rayon 33 saylı Polis Bölməsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda da iddiaçıya aldığı qızıl-zinət əşyalarının dəyərinə görə borclu qaldığını etiraf etmiş və bunun səbəbini həmin qızılları dəyərindən aşağı qiymətə başqa şəxslərə satılmağına görə yarandığını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda cavabdeh bunu təkzib edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar