Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2275/2021 29.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(060)-1569/2020-003 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddianın təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə köçürülməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə yaşayış hüququnun tanınmaqla köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X8 ilə 17 dekabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan 2011-ci il təvəllüdlü X9, X6 və 23 dekabr 2017-ci il təvəllüdlü X10 adlı üç uşaqları doğulmuşdur. Mübahisəli yaşayış sahəsi ünvan 1 ünvanda yerləşən 46 saylı mənzildir. İddiaçının həyat yoldaşı X8 bu mənzildə daimi pasport qeydiyyatındadır. Ailə qurandan sonra bir müddət ünvan 1 ünvanında yerləşən 46 saylı mənzildə yaşamışlar. Bir müddətdən sonra faktiki olaraq iddiaçının qayınanası, iddia tələbləri üzrə cavabdeh X2 məxsus olan ünvan 2 ünvanda yerləşən 2 saylı mənzildə yaşamağa başlamışlar. Həmin mənzil sənədlər üzrə iddiaçının həyat yoldaşının bacısı X3 mülkiyyətində olsa da, faktiki olaraq qaynanasının vəsaiti ilə öz qızının adına alınmış olduğundan onun sahiblik və istifadəsində olmuşdur. Ailə qurandan bir müddət sonra iddiaçının qaynanasının təklifi ilə həmin evə köçərək orada yaşamışlar. X18 autizm xəstəliyindən əziyyət çəkir. 2017-ci ildə iddiaçının baldızı X7 yaşadıqları ünvan 2 ünvanda yerləşən 2 saylı mənzilin mülkiyyət hüquqları ilə ona məxsus olması əsası ilə məhkəməyə müraciət edərək, həm iddiaçının ailəsinin, həm də onlarla yaşayan qayınanasının həmin mənzildən çıxarılmasını tələb etmişdir. İddiaçı tərəfindən sözügedən mənzilin təmirinə böyük miqdarda xərc çəkilmiş olmasına baxmayaraq, bu da nəzərə alınmamış və məhkəmə qərarı ilə həmin mənzildən çıxarılmaları qət edilmişdir. Qətnamə bütün instansiya məhkəmələrində mübahisələndirilsə də yekunda qanuni qüvvəsini almışdır. Bundan sonra iddiaçının həyat yoldaşı qətnamənin icrasına möhlət verilməsinə dair məhkəməyə müraciət etsə də yekunda məhkəmə tərəfindən bu möhlət də verilməmişdir. Hal-hazırda həmin iş üzrə qüvvəyə minmiş qətnamə icra mərhələsindədir və ailə olaraq həmin mənzildən çıxarılmaq ərəfəsindədirlər. Bundan sonra yaşamaq üçün iddia ərizəsi üzrə cavabdehlərdən biri iddiaçının qayınanası Cavabdeh1 dövlət tərəfindən qanuni istifadəyə verilmiş mübahisəli mənzildə yaşamaq qərarına gəlmişlər. Mübahisəli mənzilin əsas icarədarı iddiaçının qayınanası, iddia tələbləri üzrə cavabdehlərdən biri olan Cavabdeh1dır. Həmin mənzil ona 26 sentyabr 1977-ci il tarixli 04/2330 saylı Orderlə verilmişdir. Orderin verilməsinə əsas Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 16 sentyabr 1977-ci il tarixli 416 saylı Qərarı olmuşdur. Orderə əsasən, mənzilin əsas icarədarı Cavabdeh1 olmaqla, iddia tələbləri üzrə cavabdeh Cavabdeh2 Bidar oğlu və digər qızı X7 da istifadə hüququ qazanmışlar. Yuxarıda qeyd etdiyi kimi X7 həmin mənzildə yaşamır, həmin mənzildən istifadə hüququndan könüllü imtina etmiş, yəni daimi qeydiyyatdan çıxmışdır. O, hal-hazırda ailə quraraq Bakı şəhərində yaşayır. Üstəlik, ünvan 2 ünvanda yerləşən 2 saylı mənzil də mülkiyyət hüququ ilə ona məxsusdur və faktiki həmin mənzildə yaşayan ailəsinin artıq orada qalması qüvvədə olan məhkəmə qərarına əsasən mümkün deyil. Digər Cavabdeh3 və həyat yoldaşı X4 orderdə adları olmasa da, mübahisəli mənzildə daimi pasport qeydiyyatındadırlar. Hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ tanınmalıdır. Mənzilin əsas icarədarı olaraq Cavabdeh1 iddiaçının mübahisəli mənzilə istifadə hüququnun tanınmasına etiraz etmir. Lakin, mənzil mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmadığı səbəbindən yalnız onun razılıq ərizəsi iddiaçının daimi qeydiyyata alınması üçün kifayət etmir. Qeydiyyatda olan digər şəxslərin də razılığı tələb olunur ki, bu razılıqların alınmasında problem var. Belə ki, həyat yoldaşı ilə həmin evdə yaşamağı ilə bağlı heç bir maneə yoxdur. İddia tələbləri üzrə cavabdehlərdən digərləri Cavabdeh2 və Cavabdeh3 razılıqlarını şifahi şəkildə bildirsələr də sənədlərin toplanaraq qeydiyyat üçün təqdim olunması mümkün olmur. Belə olduqda iddiaçı məhkəmə qaydasında yaşayış sahəsindən istifadə hüququnun tanınması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə prosesi haqqında ona rəsmi şəkildə heç bir məlumat verilməmiş, işə onun iştirakı olmadan baxılmışdır. Qətnamədən xəbəri olmamışdır. Qətnamə qəbul edilən zaman iş üçün əhəmiyyətli faktiki halları tam araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. İddiaçının ona məxsus fərdi yaşayış evində yaşama hüququ olması barədə iddiası həqiqətə uyğun deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini mübahisəli mənzilin cavabdehlər ilə yanaşı iddiaçı tərəfindən də yaşayış sahəsi kimi istifadə olunması, iddiaçı və cavabdehlər mübahisəli evdən mənzil kimi istifadə etməkdə bərabər hüquqi əsaslara malik olması ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlillərindən biri kimi onun məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmaması olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən istər 05- 19 iyun, istərsə də 07 iyul 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsi üçün bildiriş göndərilsə də, həmin bildiriş cavabdeh tərəfindən alınmasına dair xəbərnamə də iş materiallarına əlavə edilməmişdir. “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən MPM-nin yuxarıda qeyd olunan tələblərinə əməl etmədiyindən, şikayətin bu dəlili əsaslı hesab edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən göründüyü kimi, İddiaçı 2010-cu ildə X8 ilə rəsmi nikaha daxil olmuş, həmin vaxtdan ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilə köçmüş və ailəsi ilə həmin ünvanda yaşamışdır. Qeyd olunan mənzil baldızı İradə Hüseynovaya məxsus olmuş və sonuncu məhkəmə aktı ilə onları həmin mənzildən çıxarmışdır. Odur ki, qaynanası Şüküfə Hüseynovanın icarədarı olduğu H.Z.Tağıyev qəsəbəsi, ünvan 4 ünvanında yerləşən 46 saylı mənzilə istifadə hüquq tanınmaqla köçürülməsi qərarına gəlmişdir. İşdən həmçinin müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzil 6 sentyabr 1977-ci il tarixli, 04/2330 saylı Orderə əsasən, X1 istifadəsinə verilmiş, yaşayış sahəsi dövlət mənzil fonduna aiddir. Göründüyü kimi tərəflər arasında hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığından, hazırkı mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin normalarının tələbləri baxımından araşdırılmaqla hüquqi qiymət verilməlidir. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar (Mənzil Məcəlləsinin 68.1, 68.2. maddələri). Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun (Mənzil Məcəlləsinin 69.1, 69.2. maddələri). Mənzil Məcəlləsinin 49.2. maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Raspublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” 459 saylı 27 noyabr 2019-cu il tarixli Qərarına görə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq 16 kvadratmetr müəyyən edilmişdir. Mənzil Məcəlləsinin 2.1. maddəsinə əsasən mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. İşdən görünür ki, mübahisəli evin ümumi sahəsi 30 kv.m. olmaqla, iki otaqdan ibarətdir. Həmin otağın birində apellyator Cavabdeh2 11.09.2006-cı il təvəllüdlü qızı Gülnaz və 27.05.2011-ci il təvəllüdlü oğlu Rəsul və həyat yoldaşı ilə birlikdə yaşayır. İddiaçı ilə istifadə hüquq tanınmaqla köçürülməsini arzuladığı mənzildə heç vaxt yaşamamış və həmin mənzildə yaşayan şəxslərlə birgə təsərrüfatı idarə etməmişdir. İddiaçının özünün tələbində qeyd etdiyi kimi ailə qurduğu gündən faktiki olaraq ünvan 5 ünvanında yerləşən 2 saylı mənzildə ailəsi ilə birlikdə yaşamışdır. Bu baxımdan məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən iddiaçının mübahisəli mənzilə istifadə hüququnu tanınmaqla köçürülməsi, həmin mənzildə yaşayan digər şəxslər, o cümlədən cavabdehin mənafelərinin pozulması ilə nəticələndiyindən iddianın təmin edilməsi barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamış, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun tanınmaqla köçürülməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2275/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2275/2021
29.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver