Məhkəmə qərarları › İş №2(105)-2278/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2278/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2278/2020 24.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh ailəsinə məxsus heyvanlardan 33 baş xırda buynuzlu heyvanı, onlardan 29 baş boğaz, doğum vaxtına yaxınlaşmış, 1 baş iri cins qoç olmaqla 3150 manat məbləğində, 450 manatı nəğd həmin gün vermiş, qalanı 2700 manatı xx xxxxxx 2014-cü il tarixə kimi qaytaracağını öhdəsinə götürmüşdür. Müqavilə əsasında razılaşaraq heyvanları aparmışdır. Ancaq xx xxxxxx 2014-cü il tarixə kimi qaytarmalı 2700 manat pulu bu günə kimi qaytarmamışdır. xx xxxxxx 2014-cü il tarixdə cavabdeh onlara gəlib qalıq borc olan 2700 manatı hazırlaya bilmədiyini bildirəndə heyvanların geri qaytarılmasını demişdir. Javabdeh isə heyvanlardan bir neçəsinin balaladığını bildirmiş, borcu hazırlayıb qaytaracağına razılaşmışlar. Gecikdirildiyinə görə dəfələrlə Ləcət kəndinə gedib pulu istəsə də yalan vədlərlə hər dəfə qaytaracaq cavabı ilə onu arxayınlaşdırıb vaxtı ötürməyə başlamış və bu günə kimi 5 ildir borcunu qaytarmamışdır. Cavabdeh borcu gecikdirdiyi 5 il ərzində dollar manata görə 2 dəfə artmış, qoyun əti də 2 dəfə bahalaşmışdır. Qoyun bir ildə 2 dəfə bala verir, əgər həmin 29 qoyun onda qalsaydı bu hesabla ötən 5 ildə həmin qoyunların sayı 290 baş olardı. 290 baş qoyunun qiyməti də 250 manatdan hesablayanda 72000 manat təşkil edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətində heç bir dəlil gətirmədən, Cavabdeh təqsiri üzündən 29 baş qoyunun borcunu 6 ildir ki, qaytarmamışdır. Cavabdehin bilərəkdən hazırda da qəsdən ailəsinə qarşı böyük məbləğdə, yəni 87.000 manat ziyan verməsi dözülməz vəziyyətdir. Bir boğaz qoyunun hazırkı bazar qiymətini nəzərə alaraq, 29 boğaz qoyunun borcunu qaytarmamışdır. Cavabdeh gecikdirdiyi 6 (altı) ilin ona verdiyi ziyanı da nəzərə alaraq, obyektiv qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçı tərəfindən iddia müddətinin keçməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Ş.S.Zəkəryayevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı cavabdeh iddiaya etiraz edərək iddiaçıya heç bir borcu olmadığını bildirmiş və mübahisəyə iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilənin surətindən müəyyən olunur ki, İddiaçı 33 baş xırda buynuzlu heyvanı (27 baş boğaz) 3150 manata Cavabdeh nəğd pulla birdəfəlik satır. Sonunucu 33 baş heyvanı 450 manatı nəğd x xxxxxx 2013-cü ildə verib aparır və qalan 2700 manatı xx xxxxxx 2014-cü il tarixə kimi qaytaracağını öhdəsinə götürmüşdür. İşdə olan arayışdan görünür ki, Cavabdeh məxsus xırda buynuzlu heyvanlardan bir hissəsinin axsaması, Abdurza Alxasov və baytar texniki Gülbala tərəfindən kliniki müayinə aparılaraq həqiqətən heyvanlar arasında axsayan heyvanların olduğunu müəyyən etmişlər. Bu işlə əlaqədar hər bir heyvanı fərdi fiksasiya etdirməklə müalicə və profilaktiki tədbirlər aparmışlar. Xəstə heyvanların bir hissəsi dırnaq arası iltihabı və bir hissəsi isə mexaniki travmalar olmaqla lazımi dərman maddələri və digər alət avadanlıqları əldə etməklə müalicə və profilaktik tədbirləri aparmışlar. Bu cür tədbir 2013-cü ilin sonuna yaxın aparılmış və heyvanların sahibi Cavabdeh heyvanları quru şəraitdə saxlamağı məsləhət olunmuşdur. İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin icra müddəti xx.xx.2014-cü il tarixdə bitmiş, cavabdeh isə iddiaçıya xx xxxxxx 2014-cü il tarixədək ümumilkidə 950 manat ödəniş etmiş və sonradan heç bir ödəniş etməmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-384-cü maddələrini tətbiq etməklə, tərəflər arasında bağlanmış müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan, iddiaçının cavabdehdən yaranmış borc məbləğini 2017-ci ilin fevral ayınadək tələb etmək hüququ olmuş, iddiaçı bunu etmədiyindən, qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində heç bir dəlil göstərilməməsini nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2019-cu il tarixli 2(067)-474/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar