Məhkəmə qərarları › İş №2(105)-2276/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2276/2021

08.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2276/2021 08.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Lətifə Məhyəddin qızı Məmmədova və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(060)-312/2021 saylı qətnaməsindən İddiaçı nümayəndəsi İ.R.Mirzəyevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(060)-312/2021 saylı qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh 11.02.2020-ci il tarixli, ******* saylı akta əsasən 193,44 manat, 11.03.2020 ci il tarixli, ******* saylı akta əsasən 187,20 manat və 14.04.2020-ci il tarixli, ******* saylı akta əsasən 212,16 manat olmaqla, cəmi 592,80 manat məbləğində dəymiş ziyan və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı nümayəndəsi İ.R.Mirzəyev apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(060)-312/2021 saylı qətnaməsininin ləğv edilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı İB məhkəməyə müraciət edərək Cavabdeh 3344,75 manat məbləğində dəymiş ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3374,75 manat pulun tutulub, İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09.12.2019-cu il tarixli, 1048 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin ünvana İddiaçı İB-nin Sumqayıt QİS-i tərəfindən **********00030 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1602AZ**********62 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh qazın alqı-satqısı barədə müqavilənin 2.3.2-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. 12.03.2018-ci il tarixdən 17.06.2020-ci il tarixə kimi tərtib edilmiş aktlara əsasən iddiaçıya 3344,75 manat ziyan dəymişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı İB-nin nümayəndəsi İ.R.Mirzəyev apelyasiya şikayətini onunla əsaslandırmışdır ki Sumqayıt Şəhər Məhkəməsi 11 mart 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı 09.12.2019-cu il tarixli, 1048 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” əsasında Cavabdeh məxsus yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Sumqayıt QİS-i tərəfinden **********00030 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1602AZ**********62 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydaları”nın 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqısatqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərini pozaraq, qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq yeni sayğacdan kənar istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq akt tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında: 12.03.2018ci il tarixli ******* saylı akt əsasında 472,40 manat: 22.11.2019-cu il tarixli ******* saylı akt əsasında 165,60 manat; 13.01.2020-ci il tarixli ******* saylı akt asasında 305,70 manat; 12.02.2020-ci il tarixli ******* sayli akt əsasında 193,44 manat; 11.03.2020-ci il tarixli ******* sayli akt əsasında 187,20 manat; 14.04.2020-ci il tarixli ******* sayli akt əsasında 212,16 manat; 17.06.2020-ci il tarixli ******* sayli akt əsasında 1670,40 manat olmaqla, cəmi 3206,90 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə qeyd olunan halları araşdırmadan qeyri-obyektiv olaraq qətnamə qəbul etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin ediməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı nümayəndəsi İ.R.Mirzəyev apelyasiya şikayətinə müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı tərəfin verdiyi apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan olan Qaz paylayıcısı (paylayıcı) ilə məişət qaz qurğusu istifadəçisi (istehlakçı) Cavabdeh arasında qazın alqı-satqısı barədə 09.12.2019cu il tarixli, 1048 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşlər. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 12.03.2018-ci il tarixli, ******* saylı, 22.11.2019-cu il tarixli ******* saylı, 13.01.2020-ci il tarixli ******* saylı, 12.02.2020-ci il tarixli ******* saylı, 11.03.2020-ci il tarixli, ******* saylı, 14.04.2020-ci il tarixli, ******* saylı və 17.06.2020-ci il tarixli, ******* saylı aktlardan görünür ki, İddiaçı İB-nin əməkdaşları Cavabdeh məxsus ünvan 3 ünvanına baxış keçirilərkən sayğacdan kənar xətt aşkar edilmişdir. Abonentin saldosundan görünür ki, abonent kodu **********00030 olan ünvan 3-ə akta görə 3344,75 manat məbləğində borc hesablanmışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 08.05.2020-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və ististmara qəbulu haqqında aktdan görünür ki, “G-4” markalı, 1602AZ**********62 nömrəli sayğac Natek tipli “G-4” markalı, 40025181 nömrəli sayğacla əvəzlənmişdir. 09.03.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh həqiqətən də 2018-ci ildən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllə 83 saylı bağ evində qızı X2 ilə birlikdə kirayədə yaşayır. 19 avqust 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən 100 manat məbləğində inzibati cərimə edilmişdir. Qaz paylayıcısı (paylayıcı) ilə məişət qaz qurğusu istifadəçisi (istehlakçı) Cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilənin 2.2-ci və 2.2.2-2.2.4-cü bəndlərinə əsasən paylayıcının istehlakçı tərəfindən bu müqavilənin “qazdan istifadə qaydaları”nın tələbləri pozulduğu hallarda həmin halların aradan qaldırımasını ondan tələb etmək, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılmasıüçün aidiyyəti dövlət orqanlarına göndərmək və istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqları vardır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olur ki, 09.12.2019-cu il tarixli, 1048 saylı qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə əsasında cavabdehin yaşadığı fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Sumqayıt QİS-i tərəfindən **********00030 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1602AZ**********62 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçı tərəfindən sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə bağlı müxtəlif vaxtlarda 7 (yeddi) akt tərtib olunmuş, onlardan birincisinin tarixi 12.03.2018-ci il, sonuncusunun isə 17.06.2020-ci ildir. Yalnız 11.02.2020-ci il və 12.06.2020-ci il tarixdə eyni zamanda qazın verilməsi dayandırılmışdır. Cavabdeh müxtəlif dövrlərdə qaz xəttinə qanunsuz qoşulma olduğunu etiraf edir, lakin cərimə məbləği ilə razı deyildir. O, 19.08.2020-ci il tarixli qərarla inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Qaz sayğacına müdaxilə olunduğuna görə 3344,75 manat məbləğində dəymiş ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3374,75 manat məbləğində pul abonentdən tələb edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.5 və 3.1.7-ci bəndlərinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırlması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.4 və 4.9-cu bəndlərinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası aktlar üzrə hesablanmış borclara münasibətdə qeyd edir ki, 12.03.2018-ci il tarixdə tərtib olunmuş ******* saylı akt və ona əsasən hesablanmış 472,40 manat məbləğində borc əsaslıdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına həmin tarixdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq yeni sayğacdan kənar istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, həmin faktyerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn həmin hal və fakt Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış və qeyd olunan həmin faktla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq akt tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında işin halları ilə müəyyən olur ki, İddiaçı əməkdaşları cavabdeh tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar olunduqdan sonra qanunsuz xətt dərhal qaz paylayıcısı şəbəkədən ayrılmamış, qazın verilməsi dayandırılmamış, dəymiş zərərin ödənilməsini təmin etmək üçün dərhal heç bir tədbirlər görülməmiş və cavabdeh tərəfindən öz hərəkətlərinin davam etdirilməsinin qarşısı alınmamışdır. Məhkəmə kollegiyası 22.11.2019-cu il tarixli, ******* saylı akta və ona əsasən hesablanmış 165,60 manat borc məbləğinə, 13.01.2020-ci il tarixli, ******* saylı akta və ona əsasən hesablanmış 305,70 manat borc məbləğinə eyni mövqedən yanaşır və sadalanan qanunvecilik normalarına əsasən onları əsassız hesab edir. Həmçinin qeyd edir ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt 13.01.2020-ci il tarixdə deyil, 10.01.2020-ci il tarixdə tərtib olunmuşdur və iddiaçının istinad etdiyi həmin akt mövcud deyildir. Məhkəmə kollegiyası 17.06.2020-ci il tarixli, ******* saylı aktı və onun əsasında hesablanmış 1670,46 manat borcu da qanunvericiliyin tələblərinə əsasən əsaslı hesab etmir. Belə ki, bundan əvvəl 14.04.2020-ci ildə pozuntu aşkar olunduqda müvafiq tədbirlər görülməmiş, borcun şişməsinə şərait yaradılmış, bir ay əvvəl sayğaca baxış keçirilməsi sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə, eyni zamanda, 11 fevral, 11 mart, 14 aprel və 17 iyun 2020-ci il tarixli aktlar üzrə hesablanmış borc məbləğlərini və hesabat müddətlərini qiymətləndirərək belə nəticəyə gəlir ki, sonuncu akt üzrə borc kəskin şəkildə artıq göstərilmişdir. Ona görə ki, qeyd olunan aktlara əsasən bir ay ərzində hesablanmış borc məbləği müvafiq olaraq 193.44, 187.20 və 212.16 manat olduğu halda, 14 apreldən 17 iyunadək cəmi 2 ay keçməsinə baxmayaraq, borc təqribən 8 dəfədən də artıq hesablanmışdır. Halbuki, bütün dövrlərdə cavabdehin bir PQ-4 və dəmir soba qaz qurğusu olmuş və bütün hesabatlar onların sərfiyyatına uyğun hesablanmışdır. . Həmçinin qeyd edir ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt 17.06.2020-ci il tarixdə deyil, 12.06.2020-ci il tarixdə tərtib olunmuşdur və iddiaçının istinad etdiyi həmin akt mövcud deyildir. Bundan başqa məhkəmə kollegiyası iddianın 2017-ci ilin yanvar ayına kimi (təbii qaz xəttinə qeyri-qanuni qoşulmanın ilk gününə kimi) cavabdehin 137,85 manat borcu olması hissəsini araşdıraraq hesab edir ki, tələb əsassızdır. Belə ki, qeyd olunan borc iş materiallarına əlavə olunmuş abonentin saldosunda təsdiqini tapmır. Orada 2016-cı ilin 8ci ayında (il üzrə saldosunda qeyd olunan axırıncı ay) ayın əvvəlinə 182,90 manat borcun, ay ərzində 6,10 manat sərfiyyatın məbləğinin, 189 manat isə ödənişin olduğu göstərilmiş, il üzrə yekunda isə dövrün əvvəlinə borcun olmadığı, sərfin məbləğinin 6,90 manat, 218 manat isə ödənişin olduğu qeyd edilmişdir. Göründüyü kimi cavabdehin 2017-ci ilin yanvarınadək 137,85 manat borcu olması abonentin saldosunda əks olunmamış, borcun mövcudluğuna dair hər hansı sübut isə məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. İddia tələbinin - “Cavabdeh 11.02.2020-ci il tarixli, ******* saylı akta əsasən 193,44 manat, 11.03.2020 ci il tarixli, ******* saylı akta əsasən 187,20 manat və 14.04.2020-ci il tarixli, ******* saylı akta əsasən 212,16 manat olmaqla, cəmi 592,80 manat məbləğində dəymiş ziyan tutularaq İddiaçınə ödənilsin” hissəsi isə işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər iddia ərizəsində tələb edilən formada tam təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilərək Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 12.03.2018-ci il tarixdə tərtib olunmuş ******* saylı akta əsasən hesablanmış 472,40 manat məbləğində dəymiş ziyan tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməli və qətnamə – «Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 11.02.2020-ci il tarixli, ******* saylı akta əsasən 193,44 manat və 14.04.2020-ci il tarixli, ******* saylı akta əsasən 212,16 manat olmaqla, cəmi 592,8 manat məbləğində dəymiş ziyan və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin» hissəsində isə mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402, 403 və 405-ci ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı İB-nin nümayəndəsi İ.R.Mirzəyevin verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(060)-312/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 12.03.2018-ci il tarixdə tərtib olunmuş ******* saylı akta əsasən hesablanmış 472,40 manat məbləğində dəymiş ziyan tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə – «Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 11.02.2020-ci il tarixli, ******* saylı akta əsasən 193,44 manat və 14.04.2020-ci il tarixli, ******* saylı akta əsasən 212,16 manat olmaqla, cəmi 592,8 manat məbləğində dəymiş ziyan və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin» hissəsində mübahisələndirilməmişdir. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar