Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2288/2020 18.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1069/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1069/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 159,19 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 124,08 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 21,24 ABŞ dolları borc və gecikməyə görə 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 354,51 ABŞ dolları borcun (manat məzənnəsilə) və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. (hakim A.Behbudova) Qətnamədən narazı qalan Cavabdeh1apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1069/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: LPO İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak krediti müqaviləsinə əsasən iddiaçı LPO İddiaçı ASC-nin “Sumqayıt” filialı tərəfindən Cavabdeh1 18 ay müddətinə, illik 36% ödəmək şərti ilə 583 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən o, krediti qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməkdən yayınaraq müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 banka olan əsas borcu 159,19 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci tarixinə faiz borcu 124,08 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 21,24 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 260,64 ABŞ dolları, cəmi 565,15 ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnsamə əsassızdır. O, heç bir vaxt bankda olmamış, kredit müqaviləsinə imza atmamışdır. 2015-ci ildə Sumqayıt şəhərində yerləşən “Technom” mağazasında kreditə 1 ədəd “Atlant” soyuducusunu götürmüş və borcunu vaxtında bağlamışdır. Lakin 2020-ci ildə məhkəmədən ona bildiriş gəlmiş və iş materialları ilə tanış olarkən məlum olmuşdur ki, guya o, kredit müqaviləsi bağlamışdır. Ona zamin duran şəxsi belə tanımır. Bütün bunlar ya mağazanın, ya da bankın qanunsuz əməlləridir. O, heç bir yerdə işləmir və gəlir yeri yoxdur. Müqavilədəki imzanın ekspertizaya göndərilməsi barədə məhkəmədə bildirsə də, onun iclaslardakı iştirakı qeyd olunmamışdır. Sonradan məlumat almışdır ki, ona zamin duran Cavabdeh2 mağazada satıcı olmuş, çoxsaylı insanların adından bu cür əməllər törətdiyinə görə onun barəsində cinayət işi açılmış və işə xitam verilmişdir. Onun qardaşı Fuad və Hüseynov Cavid barəsində AR CM-nin 308.1-ci və 313-cü maddələrilə cinayət işi açılmış və Sumqayıt Şəhər Məhkəməsində xx.xx.2019-cu il tarxili hökm çıxarılmışdır. Həmin işin hazırkı mülki işlə əlaqəsi vardır və buna görə də qətnamədən apelyasiya şikayəti vermişdir. Göstərilənlərə əsasən qətnamə ləğv olunmalı, iddianın rədd edilməsinə dair qətnamə şıxarılmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək onun təmin ediməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1069/2020 saylı qətnaməsinin ləğv edilməsini, ona qarşı qaldırılmış iddianın isə təmin edilməməsini xahiş etdi. Cavabdeh izahatında bildirdi ki, şikayətində qeyd etdiyi cinayət işləri üzrə zərərçəkmiş şəxs kimi tanınmamışdır. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, LPO İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh2 heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan KM 01 saylı, xx xxxx 2015-ci il tarixli istehlak kredit müqaviləsindən görünür ki, LPO İddiaçı ASC-nin Sumqayıt filialı tərəfindən Cavabdeh1 18 ay müddətinə, illik 36% ödəmək şərti ilə, soyuducu alınması üçün 583 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalan müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Yenə iş materiallarında olan xx xxxx 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, əsas borclu Cavabdeh1 xx xxxx 2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər Cavabdeh2 zaminliyi ilə təmin edilmiş və zamin əsas borclunun Bank qarşısında öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Yenə də iş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay banka 42,39 ABŞ dolları, sonuncu ay 42,36 ABŞ dolları, ümumilikdə 762,99 ABŞ dolları ödəməklə qaytarmalıdır. İşdə olan xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixə LPO İddiaçı ASC-nə 159,19 ABŞ dolları əsas borcu, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci tarixinə 124,08 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 21,24 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 260,64 ABŞ dolları cərimə borcu, cəmi 565,15 ABŞ dolları borcu vardır. Yenə işdə olan xx xxxxxx 2019-cu il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcunu qısa zamanda banka ödəməsi və əks təqdirdə bank tərəfindən mülki qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcunu qısa zamanda banka ödənilməsi və əks təqdirdə bank tərəfindən mülki qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Yenə iş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-1594/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərardadının surətindən görünür ki, lisenziyaları ləğv olunmuş və müflis elan edilmiş İddiaçı ASC-yə ləğvedici qismində X1 təyin edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1069/2020 saylı qətnaməsi cərimə borcu hissəsində dəyişdirilməli, kredit müqaviləsi üzrə cavabdehlərə tətbiq edilən cərimə 10 ABŞ dollarına endirilməli, qalan hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki,xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak krediti müqaviləsinə əsasən iddiaçı LPO İddiaçı ASC-nin “Sumqayıt” filialı tərəfindən Cavabdeh1 18 ay müddətinə, illik 36% ödəmək şərti ilə 583 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh1 krediti qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməkdən yayınaraq müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. İş materialları ilə müəyyən edilir ki, hazırda Cavabdeh1 banka olan əsas borcu 159,19 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci tarixinə faiz borcu 124,08 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 21,24 ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlərə bu borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar tərəfindən borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə və razılaşmalara əsasən, cavabdeh S.B.Allahverdiyeva həmin kredit müqaviləsi və razılaşmalar üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir. İş materiallarından və işin faktiki hallarından göründüyü kimi borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh S.B.Allahverdiyeva iddiaçı LPO İddiaçı ASC-dən aldığı kredit üzrə əsas borcu, müqavilə ilə müəyyən edilmiş faizləri və dəbbə pulu borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh S.B.Allahverdiyeva müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Həmçinin zamin Cavabdeh2 S.B.Allahverdiyevanın LPO İddiaçı ASC qarşısındakı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi üçün məsuliyyəti öz üzərinə götürsə də, öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşdən göründüyü kimi, Cavabdeh1 iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə əsas borcu, faiz borcu və dəbbə pulu borcu yaranmışdır. Məhkəmə bu borcun tutulması üçün iddiaçının verdiyi maliyyə arayışına istinad etmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən 260,64 ABŞ dolları məbləğində dəbbə pulunun tutulmasını xahiş etmiş və həmin tələb qismən təmin olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, tətbiq edilən cərimə məbləği əsas borca mütənasib olsa da, cavabdehin maddi vəziyyətinə uyğun deyil. Məhkəmə kollegiyası işin bu hallarını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun kreditorun vəziyyətini daha da ağırlaşdırdığını, habelə kreditorun əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə dəbbə borcu 10 ABŞ dollarına endirilməlidir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmiş, cavabdeh iddia tələbinin qismən rədd edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvinə dair məhkəməyə daha mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə dəbbə pulu borcunun tutulması hissəsində qətnamə dəyişdirilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10 ABŞ dolları məbləğində dəbbə pulu tutulmaqla, LPO İddiaçı ASC-yə verilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1, 119.5-ci maddələrinin tələblərinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh1 özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1069/2020 saylı qətnaməsi xx.xx.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsi üzrə dəbbə pulu tutulması hissəsində dəyişdirlsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10 ABŞ dolları məbləğində dəbbə pulu tutularaq LPO İddiaçı ASC-yə verilsin. Qətnamə Cavabdeh1 və Cavabdeh2 159,19 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 124,08 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 21,24 ABŞ dolları borcun (manat məzənnəsilə) və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2288/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2288/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver