Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2279/2022 23.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(034)-254/2022 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 3498.31 manat məbləğində əsas borc, 2838.48 manat məbləğində faiz borcu və 57.99 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6394.78 manat borcun və 84 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 84 ay müddətinə, illik 25.34 faiz olmaqla, 3893.97 manat məbləğində kredit vermişdir. Cavabdeh ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu kredit və ona hesablanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.
3. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır.
4. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 84 ay müddətinə, illik 25.34 faiz olmaqla, 3893.97 manat məbləğində kredit vermişdir.
5. 25 yanvar 2016-cı il tarixli, AHM-2 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh 3893.97 manat məbləğində puldan 118,90 manat xidmət haqqı tutulduqdan sonra 3775,07 manat pulu bankdan götürmüşdür.
6. Maliyyə arayışdan görünür ki, cavabdehin banka 3498,31 manat əsas borc, 2838.48 manat faiz borcu, 57.99 manat cərimə olmaqla, cəmi 6394.78 manat borcu vardır.
7. Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2022-ci il tarixli, 9/5097 nömrəli rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, cari hesabdan çıxarış məlumatları və 25 yanvar 2016-cı il tarixli, RV/59250/55/18 N-li kredit sazişinin şərtlərinə müvafiq olaraq Cavabdeh İddiaçı ASC-yə 06 yanvar 2022-ci il tarixə (iddia tarixinə) 3.491.91 manat əsas borc, 2.827,48 manat faiz borcu olmaqla, cəmi 6.319,38 manat, 29 iyul 2022-ci il tarixə (ekspertizanın keçirildiyi vaxta) 3.491,91 manat əsas borc, 3.326,44 manat faiz borcu olmaqla, cəmi 6.818,35 manat təşkil edir.
8. 06 yanvar 2022-ci il tarixli kassa mədaxil qəbzindən görünür ki, hazırki iddia ərizəsinin məhkəmədə baxılması ilə ilə əlaqədar İddiaçı ASC tərəfindən 84 manat dövlət rüsumu ödənilmişdir.
9. Zəngilan Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(034)-254/2022 nömrəli qətnaməsi ilə (Gülsarə İmanova) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası qismən təmin edilib, İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2016-cı il tarixli, RV/59250/55/18 saylı kredit sazişinin ləğv edilməsi, Cavabdeh 3491.91 manat əsas borc, 2827.48 manat faiz borcu, 57.99 manat məbləğində cərimə olmaqla, cəmi 6377.38 manat borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 84 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi və Cavabdeh 50 manat ekspertiza xərcinin tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 423, 425.1, 448.1, 739.1, 739.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(034)-254/2022 nömrəli qətnaməsinin iddiaçı tərəfindən ödənilmiş 84 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi hissəsində ləğv edilərək iddianın tam təmin olunmasını xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin qətnaməsi dövlət rüsumunun tutulması hissəsində mübahisələndirildiyindən qətnamə həmin hissədə araşdırılır. Şikayətin dəlilləri:
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinin məntiqi nəticəsindən də görünür ki, imtiyazları olan şəxslər iddia ərizəsini verdikdə dövlət rüsumundan azad olunurlar. Digər tərəfdən hətta həmin şəxslər cavabdeh kimi də azad olunmuş sayılsalar belə bu azadolma bankın hesabına həyata keçirilə bilməz. Lazım gəldikdə dövlət hesabına kompensasiya məsələsinə baxıla, yəni məcburi köçkünün yerinə dövlət iddiaçının rüsumunu ödəyə bilər. MPM-nin 123 və 124-cü maddələrində müəyyən hallarda rüsumun dövlət büdcəsindən və dövlət büdcəsinə ödənilməsi üsuluna müraciət olunmuşdur. Hazırkı işdə də rüsum məsələsi bu cür həll oluna bilər. Azərbaycan Respublikası MPM-nin 108.2-ci maddəsi ilə müəyyən olunmuşdur ki, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinə əsasən hakimlər işlərə ədalətlə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.
17. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu
19. Maddə 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir.
20. Maddə 9.1.20. Məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllə
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
25. Maddələr 108.1. və 108.1.1 Mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir.
26. Maddələr 112.1. və 112.1.1. İddianın qiyməti pul vəsaitinin alınması haqqındakı iddialarda - alınan məbləğlə müəyyən edilir.
27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
31. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia qismən təmin edilməlidir.
34. Məhkəmə araşdırması zamanı müəyyən olur ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit sazişinə əsasən bank borcluya 84 ay müddətinə, illik 25,34 faiz olmaqla, 3893,97 manat məbləğində kredit vermişdir. Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmişdir. Məhkəmə qətnaməsində ödənilmiş dövlət rüsumunun iddiaçı aid edilməsi hissəsindən narazı qalan bank apellyasiya şikayəti vermişdir.
35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
36. Göründüyü kimi qanunda dövlət rüsumunun ödənilməsindən azad edilən imtiyazlı şəxslərin dairəsi və rüsumdan azadolma halları birbaşa qeyd olunmuşdur. Qanunda qeyd olunur ki, məcburi köçkünlər məhkəmələrdə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar.
37. Eləcə də, məhkəmə xərclərinin bölüşdürülməsini tənzimləyən MPM-in 119.1- 119.2-ci maddələrinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
39. Başqa sözlə, qanunverici heç bir halda cavabdehi məhkəmə xərcindən azad etməmişdir. Hazırkı halda isə iddiaçı bankdır və onun iddiası təmin edildiyindən, məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşmır və hazırkı iş üzrə cavabdehin məcburi köçkün statusuna malik olduğu üçün dövlət rüsumunu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi hissəsində qətnaməni əsassız hesab edir.
41. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayəti üzrə dəlillərini dövlət rüsumunun tutulması hissəsində sübut edə bilmişdir.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərinə tam əməl etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən, məhkəmə xərcləri hissəsində ləğv edilməsi üçün əsasdır.
43. Ona görə də apellyasiya şikayəti qismən təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – «İddiaçı tərəfindən ödənilmiş 84 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin» hissəsində ləğv edilərək iddiaçı tərəfindən ödənilmiş 84 manat dövlət rüsumunun 0,27 manat hissəsi İddiaçı ASC-yə aid edilməli və 83.77 manat hissəsi isə Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Qətnamə qalan hissədə mübahisələndirilməmişdir.
44. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün 42 manat dövlət rüsumu ödənilmişdir.
45. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir.
46. Hazırda qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 84 manat təşkil edir.
47. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(034)-254/2022 nömrəli qətnaməsi qismən – «İddiaçı tərəfindən ödənilmiş 84 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin» hissəsində ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı tərəfindən ödənilmiş 84 manat dövlət rüsumunun 0,27 manat hissəsi İddiaçı ASC-yə aid edilsin və 83.77 manat hissəsi Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 42 manat pul Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamə - «İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında xx.xx.2016-cı il tarixli, RV/59250/55/18 saylı kredit sazişi ləğv edilsin, Cavabdeh Mamed qızından 3491.91 manat əsas borc, 2827.48 manat faiz borcu, 57.99 manat cərimə borcu olmaqla, cəmi 6377.38 manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun, Cavabdeh 50 manat ekspertiza xərci tutularaq dövlət nəfinə ödənilsin» hissəsində mübahisələndirilməmişdir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.