Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2287/2022 14.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil1, Cavabdehin nümayəndəsi: X7, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh X3rşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddianın qismən təmin edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-13522/2017 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 160 manat olmaqla, hər ay cəmi 320 (üç yüz iyirmi) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-13522/2017 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 saxlanması üçün tutulan 260 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək onların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa ayrılıqda 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması və ilkin mediasiya üçün ödənilmiş 50 manat rüsumun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Rəsmi nikahdan xx.xx.2008-ci ildə Darya adlı qızları doğulmuşdur. Nikahları Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(060)-3271 saylı qətnaməsi ilə pozulmuşdur. Nikahları pozulduqdan sonra onlar yenidən barışmış, faktiki nikahlarından xx.xx.2014-cü il tarixdə Ariana adlı qızları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-13522/2017 saylı qətnaməsinə əsasən cavabdeh iki uşağın saxlanması üçün hər uşağa 130 manat olmaqla, ayda cəmi 260 manat sabit pul məbləğində aliment ödəyir. Cavabdeh işləyir, gəliri yüksəkdir. Darya bu ildən 9-cu sinfə keçir. O, repititor yanına getməlidir. Ona görə də uşaqların xərcləri, tələbatları artmışdır. Ayda uşaqlara aliment kimi verdiyi 260 manat pulla hazırkı gündə uşaqları saxlamaqda çətinlik çəkir. Həmin məbləğ uşaqların tələbatını ödəmir. Cavabdehin isə daha artıq aliment ödəməyə imkanı vardır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh «İTV» kanalda efir rejissoru vəzifəsində işləyir. Onun vəzifə maaşından əlavə gəlirləri də vardır. Maaşı ilə birlikdə ayda 1000 manat, bəzən 1200 manat gəliri vardır. Qətnamədə əvvəlki qətnamədən 5 il vaxt ötdüyünü, Respublikada yaşayış minimunun artdığı göstərilsə də, iddianı tam təmin etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(060)-4931/2022 nömrəli qətnaməsinin dəyişdirilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsini tələblərini pozmuşdur. Onun imkanı yüksək deyildir. Məhkəmə tərəfindən araşdırma aparılmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4931/2022 nömrəli qətnaməsini ləğv edib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 və nümayəndəsi R.F.Ponomaryov apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər, təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin bir ata kimi uşaqların saxlanılması vəzifəsinin olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İddia ərizəsindən və mülki işin materillarından görünür ki, tərəflər rəsmi qaydada ailə qurmuşlar, onların bu nikahdan 18 may 2008-ci il təvəllüdlü Darya və 15 noyabr 2014-cü ildə Ariana adlı uşaqları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-13522/2017 saylı qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3271/2011 saylı iş üzrə qəbul etdiyi xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat olmaqla, cəmi 260 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbayan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin xx.xx.2022-ci il tarixli arayışına əsaən cavabdeh xx.xx.2006-cı il tarixində İctimai Televiziya və Radio Yayımları Şirkətinə işə qəbul edilib. Hal-hazırda, o, montaj şöbəsinin montaj rejissoru vəzifəsində işləyir. Onun aylıq əmək haqqı 640 manat (vergidən əvvəl) təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. Məhkəmə iddiaçının qazancını, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-13522/2017 saylı qətnaməsinin qəbulundan 5 il müddət keçdiyi və ötən bu müddət ərzində insanların maddi tələbatlarında və yaşayış minimumunda dəyişikliklər baş verdiyi üçün həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-13522/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min matadan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 30 avqust 2022-ci il tarixli 2(060)- 4931/2022 nömrəli qətnaməsi aliment hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2287/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2287/2022
14.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver