Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-228/2025 19.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 2(060)-4303/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu C.Q.Rüstəmov tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28,1 kv.metr olan mənzil Cavabdeh tərəfindən İddiaçı 49500 manat məbləğinə satılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh Sumqayıt şəhəri, 8-ci mikrorayon, bina 16/3-də yerləşən 39 saylı mənzili almışdır. İddiaçı mənzili alarkən cavabdeh mənzilin normal təmirli olduğunu və yaşamaq üçün münasib olduğunu bildirmişdir. Mənzilə baxanda ilk baxışdan yaşamaya münasib olması görünürdü. Bu səbəbdən mənzili almaq qərarına gəlmişdir. Alqı-satqıdan sonra isə mənzilə köçərkən təmirin çox yararsız vəziyyətdə olması aydın olmuşdur. Belə ki, döşəmə və tavan kosmetik rənglənmişdir, döşəmənin taxtaları çürümüşdür, elektrik xətləri və keçiriciləri yanmış, nəticədə istifadə üçün yararsız və təhlükəli vəziyyətdə olmuşdur. Sanitar qovşağın xətləri köhnəlmiş və sıradan çıxmışdır. Cavabdeh mənzili kosmetik rəngləmiş və iddiaçının təcrübəsizliyindən istifadə edib yaşamaq üçün yararsız vəziyyətdə olan mənzili münasib şəraitli mənzil kimi iddiaçıya satmışdır. Hazırda mənzilin normal yaşayış vəziyyətinə gətirilməsi üçün 5000 manat pul tələb olunur. İddiaçıda isə pul yoxdur. Cavabdeh iddiaçını aldatdığı və 5000 manat məbləğində ziyan vurduğu üçün həmin məbləğ cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçıya vurduğu zərərə görə 5000 manat və dövlət rüsumu olaraq ödənilmiş 71 manat, cəmi 5071 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, bildirmişdir ki, mənzili alması üçün iddiaçını məcbur etməmişlər. İddiaçı mənzili alan zaman binanın 60 illik olduğunu bilirdi. İddiaçıya əla təmirli mənzil satılsa idi, bu halda iddiaçının bunları tələb etmək hüququ var idi. Mənzili orta təmirli olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4303/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi rədd edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, Mülki Prosessual Məcəllənin 14, 76, 77, 119.1, 217, 227-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a. Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Cavabdeh Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 16/3-də yerləşən 39 saylı mənzili almışdır. Mənzili alarkən cavabdeh mənzilin normal təmir olunduğunu və yaşamaq üçün münasib olduğunu ona bildirmişdir. Mənzilə baxarkən ilk baxışdan yaşamağa münasib olması görünürdü, bu səbəbdən də mənzili almaq qərarına gəlmişdir. Alğı-satqı müqaviləsindən sonra isə mənzilə köçərkən təmirin çox yararsız vəziyyətdə, yəni görünüş üçün təmir edildiyini aşkar etmişdir. Belə ki, döşəmə və tavan kosmetik rənglənmişdir, döşəmənin taxtaları çürümüşdür. Elektrik xətləri və keçiriciləri yanmış, nəticədə istifadə üçün yararsız hala düşmüşdür təhlükəli vəziyyətdə olmuşdur. Sanitar qovşağın xətləri köhnəlmiş və sıradan çıxmışdır. Cavabdeh mənzili kosmetik rəngləmiş və onun təcrübəsizliyindən istifadə edib yaşamaq üçün yararsız vəziyyətdə ona təhvil vermişdir. Mənzilin normal hala gətirilməsinə 5000 manat pul tələb edilir. Cavabdehin günahı üzündən ona 5000 manat maddi ziyan dəymişdir. Qeyd edilən çatışmazlığı məhkəmənin nəzərinə çatdırmış və bu barədə sübut kimi 2 ədəd diski və fotoşəkilləri də iddia ərizəsinə əlavə etmişdir. Məhkəmədə həmin disklərdən birinə qismən baxılmışdır. O, isə tələb etmişdir ki, diskdə görüntülərin hamısı nümayiş etdirilsin. Hakim ona bildirmişdir ki, qətnamə qəbul edərkən öz otağında baxacaqdır, lakin hakim hansısa maraq xatirinə təqdim olunan disklərə və fotoşəkillərə baxmamış və hesab etmişdir ki, iddiaçı öz tələb və etirazını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmənin gəldiyi bu nəticəni əsassız hesab edir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, tətbiq edilməli olan qanunun normasını tətbiq etməmiş, qanunu səhv tətbiq etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
15. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Maddə 586. Əşyanın keyfiyyətinin yoxlanması (...) 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır.
17. Maddə 588. Satıcının cavabdeh olduğu qüsurlar 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.
18. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
20. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
21. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
24. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. İşin mübahisəsiz hallarına görə İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28,1 kv.metr olan mənzili xx.xx.2024-cü il tarixli, AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsi bağlamaqla Cavabdeh almışdır və mənzilin alğı-satqısı ilə bağlı İddiaçı tərəfindən 49.000 manat cavandehə ödənilmişdir. Lakin iddiaçı müqavilənin ləğvini tələb etmir.
28. Məhkəmə iclasında verdiyi izahatda İddiaçı mənzili cavabdehdən aldıqdan sonra mənzildə təmir işlərini həyata keçirməsini, yəni mənzilin döşəməsini, elektrik naqillərini və keçiricilərini, hamam otağında yerləşən boruları çürüyüb yararsız olması səbəbindən təmir edərək dəyişdirməsini və ümumilikdə bu işlərə 5000 manat sərf etməsini və həmin məbləğdə pulu cavabdehdən tələb etdiyini bildirmişdir.
29. Məhkəmə iclasında verdiyi izahatda cavabdeh tərəf sözügedən mənzil ilə bağlı aralarında alğı-satqı həyata keçirilməmişdən əvvəl İddiaçı gələrək mənzilə baxmasını, orada olan şərait və təmirin vəziyyəti ilə tanış olmasını və bundan sonra bəyənib almasını, ümumiyyətlə mənzilin döşəməsinin çürük olmamasını, divarın içərisində yerləşən elektrik naqillərinin isə yararsız olmasının bilinməsinin qeyri-mümkün olduğunu, həmçinin mənzilin məhz təmirli olmaması səbəbindən daha aşağı qiymətə satdıqlarını demişdir.
30. Apellyasiya şikayətinin dəlilləri və iddiaçı tərəfin vəsatətinə əsasən mənzildə həyata keçirilmiş təmir işləri ilə bağlı qiymətləndirmə məsələsinin aydınlaşdırlması ilə əlaqədar olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(105)- 228/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Sumqayıt şəhəri, 8-ci mikrorayon, bina 16/3-də yerləşən 39 saylı mənzilinin taxta döşəməsində İddiaçı tərəfindən sonradan görülmüş təmir işlərinin dəyəri neçə manat təşkil edir? 2. Həmin mənzildə iddiaçının dəyişdirdiyi elektrik naqillərinin və onun çəkilməsi xərclərinin dəyəri neçə manat təşkil edir?
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubu ilə ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Məlumatda göstərilmişdir ki, qərardadda qoyulmuş sualların müəyyən edilməsi tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.
32. Bundan sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(105)- 228/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
33. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli məktubu ilə ekspertizanın keçirilməsi ilə bağlı xidmət haqqının ödənilməsi tələb olunmuş və tərəflərə ödəniş ilə bağlı xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli bildirişlər göndərilməklə Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələbləri izah edilsə də, ödəniş icrasız qalmış, bundan sonra mülki iş üzrə icraat təzələnərək məhkəmə araşdırması davam etdirilmişdir.
34. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
35. Görünüyü kimi, məhkəmə tərəfindən apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq ekspertiza təyin edilmiş və İddiaçı ekspertizanın təyin edilməsindən məlumatlı olmuş, lakin ekspert rəyinin verilməsi üçün müvafiq ekspertiza bürosuna xidmət haqqı üçün ödəniş etməli olduğunu bildiyi halda bunu etməmişdir və nəticədə məhkəməəmtəəşünaslıq ekspertizanın keçirilməsi mümkün olmamışdır.
36. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərdən və video görüntüdən sözügedən mənzildə təmir işlərinin həyata keçirilməsi müəyyən olunsa da, həmin işlərin məhz mənzilin döşəməsində olan çürümə, divarların daxilində olan elektrik naqillərinin yararsız olması və ya hamam otağında su borusunda olan sızma səbəbindən həyata keçirilməsi, cavabdehin bu nasazlıqları iddiaçıdan gizlədərək alğı-satqi zamanı onu aldatması mötəbər sübutlarla təsdiq olunmur. Həmçinin tərəflərin verdiyi izahatlara əsasən müəyyən olundu ki, iddiaçı sözügedən mənzil ilə bağlı alğı-satqı müqaviləsi bağlamamışdan əvvəl şəxsən mənzilə baxış keçirmiş, mənzilin şəraiti və hansı vəziyyətdə təmirli olması halı ilə tanış olmuş və bundan sonra cavabdeh ilə alğı-satqı müqaviləsi bağlamışdır.
37. Kollegiya qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
40. Beləliklə, iddiaçıya cavabdeh tərəfindən ziyan vurulmasına dair apellyasiya şikayətinin dəlillərində göstərilən hallar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-4303/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.